Qəzet kağızının gömrük rüsumundan azad edilməsi böyük hadisədir

Jurnalistlər indi də ƏDV-nin aradan qaldırılması xəbərini gözləyirlər





(Əvvəli ötən sayımızda)

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad edilib. Məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb. Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,50 faiz gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal gömrük rüsumu tətbiq olunmayacaq. Yarımsellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0,50 faizlik idxal gömrük rüsumundan azad olunub.

Rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton, deşilməmiş kartlar və deşilməmiş kağız lentlər, əllə tökülmüş kağız və karton üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.
Qeyd edək ki, Azərbaycana qəzet kağızı xaricdən gətirilir. Həm bunun digər ölkələrdən gətirilməsi, həm də idxal olunan zaman tətbiq olunan gömrük rüsumları, istər-istəməz, qəzet kağızının maya dəyərinin bahalaşmasına səbəb olurdu. Bu da, öz növbəsində, çap mediasının xərclərinin artmasına öz təsirini göstərir.
Bəs, media nümayəndələri bu qərarı necə dəyərləndirir? Görəsən, qəzet kağızının gömrük rüsumundan azad edilməsi çap mediasının durumunu qismən də olsa yaxşılaşdıra bilərmi?
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sözügedən qərara görə, ölkə başçısı İlham Əliyevə dərin təşəkkürünü ifadə edib: "Bu, çox böyük xidmətdir. Yaranmış iqtisadi çətinliklər çap mətbuatının da müəyyən problemlərlə qarşılaşmasına səbəb olmuşdu. Xüsusilə, kağız məmulatlarının əldə olunmasında xərclər və çətinliklər yaranmışdı. Hesab edirəm ki, ölkə başçısının imzaladığı sərəncam, qəzet kağızının rüsumdan azad olunması birmənalı şəkildə məsələni yüngülləşdirəcək. Bu, çap mətbuatına böyük diqqət və maliyyə dəstəyidir. Bu dövlət siyasəti ölkə başçısının mətbuat işçilərinə göstərdiyi qayğının bir hissəsidir. Bizim üçün böyük dəstəkdir. Qəzetlərin bundan sonra çap məmulatlarını əldə etməsi asanlaşacaq. Alqışlayıram”.

"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy isə hesab edir ki, mediaya dəstək tədbirləri çərçivəsində hökumətin atdığı istənilən addım təbii olaraq mətbuat nümayəndələri tərəfindən yalnız təqdir olunur: 

"Bu mənada qəzet kağızının gələn ilin yanvarından etibarən gömrük rüsumundan azad edilməsini müsbət qarşılayırıq. Ancaq yazılı media nümayəndələrinin daha çox gözləntiləri bu ilin yanvarından qəzet kağızına tətbiq edilən Əlavə Dəyər Vergisinin (ƏDV) aradan qaldırılması ilə bağlıdır. Qeyd edək ki, burada söhbət kifayət qədər ciddi məbləğdən gedir. Azərbaycan dövlətinin kifayət qədər maliyyə ehtiyatları var. Bu mənada dövlətimiz qəzet kağızına tətbiq etdiyi ƏDV-ni ləğv etsə belə, ciddi itki ilə qarşılaşmayacaq. Ancaq bu vəsait onsuz da tiraj və dövriyyə sarıdan problemlərlə üz-üzə qalan yazılı media üçün çox ciddi məbləğdir. Üstəlik, ölkə rəhbərinin mediaya davamlı dəstəyinin fonunda hökumətin ƏDV ilə bağlı istəkləri reallaşdırması məntiqli, həmçinin dövlət başçısının kursunun davamı sayıla bilər”.

E.Paşasoy Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun parlamentin plenar iclaslarında bir neçə dəfə bu barədə yazılı media orqanları rəhbərlərinin xahişini çatdırdığını xatırladıb və hələlik bu məsələnin həllini tapmadığını təəssüflə qeyd edib: 

"Şura sədrinin dediyi kimi, devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Söhbət kifayət qədər ciddi məbləğdən gedir. Ümid edək ki, yanvarın ilk günlərində ƏDV ilə bağlı problemin də həllini tapmasına şahidlik edəcəyik. Qəzet kağızının qiymətindəki cüzi dəyişiklik belə, onsuz da geniş imkanlara malik olmayan jurnalistlərin həyatına təsir göstərir. Ölkə Prezidenti jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasından tutmuş digər məsələlərə qədər çox mühüm addımlar atırsa, hökumətimiz də öz tərəfindən Prezidentin dediyi kimi, onun köməkçiləri olan media mənsublarını narahat edən amillərin aradan qaldırılması istiqamətində dəstəyini əsirgəməməlidir”.

