"Qoşulmama hərəkatında Azərbaycanın mövqeyi dəstəklənir" - ŞƏRH

"Qoşulmama Hərəkatının yaranma məramı Soyuq Müharibə ilə bağlı idi”.
Bu sözləri "Sherg.az"a Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı barədə danışarkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 
O vurğulayıb ki, bu hərəkata qatılan dövlətlər həmin dövrdə nə SSRİ-nin, nə də Qərbin yanında oldu:
"Bu mövqedə birləşən dövlətlər uzun illər Qoşulmama Hərəkatında birlikdə fəaliyyət göstərdilər. Bu hərəkat Soyuq Müharibə bitəndən sonra da davam etdi.
Azərbaycan isə ona görə bu hərəkata qoşuldu ki, özünün balanslaşdırılmış xarici siyasətini yürütməyi qərara aldı. Bildirildi ki, biz heç bir cəbhədə yer almaq istəmirik, müstəqil, balanslaşdırılmış xarici siyasətimizi aparırıq. Ona görə, bu təşkilatda yer aldı.
Qoşulmama hərəkatında hər zaman Qarabağ məsələsində Azərbaycanın mövqeyi dəstəklənir. Bakıda keçirilən toplantı da Azərbaycan üçün əhəmiyyətlidir. Lakin bu o demək deyil ki, bu təşkilata üzvlüyümüz, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan sənədlər münaqişənin həllinə təsir göstərdi. Azərbaycanın xeyrinə qəbul olunan sənədlər çoxdur. Amma 25 ildir onların Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir əhəmiyyəti yoxdur”.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas işə başlayıb.
Azərbaycanı görüşdə ölkəmizin BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev təmsil edir.
Aysel Aslan