Qocaların gözünə işıq gəldi, uşaqlar isə şıltaqlaşdı - FOTO

Kanada kimi ölkədə atılmış, kimsəsiz uşaqlar və qocalar üçün uzunmüddətli və qalıcı xoşbəxtlik düşünülüb"Çox istərdim ki, bizdə də bu təcrübədən yararlansınlar. Amma inandırıcı görünmür. Çünki bizdə uşaq evlərinə, qocalar evlərinə ziyarətlərə bürokratik əngəllər yaradılır"
Kanadada uşaq evi və qocalar evini birləşdirmək kimi möhtəşəm bir layihəyə imza atılıb. Nəticə isə gözləniləndən də yüksək olub; yaşlılar sevgi dolu nəvələrini tapıblar, ata-anasız uşaqlar isə ilk dəfə valideyn sevgisi və qayğısı hiss ediblər.
Həkimlər həmin yaşlıların bütün həyati funksiyalarının yaxşılaşdığını, gözlərinə işıq gəldiyini və yaşam güclərinin artdığını müəyyən ediblər.
Uşaqlar gələnə qədər yaşlıların sönük gözləri onları mumiyaya bənzədirdi. Uşaqlardakı sıxıntı, qorxu, kədər, güvənsizlik hissi isə şıltaq səs-küylə əvəz olunub.
Kimsə heç vaxt sahib olmadığı ailəyə sahib olub, kimsə nəvələrlə əhatələnib.
Bu möhtəşəm ideya haqda eşidən hər kəs müəllifi alqışlayır.
Təəssüf ki, belə uğurlu layihələr haqqında sadəcə eşidirik, həm də uzaqlardan. Bizdə hələ ki, belə uğurlu tapıntılara imza atılmır. Bizdəki uşaq evlərinə bayramlarda sovqat aparılır, əksərən də, müğənnilər, şou-biznes əhli tərəfindən. Mahnı ifa edirlər, rəqs edirlər, uşaqlara şirniyyat paylayırlar, ən əsası, fotolarını çəkdirib sosial şəbəkədə paylaşırlar. Bununla da uşaq evinə, qocalar evinə baş çəkmək missiyası bitir. Nəticə, müğənninin reklamı olur. Uşaqların, qocaların sevinci, xoşbəxtliyi qısamüddətli olur. Çünki şirniyyatın ləzzəti uzaq başı 5-10 dəqiqəlikdir. Amma Kanada kimi ölkədə atılmış, kimsəsiz uşaqlar və qocalar üçün uzunmüddətli və qalıcı xoşbəxtlik düşünülüb.
Sosioloq Lalə Mehralı «Şərq»ə açıqlamasında Kanadada reallaşan layihə barədə bir müddət öncə xarici KİV-lərdə məlumat oxuduğunu və hələ o zaman «bu çox uğurlu nəticə verəcək» qənaətinə gəldiyini söylədi:
- Mən bu məlumatı oxuyanda onun çox müsbət nəticə verəcəyinə inanmışdım. Elə də oldu. Artıq mütəxəssislər də əla nəticə əldə edildiyini bildirib. Məlumdur ki, uşaq evlərinin də, qocalar evlərinin də sakinləri ailə sevgisi hiss etmədən yaşayır. Orada çalışan personal nə qədər qayğıkeş, diqqətli olsa da, bu heç vaxt ailənin yerini verə bilməz. Nə gözəldi ki, o uşaqlara, qocalara nənəlik, babalıq və nəvəlik duyğuları yaşadılıb. Baxmayaraq ki, bu insanlar arasında bioloji qohumluq əlaqələri yoxdur, yaşlılarla uşaqların görüşü, birgə yaşayışı hər iki nəslin nümayəndələrinə məhrum qaldıqları doğmalıq, birgə yaşayış və ailə sevinci hisslərini duymağa kömək edir. Baba-nənə nəvəyə qayğı göstərir, nəvələr baba-nənəyə nəvaziş göstərir. Əlbəttə, çox istərdim ki, bizdə də bu təcrübədən yararlansınlar. Amma inandırıcı görünmür. Çünki bizdə uşaq evlərinə, qocalar evlərinə ziyarətlərə bürokratik əngəllər yaradılır. Şəxsən biz valideyn olaraq istədik ki, bu Ramazanda uşaq evinə gedək. O qədər uzun bir prosedur sadalandı ki, artıq əlimiz işdən soyudu. Belə olmaz axı. İnsanların xeyirxah əməllərinin qarşısı süni əngəllərlə kəsilməməlidir.
L.Mehralı nəvənin baba və nənələr üçün həqiqətən də inanılmaz sevinc olduğunu dedi:
- Valideynlərim etiraf edir ki, biz övladlarına bəslədikləri sevginin min qatını nəvələrinə qarşı hiss edirlər. İndi siz təsəvvür edin, bu necə böyük bir sevgidir. Nəvə sevgisindən məhrum olmuş yaşlı insanlara bu hissi yaşatmaqdan gözəl, xeyirxah daha hansı əməl ola bilər?! Bu, ən müqəddəs bir işdir. Nəvənin baba, nənə tapması, baba-nənənin də nəvəyə sahib omlası hər iki tərəf üçün mütləq xoşbəxtlikdir.
L.Mehralı qeyd etdi ki, sosioloq və psixoloqlar ailə ortamında yaşayan və ana südü ilə qidalanan və qidalanmayan uşaqlarla bağlı sorğular keçiriblər və nəticə insanı düşünməyə vadar edir:
- Səhv etmirəmsə, Rusiyada belə bir araşdırma aparılmışdı və məlum olmuşdu ki, uşaq koloniyasındakı uşaqların 87 faizi ana südü ilə qidalanmamış uşaqlardır. Demək ki, ana sevgisindən məhrum böyüyən uşaqlar arasında cinayətə meyillilik riski daha artıq olur. İnsanlığa sevginin ötürücüsü, yönləndiricisi isə ana südüdür. Ana südü gələcəkdə uşağın istiqamətini müəyyənləşdirəcək kompasdı. Uşaq evlərində də uşaqlar valideyn sevgisindən məhrum, həyatdan küskün böyüyürlər. Kimsəsiz, atılmış uşaqları baba-nəvə sevgisi ilə əhatələmək onları həyata bağlayacaq. Bu layihə qocalar, ahılları sevindirmək, onlara ömürlərinin qürub çağında xoşbəxtlik hissi yaşatmaq öz yerində, amma daha çox məncə, uşaqların gələcəyi üçün əvəzsizdir. Çünki uşaqlar nənə və babalar sayəsində həyatı sevəcəklər və həyata bağlanacaqlar.
Məlahət Rzayeva