Qəbiristanlığın müdiri: "Tahir Əkbərin məzarının zibilliyə görə, dəyişdirilməsi doğru deyil"

Atif İsmayılov: "Bəstəkar Tahir Əkbərin dəfni ilə bağlı həyat yoldaşı məzarın yerinin dəyişdirilməsinə qərar veribsə, kimsəyə nəsə söyləmək düşməz"




Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər dəfn edildiyi yerdən çıxarılaraq atasının məzarında - anasının məzarı yanında dəfn edildi. Bu, əvvəldən nəzərdə tutulmamışdı. Bəstəkarın vəfat xəbəri martın 2-si yayıldı. Bildirildi ki, Tahir Əkbər uzun sürən xəstəlikdən sonra vəfat edib. Bəstəkar «Qurd qapısı» qəbiristanlığında dəfn ediləcək. Yas mərasimi isə «Təzə Pir» məscidində olacaq. Dəfndən sonra isə narazılıqlar üzə çıxdı. Məlum oldu ki, ailəsi bəstəkarın dəfn edildiyi yerdən narazı qalıb. Həmin yeri bəstəkara layiq görməyiblər. Mərhumun nəşi qəbirdən çıxarılaraq ata-anasının dəfn olunduğu qəbiristanlığa gətirilib, atasının qəbri açılaraq orada dəfn edilib. Atanın məzarı isə ananın məzarı ilə yanaşıdır. Hətta bəstəkarın ailəsi Mədəniyyət və Turizm Nazirliyi adından qəbrüstə qoyulmuş əklildən də imtina edib.

Tahir Əkbərin məzarının yerinin dəyişdirilməsi haqqında əməkdar artist Aybəniz Haşımova instaqram hesabında foto paylaşaraq məlumat verib. Xanım müğənni bu addımı bəstəkarın həyat yoldaşının atdığını deyib. Fotodan da görünür ki, Tahir Əkbərin məzarı anası Səmayə Əkbərovanın məzarı ilə yanaşıdır.

Bəstəkarın ailəsi niyə məzar yerindən narazı qalıb? Deyilənə görə, bəstəkar üçün ayrılmış məzar yeri uyğunsuz imiş. Hətta məzar yerinin yaxınlığının zibillik olduğu da deyilir. Dünənsə Mədəniyyət və Turizm Nazirliyi məsələ ilə bağlı açıqlama verib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov APA-ya bildirib ki, nazirlik dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri həyata keçirib: 

"Təzə Pir" məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün yerin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik".

Dinimizdə məzar yerinin dəyişdirilməsinin hökmü nədir? «Mərhumun doğmalarının, ailəsinin məzar üçün ayrılmış yeri bəyənməməsi onun dəyişdirilməsinə əsas ola bilərmi?

Məsələ ilə bağlı «Şərq»ə danışan ilahiyyatçı Hacı Atif İsmayılov qeyd etdi ki, şəriətdə qəbrin açılmasına, qəbrin yerinin dəyişdirilməsinə bir neçə halda icazə verilir:

- Mərhumun yaxınları dəfn yerini münasib saymırsa, meyit üçün o məzar yerində təhlükə yaranırsa, məzar yerinin dağıla bilməsi baxımından, məzar yeri ilə bağlı mərhumun sonradan vəsiyyəti üzə çıxırsa, belə hallarda şəriət qəbrin açılıb nəşin çıxarılmasına və başqa bir yerdə dəfn olunmasına icazə verir. Şəriətdə vəli anlayışı var. Təəssüf ki, hazırda bizim cəmiyyətdə vəlilik anlayışına bələd olanlar azdır, çoxu buna heç fikir də vermir. Mərhumun vəlisi olur. Yəni, onun adından danışmaq ixtiyarı, qərar vermək ixtiyarı olan şəxs. Adətən, həyat yoldaşları biri-birinin vəlisi hesab edilir. Övladlar valideynlərə vəli ola bilər. Yaxud da insan sağ ikən özünə vəli təyin edə bilər. Bu halda şəxs dünyadan köçdükdə dəfn, yas məsələləri ilə bağlı vəli qərar verir. İnsan sağ ikən vəsiyyət edibsə, doğmaları, yaxınları vəsiyyəti yerinə yetirməyə borcludurlar. Bəstəkar Tahir Əkbərin dəfni ilə bağlı həyat yoldaşı məzarın yerinin dəyişdirilməsinə qərar veribsə, kimsəyə nəsə söyləmək düşməz. Qərar ailənindir.

Bəs məzar yeri dəyişdirilərkən qəbir və cənazə ilə bağlı şəriət hökmlərinin icrası təkrarlanmalıdırmı?

H.A.İsmayılov qeyd etdi ki, meyit namazı, cənazə namazının qılınması bir dəfə vacibdir. Mərhum üçün meyit namazı da, cənazə namazı da qılınıb. Hətta vəhşət namazının hökmü də meyitin qəbrə qoyulduğu ilk gecəyə aiddir. Əgər cənazə qəbirdən çıxarılıb başqa bir məzara qoyulursa, bu namazların qılınması artıq vacib deyil. Qılınsa da, günah olmaz, savabdır. Müxtəlif dualar var ki, onlar oxunsa yaxşıdır.
Mərhum bəstəkar Tahir Əkbər üçün «Qurd qapısı» qəbiristanlığında ayrılmış məzar yeri zibilliyə yaxın olduğu üçün ailəsinin imtina etdiyinə aydınlıq gətirmək məqsədi ilə qəbiristanlığın müdiriyyəti ilə əlaqə saxladıq.

Qəbiristanlığın müdiri Həmid Nəcəfov «Şərq»ə açıqlamasında bəstəkarın ailəsinin narazılığının əsassız olduğunu dedi:

- Orda zibillik nə gəzir?! «Qurd qapısı» ümumi qəbiristanlıqdır. Mərhum üçün də bu ümumi qəbiristanlıqda məzar yeri qazılmışdı. Ailə üzvləri istəmədi, başqa qəbiristanlığa apardılar. Dedilər, atasının məzarında, anasının məzarı yanında dəfn edəcəyik. Zibilliyə görə məzar yerini dəyişiblər söhbəti doğru deyil.
Allah rəhmət eləsin!

Məlahət Rzayeva