"Valideynlər qız uşaqlarının təhsil almasına, nə də cəmiyyətdə öz rolunu müəyyən etməsinə imkan vermirlər”.
Bunu "Sherg.az”a son 16 il ərzində Azərbaycanda yaşı 16-dək olan qadınlar tərəfindən doğulan uşaqların sayının 6 dəfə artmasının səbəblərini izah edərkən "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, erkən ailə quran yeniyetmələrin hamısı valideynlər tərəfindən məcbur edilənlər deyil:
"Bəziləri qoşulub, qaçır, eşq yaşayır, yaxud ola bilər zorlanırlar, məcbur qalıb evlənirlər. Amma mahiyyət odur ki, valideynlərlə davamlı tədbirlər görülməsinə baxmayaraq problem azalmır.
16 ilin statistikasında müəyyən vaxtlarda dinamika azalıb, arta bilər. Lakin ümumi nəticədən görünür ki, maarifləndirmənin ciddi təsiri yoxdur. Əgər qız uşağının təhsili üçün təhsil müəssisələrində stimullaşdırıcı proqramlar yoxdursa, böyük kampaniyalar həyata keçirilmirsə, onların uğurlarını təbliğ etmirlərsə, maarifləndirmənin elə də əhəmiyyəti olmayacaq. Məsələn, qəbul imtahanlarında 7 nəfər qız 700 bal toplamışdı. Amma onların uğurlarını ciddi işıqlandıran, təbliğ edən olmadı. Bu ondan xəbər verir ki, uğur qazanan qızlara da stimul verən yoxdur”.
M. Zeynalova xatırladıb ki, dövlət məmurlarının 90 faizi kişilərdir. Onun sözlərinə görə, qanunun imkan verməsinə, qadınların təhsil almasına baxmayaraq, Azərbaycanda qadının karyera pilləsində yüksəlməsi üçün kişilər və onların bəzi stereotipləri böyük baryerdir:
"Bu əngəllərin ən birincisi isə namus məsələsidir. Namus, namus, namus... Son zamanlar bunu bayraq edənlər ciddi təbliğat aparır. Qızların erkən ərə verilməsi, təhsildən yayındırılması, onların karyera qurmasına maneə törədənlər hamısı əlində namus bayrağı tutanlardır. Həmin valideynlər guya qızlarını qoruyurlar. Amma bizim sığınacağa baxsanız, görərsiniz ki, qızlarını zorla ərə verənlərin əksəriyyəti boşanmaq istədikdə övladından imtina edir.
Bu məsələdə iqtisadi amil, təhsilə kapitalın qoyulmaması, gələcəkdə qızların inkişafından özünün və ailəsinin bəhrələnməsi üçün imkanlar yaradılmır. Yaxşı olar ki, qız uşaqlarının təhsilinə davam edə bilməsi üçün kitabların, pulsuz geyimlərin, ayaqqabıların paylanması və s. addımlar həyata keçirilsin.
Təhsillə bağlı qız uşaqlarının və onların ailələrinin daha da həvəsləndirilməsi üçün QHT-lər, dövlət orqanları orta məktəblərdə xüsusi kampaniyalar həyata keçirməlidir.
Erkən nikahların çox az hissəsi cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnir. Uşaq dünyaya gələnə qədər bilmək olmur ki, ailə qurulub yoxsa yox. Bu problemə biganəlik var. Bir insanın həyatı məhv olur, ətrafdakılar isə susur. Ona görə, ildən ilə erkən nikahların, yeniyetmə anaların sayı artır”.
Qeyd edək ki, statistikaya görə, 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı isə 2 dəfə artıb.
Ümumilikdə, 2016-cı ildə Azərbaycanda 20 yaşadək qadınlar tərəfindən 16894 (2015-ci ildə 18056 uşaq) uşaq doğulub ki, onların 150-si yaşı 16-dək, 600-ü 16 yaşda, 2059-u 17 yaşda, 5278-i 18 yaşda, 8807-i 19 yaşda olan qadınlar tərəfindən doğulub.
Ötən il 15-19 yaşlı qadınlar tərəfindən diri doğulan 16894 uşağın 14110-u qadının 1-ci, 2636-ı 2-ci, 140-ı 3-cü, 8-i 4-cü uşaq kimi dünyaya gəlib.
Aysel Aslan