Qızıl tarix yazanlar...

Liderlərin böyük əksəriyyəti jurnalistlər idi
Ona görə AXC-nin 23 aylıq hakimiyyət dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdu




Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurulmasında böyük rol oynayan milli ruhlu, demokratik mətbuatımızın tarixi uzun illər xalqımızdan gizli saxlanılıb. Daha doğrusu, bu irs tədqiqata birtərəfli, qərəzli şəkildə cəlb edilib. Milli mətbuatımızın qürurlu səhifəsi bilərəkdən alçaldılıb, tənqid edilib, qınaq obyektinə çevrilib. Müstəqillik əldə ediləndən sonra Cümhuriyyət dövrünün zəngin mətbuatı müəyyən qədər tədqiq edilməyə başlanılıb.

Araşdırmalar ortaya qoyulub ki, AXC dövrünün mətbuatı milli jurnalistika tarixində özündən əvvəlki və sonrakı dövrlərə nisbətən daha yüksək inkişaf mərhələsini yaşayıb. Xüsusən, Cümhuriyyət ideyalarının təbliğində 1918-1920-ci illər milli mətbuatının müqayisəyə gəlməz dərəcədə böyük rolu olub. Uzun illər mübarizə aparan Azərbaycanın söz, amal və əməl sahibləri sonda Şərqdə və Türk dünyasında ilk demokratik dövlətin qurulmasına nail olublar. Bu ilkə imza atanların böyük əksəriyyəti dövrünün tanınmış, istedadlı jurnalistləri, publisistləri və siyasi xadimləri idi. 1918-20-ci illər mətbuatını ideya istiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: - Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar. Lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən milli mətbuat idi. Cəmi iyirmi üç ay davam etmiş respublikanın bütün siyasi, ictimai, mədəni və əxlaqi həyat tərzi məhz bu illərin dövri mətbuatında öz əksini tapıb, həyatın canlı salnaməsi, sənədli tarixi yadigarı kimi bizə gəlib çatıb. Cümhuriyyət dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi. O illərdə mətbuatın müxtəlif zümrələrin maraqlarına görə təsnifatı da mövcud idi. Məsələn, gənclərə məxsus "İttifaqi-mütəllimin”, "Gənclər sədası”, "Gənclər yurdu”, tələbə və müəllimlərə aid "Əfkari-mütəllimin”, incəsənət xadimlərinin, sənət adamlarının "Övrəqi-nəfisə”, "Mədəniyyət” kimi mətbu orqanları nəşr olunurdu.

Bəhs edilən dövr mətbuat tədqiqatçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuat tarixi (1875-1920-ci illər)” adlı əsərində geniş şəkildə əksini tapıb. Araşdırmaçı Cümhuriyyət dövründə nəşr olunan mühüm mətbu orqanlar barədə ətraflı məlumat verib. Müəllif kitabında vurğulayıb ki, XX əsrin əvvəlində başlayan istiqlal hərəkatı və bu hərəkatın məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatda davamlı şəkildə aparılan ideoloji-siyasi mübarizələr meydanında yaranıb: 

"Muxtariyyətçilik fikrindən istiqlalçılığa, cümhuriyyətçiliyə keçidin siyasi-ideoloji təməlini yaradan milli mətbuat orqanları say etibarilə əks mövqedə dayanan qəzetlərə nisbətən çox az idi. 1918-ci ilin 31 mart hadisələrinədək Azərbaycanda 15-ə yaxın ana dilində qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-i ötüb keçmişdi. Partiyalaşma prosesinin sürətləndiyi bu illərdə demək olar ki, müxtəlif istiqaməti, siyasi-ideoloji dünyagörüşü özündə əks etdirən qəzetlərin əksəriyyəti partiyalı mətbuat ömrünün yeni inkişaf mərhələsini və çətinliklərini yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuat tədqiqatçıları və biblioqraflarının apardıqları araşdırma və tədqiqatların nəticəsində maraqlı bir mənzərə yaranmışdı. Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi” qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, AXC-nin 23 aylıq hakimiyyət dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdu. Dövri mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri, hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və disskusiyalara verilən meydan ilə bağlı idi. Burada əsas faktlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyətinin jurnalist olmalarındadır. Demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşır, həllini gözləyən məsələlərə toxunur, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ edir və bir növ siyasi maarifçilik işi aparırdı. Türk-Ədəmi Mərkəziyyət "Müsavat” firqəsinin siyasi nöqteyi-nəzərini özündə əks etdirən "Açıq söz” qəzeti 1918-ci ilin 4 yanvar tarixli sayında ilk dəfə olaraq cümhuriyyətçilik fikrini ortaya qoyaraq, qurulacaq dövlətin ideoloji təməl prinsiplərini açıqladı: "Türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını müdafiə edirik...”.

