"Rayonlardan Bakıya axın bir qədər azalıb" - VÜQAR TOFİQLİ




Rayonlar daha ciddi şəkildə inkişaf etdirilməsə, sakinlərin paytaxta axını gələcəkdə problemlər yarada bilər.

Bunu Sherg.az-a Bakının əhalisinin sayının 2035-ci ilə qədər 4 mln. nəfərə çatacağı proqnozuna münasibət bildirərkən, Vətəndaş Cəmiyyətinə Dəstək İctimai Birliyinin sədri Vüqar Tofiqli deyib. 

Onun sözlərinə görə, paytaxtın əhalisi hazırda da kifayət qədər çoxdur və bu artım davam edir: 

"Əsasən rayonlardan şəhərə köçənlərin sayı artır. Bunun qarşısının alınması üçün regionların inkişafına dair 2008-2012-ci il dövlət proqramı həyata keçirildi və bu sahədə nəzərəçarpan irəliləyiş oldu. 

İstənilən halda rayonlara sərmayənin qoyulması, kənd təsərrüfatının inkişafı, əhalinin bu sahələrə cəlb olunması üçün daha çox diqqət ayrılmalıdır ki, gənc nəslin də rayonda yaşamağa marağı artsın. Artıq təhsilini bitirdikdən sonra, onlar rayonlarda qalıb, işləməyə davam edəcəklər. Düzdür, indi paytaxta axın bir qədər azalıb. Bu iqtisadi geriləmənin yaratdığı təsirlərdir. Kirayədə qalan sakinlər rayonlara qayıdır, orada hər hansı işlə məşğul olmağa, müəyyən bir sahənin inkişafına çalışır. Hazırda müəyyən güzəştlər edilib, şərait yaradılsa da, geniş əhəmiyyət kəsb etmədiyindən gənclərin cəlb edilməsi zəifdir. Bunun qarşısı alınmasa sözsüz ki, şəhərə axın iqtisadi və sosial cəhətdən çətinliklər yarada bilər".

Qeyd edək ki, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov Bakının hazırlanan baş planına görə, şəhərdə əhali sayının 2035-ci ilə qədər 4 mln. nəfərə çatacağını deyib.

Aysel Aslan