Rauf Əliyev: Azərbaycan xalqı tərəqqi və stabilliyə səs verdi”




"Prezident seçkilərindən əvvəl keçirilən müxtəlif rəy sorğuları da göstərirdi ki, cənab İlham Əliyevin reytinqi həmişəki kimi çox yüksəkdir”.

Bunu "Sherg.az”a ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatına münasibət bildirərkən millət vəkili Rauf Əliyev deyib. Onun sözlərinə görə, seçkinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan xalqı öz liderinə inanır, dövlət başçısı kimi ancaq İlham Əliyevə güvənə bilər:

"51 xarici KİV-in 118 nümayəndəsinin, 59 ölkəni, 61 beynəlxalq təşkilatı təmsil edən 894 xarici müşahidəçinin də daxil olduğu 60 minə yaxın müşahidəçi ordusunun mütləq əksəriyyətinin fikrincə, seçki prosesi azad, demokratik və şəffaf şəraitdə keçirilib. ATƏT (DTİHB), ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının çoxsaylı müşahidəçiləri də ayrı-ayrılıqda həmin mövqeyi açıq şəkildə bəyan ediblər. Lakin bu qurumların adından yayılan bəyanatlarda çoxminlik müşahidəçilərin, həm də öz müşahidəçilərinin fikirlərindən fərqlənən mövqe nümayiş etdirilib. Ümumilikdə bütün seçki məntəqələrinin nəticələrinə kölgə salmaq istədilər. Bu qurumların bəyanatlarında qeyd olunanlar ATƏT DTİHB-nin, ATƏT PA və Avropa Şurasının PA-nın müşahidə missiyasının hesabatlarının tərtibi zamanı bu təşkilatların müşahidəçilərinə missiya rəhbərliyi tərəfindən siyasi məqsəd daşıyan təzyiqlərin göstərildiyi hiss olunur”.

Belə yanaşmanın missiyanın obyektivliyinə kölgə saldığını vurğulayan deputatın fikrincə, missiyanın rəhbərliyinə daxil olan bəzi şəxslərin, xüsusilə, missiya rəhbərinin müavini Ştefan Krauzenin hamıya məlum anti-Azərbaycan fəaliyyəti, Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı daim aşkar mənfi mövqeyi fikirləri bir daha təsdiqləyir:

"Həmin şəxs o cümlədən, düşmənimiz olan Ermənistana qarşı dost münasibətdə olması ilə diqqət çəkir. ATƏT DTİHB-nin təkidi ilə belə bir şəxsin missiyada məsul vəzifəyə təyin olunması hazırlanacaq hesabatın qeyri-obyektiv olmasını öncədən müəyyənləşdirirdi. Bu azmış kimi, seçki prosesini izləmədən hesabatı əvvəlcədən hazırlanması bu müşahidə missiyasının Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv mövqedə olmasına sübutdur. ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın adından yayılmış bəyanat Avropada fəaliyyət göstərən anti- Azərbaycan qüvvələr tərəfindən planlaşdırılmış növbəti təxribatdır. Ancaq bu qüvvələr bilsinlər ki, heç bir qüvvə Azərbaycanı öz seçdiyi yoldan döndərə bilməz. Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevi prezident seçməklə stabilliyə, müstəqilliyə, tərəqqi və inkişafa səs verdi”.

Qeyd edək ki, bu il aprel ayının 11-də Azərbaycanda tam demokratik və şəffaf mühitdə prezident seçkiləri keçirilib. Azərbaycan xalqı sərbəst şəkildə səsvermə prosesində iştirak edərək böyük iradə nümayiş etdirib. Nəticədə dövlət başçısı İlham Əliyev 86, 03 faiz səs toplayaraq Prezident seçilib. Lakin ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyası bu seçkilərlə bağlı qərəzli hesabatla çıxış edib və bu hesabat Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub.


Aysel Aslan