A.Aşırlı araşdırmasında qeyd edib ki, Cümhuriyyət yaratmaq, hakimiyyət və torpağı xalqa qaytarmaq istəyi ilə mübarizə aparanların qarşısında çox ciddi, çətin vəzifələr dururdu. Bolşevik mətbuat orqanlarında hürriyyət və cümhuriyyət arzularının əleyhinə məqalələr çap olunur, bu istəyin real olmadığı fikri təbliğ edilirdi: "Qafqaz canişinin missiyasını Bakıda həyata keçirməyə çalışan, Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyan hələ mart ayında "Bakinski raboçi” qəzetində yazırdı: "Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə bir xarabazar alacaqlar”. Daşnak və bolşeviklərin ruporu kimi çıxış edən "Bakinski raboçi”, "Bakı və onun ətrafı Şurasının əxbarı”, "İzvestiya raboçix deputatov sovetov”, sol eserlərin mətbu orqanı "Naşe znamya”, "Naş trud” qəzetləri milli qüvvələrə qarşı çıxışlar edirdilər. Şaumyanın milli qüvvələrə qarşı hədələrinin arxasında Bakı Sovetinin 6 min nəfərlik "Qızıl Qvardiyası” və Erməni Milli Şurasının və Daşnakstyun Partiyasının 4 min nəfərlik silahlanmış dəstəsi dayanırdı. Hadisələrin siyasi-hərbi inkişafı gözlənilən faciəni qaçılmaz etmişdi.

Müəllif vurğulayıb ki, Azərbaycanı müstəqillik arzusundan və öz tarixi torpaqlarında dövlət qurmaq istəyindən daşındırmaq, kütləvi qırğın aksiyalarını həyata keçirmək niyyəti ilə hazırlıqlar aparılırdı. Azərbaycanın aydınları, ziyalıları, siyasi xadimləri, publisistləri təhlükənin yaxınlaşdığını görür, milli mətbuat orqanlarında xəbərdarlıq edirdilər: "1918-ci ilin mart ayının əvvəlində vətənin bütövlüyü, müstəqilliyi, xalq hakimiyyəti yaratmaq uğrunda çağırışlar müxtəlif partiyaların mətbu orqanlarının əsas mövzularına çevrilmişdi. "Birlik tələb olunur”, "Birləşəlim”, "İttifaq edəlim”, "İttihad gərək” kimi manşetlərdən və məqalələrin başlıqlarından hər şey aydın görünürdü. Görkəmli Azərbaycan jurnalisti və dramaturqu Mirzə Bala Məhəmmədzadə "Açıq söz”ün 1918-ci il mart ayının 15-dəki sayında "Azərbaycan çağırıyor” məqaləsində yazırdı: "Ey gənc türklər! Bu gün Kəbeyi müqəddəsiniz olan vətənimizi azad ediniz... Vətənin yolunda can verməyən, milli muxtariyyəti yolunda varından keçməyən bir millət yaşamaq istəmir deməkdir”. Məqalənin dərcindən çox keçməmiş, 1918-ci ilin 31 mart tarixində bolşeviklərin və Erməni Milli Şurasının hərbi birləşmələri azərbaycanlılara qarşı xüsusi amansızlıqla qətliamlar həyata keçirdi. Bakıda, Şamaxıda, Qubada, Salyanda, Neftçalada 30 min insanın həyatına son qoyuldu. Qatillər minlərlə insanı, abidələri məhv etməklə yanaşı, "Novruz”, "Turan”, "Açıq söz”, "Kaspi” mətbəələrini yandırmış, Orucov qardaşlarının mətbəəsini dağıtmışdı. Bu vəhşiliklərdən dünyanın xəbər tutmaması üçün qəzet və jurnalları, dərgiləri, çap avadanlıqlarını sıradan çıxarmaq yolu tutanların fəaliyyəti nəticəsində "Açıq söz”, "Bəsirət”, "El həyatı”, "İstiqlal”, "İttihad” qəzetləri fəaliyyətlərini dayandırmalı oldu. Bolşevik-erməni ideoloqları gözəl anlayırdılar ki, hər bir xalqın azadlığına, müstəqilliyinə gedən yol mətbuatın fəaliyyətindən keçir və bu qəzetləri sıradan çıxarmaqla istədiklərinə nail ola bilərlər. Bəzi istisnalarla Azərbaycan demokratik mətbuatı 1918-ci ilin martın 31-dən, sentyabr ayının 15-dək özünün iflic dövrünü yaşadı. 31 mart tarixindən sonra təkcə milli yöndə olan mətbu orqanlar bağlanılmadı, o cümlədən soyqırım barəsində sırf faktoloji yazılar dərc etmiş bir neçə fərqli siyasi yönümlü qəzetlər də qapadıldı. Bakı Xalq Komissarları Sovetinin mətbuat bürosunun qərarı ilə "mart hadisələrinə düzgün qiymət vermədiyi, açıqdan-açığa qərəzli məqalələr çap etdirdiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına görə "Kaspi”, "Baku”, "Bakinets”, "Vesti Baku” qəzetləri bağlanıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu”. A.Aşırlı yazıb ki, Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın siyasi müşaviri kimi Türkiyədən Azərbaycana gələn Əhməd bəy Ağaoğlu Gəncədə "Türk yurdu” qəzetini nəşr edib. Çox təəssüf ki, Azərbaycan uğrunda gedən hərbi savaş və mətbəə imkansızlığı ucbatından qəzetin cəmi üç sayı işıq üzü görüb: "Tiflisdən Gəncəyə köçən milli Azərbaycan hökuməti Azərbaycanın bütövlüyü savaşında mətbu imkanların yoxluğunu hiss etdi və bir sıra tədbirlər görməyə başladı.

Mətbə işinin təşkilini əsas vəzifə kimi diqqətə alan milli hökumət və ordu komandanlığı Tiflisdə vaxtilə fəaliyyət göstərmiş, anadilli qəzetləri nəşr edən bir sıra mətbələrin Gəncəyə gətirilib quraşdırılması qərarına gəldilər.

Qafqaz İslam Ordusu bolşevik-daşnak birləşmələrinə, ingilis qoşunlarına qarşı 6 ay savaş apardı. Göyçay, Kürdəmir, Salyan, Neftçala, Şamaxı düşmənlərdən təmizləndi. Nəhayət, 1918-ci ilin sentyabrın 15-də Bakı azad edildi. Bu xəbəri sentyabrın 16-da Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap olunan "Azərbaycan” qəzeti xəbər verdi. Dörd səhifədən ibarət olan bu qəzetin iki səhifəsi Azərbaycan türkcəsində, iki səhifəsi isə rus dilində buraxıldı. "Azərbaycan”ın ilk sayında Bakının azad olunması, Qafqaz İslam Ordusunun qardaş köməyi barəsində yazılar, informasiyalar kifayət qədər maraq doğurur. Qəzetin ilk sayında "Bakının süqutu” başlığı altında yazı və bir neçə təbrik teleqramları dərc edilib. 

"Azərbaycan”ın ilk sayında Nuru Paşanın sentyabrın 15-də Gəncəyə göndərdiyi teleqram da dərc olunub. "Azərbaycan”ın Gəncədəki nəşr dövrü cəmi 10 gün çəkib və həftədə iki dəfə, cəmi isə 4 sayı işıq üzü görüb. Qəzetin ilk sayı "heyəti-idarə” imzası ilə çap olunub. Redaksiya Gəncədə Bulatov küçəsindəki 26 saylı evdə yerləşib, sonuncu, yəni dördüncü sayı sentyabrın 25-də işıq üzü görüb. İlk dəfə 4 səhifə ilə oxucuların görüşünə gələn "Azərbaycan”ın 4-cü sayının üç səhifəsi rus, bir səhifəsi isə Azərbaycan türkcəsindədir. İlk saylarının materiallarında imzalar olmasa da, qəzetin ərsəyə gəlməsində Üzeyir və Ceyhun Hacıbəyovların, Şəfi bəy Rüstəmbəylinin əməyi böyük idi. "Azərbaycan” Bakıya köçdükdən sonra 5-ci sayı 4 səhifədən ibarət olmaqla oktyabrın 3-də nəşr edildi və bu sayında özünü "gündəlik ictimai, ədəbi, iqtisadi türk qəzetəsi” olduğunu proqramlaşdırdı. Sərlövhəsinin altında rəsmi dövlət qəzeti yazılmasa da, "Azərbaycan” Xalq Cümhuriyyətinin ilk rəsmi orqanı idi. Dövlət tərəfindən maliyyələşirdi və dövlət mətbəəsində gündəlik nəşr olunurdu. "Azərbaycan” qəzetinin Bakıda çıxan ilk sayında H.Hamidin "Yeni həyat” və N.İ. imzalı müəllifin "Azərbaycan gənclərinə”, Məhəmməd Sadiqin "Bələdiyyə idarələrinin nəzəri diqqətinə”, imzasız yazılmış "Bakı məsələsinə dair məqalat”, "Osmanlı və Ermənistan münasibətlərinə dair”, "Türkiyədəki erməni qəzetləri nə söylüyorlar” başlıqlı materiallar çap olunub”.

(Davamı var)
İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb