Qorxu var, vətəndaşlar məsuliyyətli olmalıdırlar

Mümkün qədər küçə itlərinin olduğu yerlərdən uzaq durmaq lazımdır
“Quduz itlərlə təmasda olan şəxslər dərhal quduzluq əleyhinə viruslardan istifadə etməlidir”



"Vaxtında tədbir görülmədikdə artıq xəstəlik qana keçir, çoxalmağa başlayır və onun müalicəsi mümkün olmur”



Son günlər sahibsiz itlərin sayının çoxalması və onların hücum edərək küçədə oynayan uşaqları, səkidə dayanan, dayanacaqda marşrut gözləyən, zibil atan insanları dişləməsi quduzluq xəstəliyinin artma ehtimalını yenidən gündəmə gətirib. Belə ki, iyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində kütləvi itdişləmə hadisəsi qeydə alınıb. 11 nəfəri it dişləyib. Quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını başından dişləyərək ölümcül hala salıb və o, avqustun 17-də dünyasını dəyişib.

Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasının baş həkiminin müavini Sərvər Hüseynli isə xəstəxanaya gətiriləndə 5 yaşlı Zeynəbin vəziyyətinin çox ağır olduğunu deyib. Qeyd edək ki, uşaq quduzluğun fobiyası dövründə olduğundan həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Mirnazir Muxtarov isə quduz it dişləyən digər uşaqların vəziyyətinin normal olduğunu, hamısının evə buraxıldığını deyib. O həmçinin hazırda it dişləməsi ilə bağlı xəstəxanada yatan kimsənin olmadığını əlavə edib: "Uşaqların heç birində patoloji hal qeydə alınmayıb. Həmçinin, quduz it dişləməsinə görə müraciət edənlər arasında müxtəlif yaş qruplarına təsadüf olunur. Təbii ki, itlərə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı bütün qurumlara müraciət olunub. Həmçinin it dişləməsi faktlarına respublikanın bir çox bölgələrində rast gəlmək mümkündür. Sadəcə, dünən ölüm faktının olması itlərə qarşı mübarizəni gücləndirib”.

Küçə itlərinə qarşı aparılan mübarizə tədbirlərinin effektsiz olması fonunda əsas məsuliyyət vətəndaşların öz üzərinə düşür. Mütəxəssislərin də tövsiyə etdiyi kimi onlar mümkün qədər sahibsiz itlərin dolaşdığı ərazilərdən uzaq durmalı, onların qəfil hücumlarına məruz qaldıqları zaman da vaxt itirmədən həkimə müraciət etməlidirlər, çünki həkimlər quduzluğa yoluxan insanların sağalma ehtimalının olmadığını deyir. Özünün feysbuk səhifəsində məsələyə diqqət çəkən pediatr Vaqif Qarayev xüsusi virusların quduzluq törədicisi olduğunu deyib.

Onun sözlərinə görə, infeksiya mənbəyi isə həm ev (it, pişik, iri və xırdabuynuzlular), həm də vəhşi heyvanlardır (tülkü, canavar və s.): "Heyvanlar xəstəliyin başlanmasına 3-10 gün qalmış (həm də bütün xəstə olduqları dövrdə) yoluxucu olurlar. Virus insana xəstə heyvanın seliyi vasitəsilə keçir və əsasən sinir sistemini zədələyir”.

Pediatrın sözlərinə görə, xəstəliyin gizli dövrü 10 gündən 3 aya qədər uzana bilər: 

"Əgər zədə başda, üzdə, yuxarı ətraflarda olarsa gizli dövr qısalır. Baş və üz dişlənərsə, xəstəlik çox ağır keçir və ölümlə nəticələnir. Xəstəliyin ilkin dövründə yara nahiyəsində ağrı, qaşınma hiss olunur. Hərarət 37,2 - 37,5 dərəcəyə qalxır. halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, qorxu, həyəcan, depressiya müşahidə olunur. Xəstəliyin ikinci dövründə sudan qorxma, psixomotor oyanıqlıq (ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə keçən əşyaları vurub sındırmaq), udlaq və qırtlaq əzələlərində spazm, tənəffüsün çətinləşməsi, güclü selik ifrazı müşahidə olunur. Xəstəliyin üçüncü dövründə hərarət 40-42 dərəcəyə yüksəlir. Tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür”.

V.Qarayev deyib ki, dişlənən nahiyəni sabunlu su ilə təkrar-təkrar yumalı və təcili həkimə müraciət edilməlidir: 

"Xəstəliyin qarşısını almaq üçün xüsusi vaksindən (müxtəlif sxemlərlə) istifadə olunur. Xəstəlik başlanmayıbsa, vaksinin effekti olur. Xəstəlik əlamətləri inkişaf edibsə, vaksin bir qayda olaraq faydasızdır”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da başlıca olaraq insanlara quduza yoluxmamaq üçün onu yayan heyvanlardan uzaq durmağı məsləhət görüb. Quduzluğun insanlara, elə heyvanların özlərinə də onlardan keçdiyini qeyd edən professor bu mənada sahibsiz heyvanlar, küçə itlərinin daim nəzarətdə saxlanılmasını vacib hesab edir: 

"Onları Sanitar Epidemiologiya Mərkəzi ya öz nəzarətlərinə götürməli, ya da ki, məhv etməlidir”.
Tibb ekspertinin sözlərinə görə, quduza yoluxmaların artmasına əsas səbəb həmin xəstəliyin daşıyıcıları olan itlərin nəzarətsiz qalmasıdır. "Bəzən görürsən ki, yemləmə zamanı da təsadüfi hücumlar nəticəsində insanlar quduza yoluxur”. 

Müalicə tədbirlərinə gəldikdə isə həkim-ekspert deyib ki, quduz itlərlə təmasda olan şəxslər dərhal quduzluq əleyhinə viruslardan istifadə etməlidir. Bunu nə qədər erkən etsələr, nəticələri də bir o qədər yaxşı olar: 

"Vaxtında tədbir görülmədikdə artıq xəstəlik qana keçir, çoxalmağa başlayır və onun müalicəsi mümkün olmur. Artıq xəstəlik insanın sinir hüceyrələrini məhv edir və insan aqressivləşir. Sudan, qandan qorxmağa başlayır. Təbii ki, sinir hüceyrələrinin məhvi nəticəsində də tədricən insanlar öz həyatlarını itirirlər. Ona görə də heyvanların hücumuna məruz qalan insanlar mütləq vaksinasiya edilməlidirlər. Xəstəlik gecikmiş olanda onun müalicəsi mümkünsüz olur. Xəstə şəxslərin perspektivi yoxdur, ona görə də xəstəliyin klinik addımları ortaya çıxana qədər mütləq vaksinasiya olunmaq lazımdır. İt tərəfindən dişlənilən şəxs mütləq həkimə müraciət etməli, həmin it isə ən azı 10 gün müşahidə altında saxlanılmalıdır. Bu şərtlərin gözlənilməməsi isə acı nəticələrə gətirib çıxarır. Artıq quduzluğa yoluxmuş insanlar xüsusi otaqlarda, həkimlərin müşahidəsi altında saxlanılır. Onlar ya cəmiyyətdən təcrid edilir, ya da ki, iynə vurulub öldürülür”. A.Qeybulla sonda onu da qeyd edib ki, quduzluğa tutulmuş insanlar müalicə edilsə də, müalicənin heç bir perspektivi olmur.

Əməliyyat başladı, itlər zərərsizləşdirilir

Sumqayıt şəhərində sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işləri davam edir. Azvision.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Rzaqulu Zərəfquliyev danışıb.

O bildirib ki, hazırda iş davam etdirilir və yaxın zamanlarda yekunlaşacaq: 

"Həmin itlər ərazidən uzaqlaşdırılır. Dünən şəhərin bir çox sahələrində, xüsusilə 10-cu mikrorayon ərazisində bütün gecə iş aparılıb. 50-yə yaxın sahibsiz it ərazidən çıxarılıb, şəhər zibilxanasının yaxınlığında onlar üçün ayrılan yerə aparılıb. Bunların içərəsində quduz itlər də var ki, onlar baytarlar tərəfindən nəzarətdə saxlanılır. Müəyyən müddət keçəndən sonra həmin itlər ya lazımi yerlərə köçürülür, ya da quduzluq əlaməti olursa, tamamilə zərərsizləşdirilir. Quduz it dişləməsi halları bundan əvvəl də olub, amma ölüm halı birinci dəfə idi ki, baş verirdi”. R.Zəfərquliyevın sözlərinə görə, bir çox hallarda müəyyən təşkilatlar onların işinə maneçilik törədirlər. "İtləri küçələrdən yığmağa qoymurlar. Amma mütəmadi olaraq bizim tərəfimizdən işlər davam etdirilir və sığınacaqlara aparılır”.

Şəymən