Jurnalist-sosioloq Lalə Mehralı da hesab edir ki, qəzet kağızının gömrük rüsumundan tam azad edilməsi qiymətlərə təsir göstərəcəyi təqdirdə, məncə, müsbət yöndə irəliləyiş mümkündür: 

"Xatırlayın, bir ara pulsuz paylanan qəzet vardı, hər gün metro çıxışlarında, izdihamlı yerlərdə əl-əl paylanırdı, kimi görürdün əlində qəzet oxuyur, baxır, maraqlanır. Hətta qəzet oxumağa marağı olmayanlar belə qəzetlə maraqlanırdı. Doğrudur, qəzet bizdə elə də bahalı deyil, amma insanlar hər gün 1 çörəyin pulunu qəzetə vermək istəmir. Qəzetçilər əsasən ƏDV-nin nəşriyyatların fəaliyyətinə mənfi təsirindən və bunun da tiraja təsir göstərdiyindən şikayətlənirdi, kağızın rüsumdan azad edilməsi bu problemi həll edəcək deyə düşünürəm. Bildiyimə görə, ƏDV-nin ləğvi ilə bağlı bir müddət əvvəl baş redaktorlar Prezidentə müraciət də ünvanlamışdı. Sevindirici haldır ki, ölkə Prezidenti mətbu orqanların fəaliyyətini genişlətmək üçün lazımi tədbirlər görür, qəzetçiliyin bu informasiya texnologiyaları əsrində itib-batmasına imkan vermir. Düşünürəm ki, biz bu qayğını silsilə halında müşahidə edəcəyik”.

"Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanovun isə fikirləri həmkarlarının fikirlərinə tam zidd oldu:

"Biləsiniz ki, bu, bizim uğrunda mübarizə apardığımız işin nəticəsi deyil. Biz çalışırdıq ki, ƏDV aradan qaldırılsın. Verilən qərarla isə yalnız rüsum ləğv olunub. Bu da maya dəyərinin üzərinə gələn 18 faiz ƏDV-nin 0,5 faizidir. Bu isə çox kiçik bir məbləğdir və çap xərclərinə heç bir təsir göstərə bilməz. Biz də xəbəri eşidəndə düşündük ki, bu, ƏDV-nin ləğvidir. Lakin sonra gördük ki, sadəcə idxal rüsumundan azad olunmadır. Bu da 1 tonda 54 sent fərq deməkdir ki, onun da qiymətlərə heç bir müsbət təsiri ola bilməz. 2000-ci ildə qəzet kağızı ƏDV-dən azad olunan mallar siyahısında idi. Lakin 2016-cı il yanvarın 1-dən yenidən qəzet kağızlarına ƏDV tətbiq edildi. Təbii ki, biz bundan sonra da çalışacağıq ki, istəyimizə nail olaq. Parlamentdə də bununla bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışlar edib. Dediyim kimi, ümid edirəm yaxın vaxtda ƏDV-nin də ləğvinə nail olacağıq”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev qərarın çap xərclərinə təsir edəcəyini düşünür: "2015-ci ildə qəbul olunan ƏDV ilə nəşriyyatların maddi vəziyyəti xeyli çətinləşmişdi. Nəzərə alsaq ki, ƏDV-nin ardından da 2 dəfə devalvasiya olub. Yəqin ki, fəaliyyətimizin nə dərəcədə gerilədiyini təsəvvür etmək çətin deyil. Amma verilən bu qərarla müsbət dəyişikliklərin olacağı gözlənilir. Çap xərcləri yəqin ki, hiss olunacaq dərəcədə aşağı düşəcək”.

"Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı da deyib ki, qəzet kağızının gömrük rüsumundan tam azad edilməsi müsbət hadisədir: 

"Biz çox narahat idik ki, gələn ildən yenə kağızın qiyməti qalxacaq, işlər daha da çətin olacaq. Lakin dövlət tərəfindən atılan bu humanist addım narahatlığa son qoydu. Ümid edirəm, gələcəkdə çap mediası da vəziyyətdən çıxmaq üçün daha yaxşı layihələr ortaya qoyacaq. Getdikcə insanlarda qəzetlərə maraq azalsa da, çap mediası insanların diqqətini çəkə biləcək layihələrlə vəziyyətdən çıxa bilər”.

"Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi isə deyib ki, qəzet kağızının gömrük rüsumundan azad edilməsi yaxşı, lakin gecikmiş addımdır. Onun sözlərinə görə, belə bir qərarı qəzetlərin tirajının çox yüksək olduğu vaxt qəbul etmək lazım idi. İndi yayım sistemi dağılandan və tirajlar kəskin azalandan, print media məhv olandan sonra rüsumu götürmək heç nəyi dəyişməyəcək. Milli mətbuatımızın ən az ağrıyan yeri elə budur. Qəzet kağızı üzərində monopoliya varsa, bu, elə də ciddi təsir etməyəcək.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun fikrincə, qəzet kağızının gömrük rüsumundan azad edilməsi Azərbaycan Prezidentinin milli mətbuata bugünə qədər göstərdiyi himayənin və qayğının davamı kimi qiymətləndirilməlidir:

"Hazırda çap mediasının özünün parlaq dövrünü yaşamadığı hər birimizə bəllidir. Ancaq milli mətbuatımızın əsas atributlarından biri olan qəzetlər özlərinin klassik funksiyalarını layiqincə yerinə yetirməkdədir. Bu günə qədər Azərbaycan dövləti tərəfindən diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mediasının inkişafı istiqamətində çoxsaylı tədbirlər görülüb”.
H.Babaoğlunun sözlərinə görə, qəzet kağızının gömrük rüsumundan azad edilməsi Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması, medianın iqtisadi problemlərinin həlli ilə bağlı mütəmadi yardımların ayrılması ənənəsinin tərkib hissəsidir: "Şübhəsiz ki, qəzet kağızlarının vergidən azad olunması redaksiya kollektivinin iqtisadi vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayacaq və çap mediasının inkişafı üçün də yeni şərtlər yaradacaq.

Kağızın dəyəri düşəcəyi halda qəzetlər daha rəngarəng formada işıq üzü görə bilər. Bu mənada sözügedən qərarı müsbət qiymətləndirirəm. Hesab edirəm ki, qəzet kağızının gömrük rüsumundan azad edilməsi Azərbaycan mətbuatının ən yaxın dostu və hamisi İlham Əliyevin mətbuatımızın inkişafına yönəlik növbəti xidmətidir”.

Gələcəkdə ƏDV-nin ləğvi ilə bağlı gözləntilərinin olub-olmadığına gəldikdə isə millət vəkili deyib ki, 10 gün əvvəl qəzet kağızlarının rüsumdan azad olunması da gözlənilən deyildi. Biz belə bir addımın atılacağını heç düşünmürdük də. Hər şeydən əvvəl iqtisadiyyatın öz qanunları var. Əgər bu gün qəzet kağızının gömrük rüsumundan azad edilməsinin şahidi olduqsa, deməli, növbəti addımlar da gözləniləndir.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da bu qərarın ölkədə fəaliyyətdə olan çap mediası tərəfindən yüksət qiymətləndirildiyini vurğulayıb: 

"Mən şahidəm ki, son iki ildə parlamentdə büdcə müzakirələri zamanı bu məsələ gündəmə gətirilir. Xüsusilə, hörmətli millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov hər il büdcə müzakirələrində bu haqda çıxış edərək bildirib ki, kağız idxalına tətbiq edilən rüsum dövlət büdcəsinə elə də ciddi gəlir gətirməsə də, çap mediası üçün bu, əhəmiyyətli rəqəmdir. Ona görə də, nəhayət ki, gələn ildən bu rüsumun ləğv edilməsini mən ölkə Prezidentinin mətbuata davamlı dəstəyinin növbəti təzahürü, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması siyasətinin tərkib hissəsi kimi qiymətləndirirəm”.
A.Camalın sözlərinə görə, burada əsas məsuliyyət mətbəələrin üzərinə düşür.

Onlar gələn aydan çap xərcləri ilə bağlı qiymətlərdə ciddi endirim edəcəklərmi?

Açığı, mən bu məsələdə bir qədər tərəddüdlüyəm: "Mətbəələrin ciddi endirimə gedəcəyini gözləmirəm. Ona görə də, yaxşı olardı mətbəələrin gələn aydan qiymət endirimi edib-etməyəcəyinin monitorinqini aparmaq və lazımi inzibati addımları atmaqdan ötrü dövlət və media təmsilçilərindən ibarət bir komissiya yaradılsın”.

Şəymən


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb