Saakaşvili o liderlərdəndir ki, az resurslarla hadisə yarada bilir və müxtəlif qüvvələrin öz ətrafında konsolidasiyasına nail olur
Qərb Ukraynada güclü opponent yaradıb
Saakaşvili Poroşenkonun ikinci dəfə prezident seçilməsinə əngəl olacaq
Saakaşvili o liderlərdəndir ki, az resurslarla hadisə yarada bilir və müxtəlif qüvvələrin öz ətrafında konsolidasiyasına nail olur
Saakaşvili o liderlərdəndir ki, az resurslarla hadisə yarada bilir və müxtəlif qüvvələrin öz ətrafında konsolidasiyasına nail olur
Ötən gün Ukraynada məhkəmə qarşısına çıxarılan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili azadlığa çıxıb. Kiyevin Peçerski rayon məhkəməsi sabiq prezidentin ev dustaqlığına məhkum edilməsi ilə bağlı vəsatəti təmin etməyib. Saakaşvili Ali Rada deputatlarının zaminliyi ilə məhkəmə zalından azadlığa buraxılıb. Maraqlısı budur ki, Saakaşvilinin məhkəməsində çıxış edən ukraynalı prokuror sabiq prezidentin Rusiya tərəfindən öldürüləcəyini iddia edib.
Prokuror bildirib ki, Rusiya xüsusi xidmət orqanları Saakaşvilini öldürməklə Ukraynada destabilizasiya yaratmaq istəyəcək: "Məhkəmə Saakaşvili haqqında ev dustaqlığı qərarı çıxartsaydı, onu ruslardan qorumaq mümkün olardı”. Halbuki bundan iki gün öncə Ukrayna Prezidenti Poroşenko eks-qubernatoru "Rusiyaya işləməkdə” ittiham edib. Saakaşvili isə prokurora cavabında deyib ki, əgər hökumət onun həyatından narahatdırsa, iki mühafizəçi təyin etsin: "Poroşenko məni FTX xəfiyyəsi adlandırdı. Bu, məni dərindən yaraladı. Çünki nənəmi NKVD öldürüb, babamı isə QULAQ-da öldürüblər. Əgər mən FTX-çiyəmsə, o zaman Putin arxamca təyyarə göndərəcək. O, məni bütün ukraynalılara dəyişər. Kiyevdə həbsdə qalan Saakaşvili Vladimir Putinin ən böyük arzusudur. Siz bunu anlamırsınız”.
Ukraynada Saakaşvili ilə bağlı səslənən ziddiyyətli fikirlərə münasibət bildirən politoloq Zaur İbrahimli "Şərq”ə açıqlamasında bəyan edib ki, Saakaşvilinin Ukraynadakı macəralarında paradokslar çoxdur. Ekspertin fikrincə, onun vətəndaşlıqdan məhrum edilməsinə, daha sonra isə Ukrayna sərhədini keçməsinə və bundan sonra baş verənlərə formal hüquq prizmasından yanaşsaq, əsl fiaskonun şahidi olarıq:
"Saakaşvilinin həbsi və azad olunması göstərdi ki, onunla bağlı məsələlər hüquq müstəvisində yox, siyasi müstəvidə həll olunur. Görünən odur ki, Poroşenkonun rəqibləri, yaxud onu növbəti dəfə prezident postunda görmək istəməyən daxildəki və xaricdəki qüvvələr Saakaşvilinin timsalında güclü opponent yaradıblar. Saakaşvili o liderlərdəndir ki, az resurslarla hadisə yarada bilir və müxtəlif qüvvələrin öz ətrafında konsolidasiyasına nail olur. Ola bilsin, Saakaşvili üçün prezident postuna gedən yolda heç zaman yaşıl işıq yanmayacaq. Amma onun prezident Poroşenkonun ikinci dəfə seçilməsinə əngəl ola biləcəyi real görünür. Poroşenko komandası məhz buna görə Saakaşvilini gözdən salmağa çalışır. Bununla bağlı ən yaxşı üsul sabiq qubernatoru Rusiya ilə hər hansı formada əlaqələndirməkdir”. Politoloq bildirib ki, Poroşenko komandasında yaxşı anlayırlar ki, onun ikinci müddətə seçilməsi yolunda ən böyük əngəl Saakaşvilidir: "Saakaşvili seçki prosesinin nəticələrinə çox ciddi təsir göstərmək potensialına malikdir. Eyni zamanda ona münasibətdə yetərincə xarici dəstək də var. Bütün bunlar Saakaşvilini çox təhlükəli opponentə çevirir. Poroşenko və müttəfiqləri seçki prosesinə qədər onu bu və ya digər formada zərərsizləşdirməyə, nüfuzdan salmağa çalışacaqlar. Amma hələ ki, bu istiqamətdə səylər o qədər ciddi nəticə vermir”.
"Mixail Saakaşvilinin insanları ayağa qaldırması, həbsi həm ölkənin daxilində, həm də beynəlxalq aləmdə müəyyən dairələrin reaksiyasına səbəb oldu”.
Bunu isə "Sherg.az”a politoloq Fikrət Sadıqov danışıb. O xatırladıb ki, Ukrayna və Gürcüstanda bir çox hadisələr onun adı ilə sıx bağlıdır:
"Saakaşvilinin hərəkətlərindən hiss olunur ki, hakimiyyətdən narazı olan dairələri ayağa qaldırmaq onun üçün çətin deyil. Çünki bir neçə ildən sonra indiki hakimiyyət artıq bir sıra vədlərinə əməl etməyib, korrupsiya ilə mübarizəsini güclü şəkildə aparmayıb. Digər məsələlərdə də hakimiyyətin zəifliyi görünür. Bundan istifadə edən M. Saakaşvili indiki hakimiyyətə qarşı mütəmadi şəkildə addımlarını atır, ardıcıl olaraq, hakimiyyəti dəyişməyə çalışır. Burada ona imkan verən, şərait yaradan isə indiki hakimiyyətin zəifliyidir. Həmçinin hakimiyyətə qarşı bir sıra Ukrayna dairələrinin etirazı var. Açıq şəkildə hiss olunur ki, Saakaşviliyə kömək edən xarici qüvvələr də var.
Son hadisələrdə Ukrayna prezidenti Pyotr Poroşenkonu qəbul etməyən, onu hakimiyyətdən getməsini istəyən oliqarxların da izi görünür. İndidən proqnoz vermək çətindir, hadisələr qısa müddətdə dəyişir. Hər halda artıq nəticə çıxarmaq lazımdır ki, bütün bunlar hakimiyyətin zəifliyindən yaranır. Görünür Saakaşvilinin arxasındakı qüvvələrə qarşı müqavimət göstərmək çətindir. Saakaşvilinin əsas məqsədi əhalini qaldırmaq idi və buna nail oldu. Ukraynada, Kiyevdə yeni Maydan hadisələrinin baş qaldırması reallıqdır. İndiki hakimiyyətə qarşı duran güclər, siyasi dairələr öz sözünü deyəcək”.
İsmayıl