Ramiz Novruz: “Onun sayəsində yada düşdü, reklam olundu”
“Mən oğluma tövsiyəmi bildirdim ki, oğul, sən bu məsələyə qətiyyən qarışma. Onun kim olduğunu hamı bilir. Təmkinli ol, istənilən halda səndən yaşda böyükdü, sən tərbiyəni qoru”
Xalq artisti Ramiz Məlikin adı son günlər ancaq qalmaqallarda hallanır. Belə ki, həmkarı Xalq artisti Məleykə Əsədova ilə məhkəməsi davam edir. Ramiz Məlik xanım həmkarını təhqir etdiyi üçün məhkəmə qarşısına çıxacaq. Bu qalmaqal azmış kimi Ramiz Məlik bu dəfə "daşı” Ramiz Novruzun bostanına atdı.
Ramiz Novruzun "bostanına atılan daşı” oğlu Cavidan Novruz cavablandırıb: "Bu məsələlərə heç vaxt qarışmadım, deyirdim ki, böyüklərdir, özləri bilər. Amma dözmədim artıq... Sən kimsən? İşin-gücün sosial şəbəkədə oturub, ona-buna şərh yazmaqdır. Bu yaşda "Facebook”da oturursan. Mənim atam heç "Whatsapp” nədir, bilmir. Sən kimsən, Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən. Sən Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq, nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur.
Bir ayağınız gorda ola-ola oturub, yaşınıza uyğun olmayan şərhlər yazırsınız. Müdrik olmağı bacarmadınız. O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novruz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda qoşalaşıb, insanların torbasını tikməkdir. Atamı 3 illik tutduracaqmış. Onun sonrasını düşün sən. Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim”.
Xatırladaq ki, xalq artistləri Ramiz Novruzla Ramiz Məlik arasında 2015-ci ildə yumruq davası olmuşdu. R.Məlik həmkarından polisə şikayət etmişdi.
Məsələyə münasibət öyrənmək üçün Ramiz Novruzla əlaqə yaratdıq. "Şərq”ə açıqlama verən Ramiz Novruz oğlunun bu məsələyə qarışmasını belə izah etdi:
"Mən Cavidanın açıqlamasından xəbər tutan kimi ona iradımı bildirdim ki, bu məsələlərdə kənarda qalsın. Cavan oğlandı, dəliqanlıdı. Təbii ki, ailəsi barədə deyilən hər bir kəlmə ona təsir edə bilir. Kim istər ki, atasının adını kimsə hallandırsın. Cavidan yerini bilən oğlandı. Oğlum olduğu üçün demirəm. Amma eyni zamanda da gəncdi, cəsarətli, çox emosional biridir.
Görünür, oğul olaraq ona hansısa məqamlar toxunub. Mən oğluma tövsiyəmi bildirdim ki, oğul, sən bu məsələyə qətiyyən qarışma. Onun kim olduğunu hamı bilir. Təmkinli ol, istənilən halda səndən yaşda böyükdü, sən tərbiyəni qoru. İstəməzdim ki, bu məsələlərə övladım qarışsın. Oğluma da ata olaraq iradımı bildirdim ki, oğul, çalış səbrli ol, sən cavansan, bu məsələ artıq bağlanıb.
O insan qalmaqallarla gündəmə gəlməyə çalışır. Ramiz Məliklə aramızda illər əvvəl insident baş vermişdi. Yaşda məndən böyük olduğu üçün məhkəmədə ondan üzr istədim. Ramiz Məlik isə bundan da reklam olaraq istifadə etdi. Xatırladım ki, Ramiz Məlik təkcə mənimlə teatrda qalmaqal yaşamayıb. Bu kimi hallar bir neçə əməkdaşımızla baş verib.
Ramiz Məlik yaddan çıxmış biri idi. Görünür, Məleykə Əsədova ilə qalmaqal etməklə yenidən diqqət çəkib, reklam olunmaq istəyir. Məleykə Əsədova tanınmış, gözəl xanımdı. Onun sahəsində Ramiz Məlik yada düşdü. Buna görə Ramiz Məlik təkcə təzminat deyil, Məleykə xanıma qonorar da ödəməlidir ki, onun sayəsində unudulmuş insan yada düşdü. Ramiz Məlikin kiminlə problemi olmayıb ki? Maraqlanın, görün teatrda bu insana hörmət edən kimisə tapa bilərsiz. Allahın unudulan zavallı insanıdır. Allah yardımçısı olsun”.
Tahirə