"Qəzaların 70-80 faizi sürücülərdən asılıdır, amma..." - Nəyə diqqət etməli ?

" ...Avtomobil, yol və mühitin də təsirləri az deyil"
"Yol -nəqliyyat hadisələri yol nəqliyyatının tərkibində ən aktual və nizamlanmayan prosesdir”.
Bunu "Sherg.az”a yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov söyləyib. Onun qənaətincə, müəyyən yollarda hadisələr baş verir və onu qanunauyğunluqla nizamlamaq mümkündür: 
" "Yol nəqliyyat hadisələrinin saym sistemi” deyilən mexanizm var. 4 elementin- sürücü, avtomobil, yol, mühit – bir birinə qarşılıqlı təsiri və onlardan birindən imtina zamanı qəza baş verir. Bəzən imtinalar avtomobilin özündən olur. 20-30 ildən artıq yaşı olan avtomobillər var. Avtomobillərin aktiv-passiv təhlükəsizliyi, hərəkət sürətlərində, dönməsində nasazlıqlar varsa, onun üzərində işləmək lazımdır.
İkinci göstərici yol infrastrukturudur. Elə yollar var ki, işıqlandırılmır, bu və ya digər səbəblərdən qəza vəziyyəti yaranır. Bu zaman baxmaq lazımdır ki, hadisə ocaqları haradadır. Sonra həmin yolları düzəltmək gərəkir.
Mühitin təsirinə gəldikdə isə bu hava şəraiti, müxtəlif səbəblərdən xəbərdarlıq edilməsi və s. –dir. Bunlar təbii hadisələrdir.
Nəhayət, yol nəqliyyat hadisələrində bütün məsuliyyət idarə edən element – sürücülərin üzərinə düşür. Qəzaların 70-80 faizi sürücülərdən asılıdır. Çünki çətin şəraitdə sürücülər məsuliyyətini hiss edir, qəzalar azalır. Amma elə yerlər var ki, sürücülər sürəti artırır, düzgün manevr etmir, diqqətli davranmırlar. Bu cəhətdən onların üzərində maarifləndirmə aparmaq lazımdır. Lakin elə insanlar var ki, onlar məsuliyyətlərini hiss etməsələr, nə qədər maarifləndirmə aparılsa da, təsiri olmur. Son vaxtlar ölüm, yaralanma hallarının çox olması sürücülərin bir qədər məsuliyyətini artırmasına səbəb olur".
Ekspert hesab edir ki, nəqliyyatın idarəetmə prosesi avtomatlaşdırılmış olarsa, sistem şəklində bunu nizamlamaq mümkündür:
"İndi hamı çalışır ki, qəzalar azaldılsın. Bu, bir nəfər tərəfindən idarə olunan mexanizm deyil. İnsanlar həmin hadisələri görür, sadəcə məsuliyyətlərini hiss edib, təbii formada diqqətli addım atmalıdırlar. İndiyə qədər bu məsələnin nizamlanması üçün çox reseptlər verilib.
Xarici ölkələrdə yol nəqliyyat hadisələri ona görə az olur ki, sürücülər etik mədəniyyətə malikdirlər. Məsuliyyətlərini hiss edib, yol nəqliyyat hadisələrinə diqqət edirlər. Onlarda nəqliyyatda bir-birinə yol vermək mədəniyyəti formalaşıb. Bizdə də yol nəqliyyat mədəniyyətinə, etik davranış qaydalarına fikir vermək lazımdır ki, özləri bəlaya düşməsin. Buna fikir verməsək, qəzalardan ilk növbədə özümüz əziyyət çəkərik”.
Qeyd edək ki, ötən gün sutka ərzində Azərbaycanda baş vermiş yol qəzaları 10 nəfərin həyatına son qoyub. 5 dekabrda, gün ərzində ümumilikdə 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa, daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Aysel Aslan