Qutada kimyəvi silahdan istifadə olunub

Tramp Bəşər Əsədi “heyvan” adlandırdı



Suriyada Bəşər Əsəd rejiminin Şərqi Qutada mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsi nəticəsində 100-dən artıq mülki insan həyatını itirib. Suriya ordusu "atəşkəs zonaları”na daxil Şərqi Qutadakı Duma qəsəbəsini, o cümlədən Arbin, Ayn Terma, Haresta və Merc məntəqələrini güclü artilleriya atəşinə tutub. Bombardman nəticəsində azyaşlı uşaqlar da ölüb. Türkiyə və ABŞ-la yanaşı, bir çox Avropa ölkəsi rejimin kimyəvi silahdan istifadəsinə sərt reaksiya veriblər.

Məlumat üçün bildirək ki, Əsəd rejimi Şərqi Qutanı 4 ildir mühasirədə saxlayır. Hadisədən sonra BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirib. BMT baş katibi Antoniu Quttereş Suriyada kimyəvi silahın tətbiqi haqda xəbərdən narahatlığını bildirib. Quttereş deyib ki, 36 saatlıq nisbi sakitlikdən sonra Dumada baş verənlər olduqca acınacaqlıdır. Fransa da Şərqi Qutada kimyəvi silahın tətbiqini qəti şəkildə pisləyib. XİN rəhbəri Jan-İva Le Drian bildirib ki, kimyəvi silahın tətbiqi hərbi cinayət və beynəlxalq rejimin pozulmasıdır.

Bunun cavabını verəcəklər

ABŞ prezidenti Donald Tramp Bəşər Əsəd rejiminin Şərqi Qutada kimyəvi silahdan istifadə etməsini sərt tənqid edib. Tramp Əsədi təhqir edərək günahsız insanların ölümünə görə onu müdafiə edən İran və Rusiyanın məsuliyyət daşıdığını bildirib: "Kimyəvi silahdan hücum zamanı qadınlar və uşaqlar daxil olmaqla çoxlu sayda insan öldü. Rusiya, Putin və İran heyvan Əsədi müdafiə etdiyi üçün məsuliyyət daşıyır. Bunun cavabını verəcəklər”.

"Heç kim yaxasını kənara çəkməməlidir”

Avropa İttifaqı Əsəd rejiminin Dumadakı kimyəvi silah hücumunu sərt şəkildə qınayıb. Avropa İttifaqının yaydığı məlumatda bildirilib ki, tərkibində zəhərli qaz olan kimyəvi silahların tətbiq edilməsi rejimin günahkar olduğuna işarə edir: "Əsəd hakimiyyətə bu qətliama görə cavab verməlidir. Beynəlxalq ictimaiyyət də üzərinə düşəni etməlidir. Heç kim yaxasını kənara çəkməməlidir”. Açıqlamada İttifaqın kimyəvi silahlardan istifadə edilməsinə qarşı mübarizəni davam etdirəcəyi vurğulanıb. Həmçinin, bildirilib ki, mülki şəxslərin qorunması hər zaman vacib olan məsələdir.

Əsəd kimyəvi silahlarla əlaqəsinin olmadığını deyib

Suriya prezidenti Bəşər Əsəd Şərqi Qutaya atılan kimyəvi silahla bağlı ABŞ və Avropa ölkələrinin bəyanatlarını lağa qoyub. Əsəd kimyəvi silahla bağlı xəbərləri yalan adlandırıb. Deyib ki, Şərqi Qutadan paylaşılan fotolardakı insanların ağızlarına taxılan tibbi ləvazimatlar uydurmadır: "Bu xəbərlərin yayılması və ümumiyyətlə, bizim Şərqi Qutanın Duma ərazisində kimyəvi silahdan istifadə etməyimizlə bağlı yayılanlar təxribat olmaqla, oradakı terrorçuları qorumaq məqsədi daşıyır”.

Rusiya Suriyadakı ordusunu tam döyüş hazırlığı vəziyyətinə gətirdi

Şərqi Qutada baş verən kimyəvi hücumdan sonra Rusiya ABŞ tərəfindən həyata keçirilə biləcək raket hücumu və ya hər hansı hərbi müdaxiləyə qarşı hərbi taktikasını dəyişdirib. Rusiyanın Suriyada yerləşdirdiyi S-400 raketləri aktiv hala gətirilib. Miq-31 təyyarələri 24 saat növbə çəkməyə başlayıblar. Amerika hərbiçiləri isə Əsəd rejiminin 20 bazasını hədəf aldıqlarını bildiriblər. Amerikalıların Əsədin hərbi bazalarını Aralıq dənizindəki gəmilərdən vura biləcəyi ehtimal edilir.

Rusiyadan İsrailə sorğu: Niyə bombaladınız?

Duma qəsəbəsindəki hücumdan sonra İsrail Hava Qüvvələrinə məxsus təyyarələr Əsəd rejiminin nəzarətində olan Tayfur hərbi hava limanını bombalayıb. Bombardman nəticəsində Əsədin 14 əsgəri ölüb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin generalı Vladimir Cabbarov İsraildən Suriya hərbi bazasına endirilən zərbələrlə bağlı açıqlama tələb edib: "Müəyyən etmək lazımdır ki, İsraili bu addımı atmağa nə məcbur edib. Bəlkə ona kimsə təzyiq edib? Rusiya artıq bununla bağlı İsrailə sorğu göndərib. Əgər İsrail ABŞ tərəfindən bu işə təhrik edilibsə, o zaman bu addım Təl-Əvivin bizimlə münasibətlərinə mənfi təsir göstərəcək”.

"Suriyada indiyədək kimyəvi silahdan dəfələrlə istifadə olunub”

Politoloq Şahin Cəfərli isə bildirib ki, ABŞ Suriyanı yenidən bombalaya bilər: "Tramp Əsədin cavab verəcəyini deyib, həmçinin, Əsədə dəstək verən ölkələri təhdid edib. Bu hadisə Skripal hadisəsindən sonra Qərbin Rusiyaya təzyiqləri artırması üçün növbəti səbəb və ya bəhanədir. Suriya məsələsində Rusiya və İranla tərəfdaşlıq quran Türkiyədə də Şərqi Qutadakı hadisəni rejimin törətməsi ilə bağlı güclü şübhələr var. Məlumdur ki, Qutadan terrorçuların əksəriyyəti çıxıb. Konkret Dumada qalan ən böyük qrup "Ceyş əl İslam”dır. Onlar isə terrorçu sayılmır. Suriyada indiyədək kimyəvi silahdan dəfələrlə istifadə olunub. Kimyəvi silahdan Əsəd də istifadə edib, terrorçular da”.

İsmayıl