ABŞ kəşfiyyatı ikinci dəfə Qarabağda müharibə anonsu verib
“Savaşın şiddətlənməsi Türkiyə, Rusiya və İran daxil olmaqla geniş bir ərazini əhatə edən qlobal qarşıdurmaya səbəb ola bilər”
ABŞ Milli Kəşfiyyat Direktorluğu tərəfindən dərc edilən "Dünya üzrə təhdidlərin qiymətləndirilməsi” adlı məruzədə Dağlıq Qarabağda münaqişənin ciddi eskalasiyası proqnozlaşdırılıb. Kəşfiyyat xəbərdarlıq edib ki, Qarabağdakı gərginlik Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişənin başlanmasına gətirib çıxara bilər:
"Rusiya özünün regional müttəfiqini - Ermənistanı dəstəkləməyə məcburdur. Hər iki tərəfin güzəştə getmək istəməməsi, güclənən daxili təzyiq, Azərbaycan Silahlı Qüvvələrinin möhkəm müasirləşdirilməsi və Rusiyanın yeni texnikasının Ermənistana satılması 2018-ci ildə genişmiqyaslı münaqişə riskini saxlayır”.
Son bir ay ərzində ABŞ kəşfiyyatı ikinci dəfə Qarabağda müharibə anonsu verib. Xüsusən vurğulanıb ki, seçkilərdən sonra cəbhə xəttində vəziyyət daha da gərginləşəcək. Hətta hərbi toqquşmalar başlayacaq. Siyasi ekspertlər proqnoz şəklində verilən kəşfiyyat məlumatlarını müxtəlif cür şərh edirlər. Bəziləri Amerika kəşfiyyatının məlumatlarını ənənəvi və qeyri-ciddi hesab etsələr də, müharibə proqnozlarına kifayət qədər ciddi yanaşanlar da var.
İddiaları "Şərq”ə dəyərləndirən politoloq Əli Orucov deyib ki, ABŞ-ın kəşfiyyat qurumu ciddi təhlillərə və mötəbər məlumatlara əsaslanaraq bu cür təhlükəli proqnoz verib. Ekspertin fikrincə, regionda vəziyyət olduqca mürəkkəb və təhlükəlidir:
"Ermənistanın təcavüzkar siyasəti davam etməkdədir. Əlbəttə, Azərbaycanın xarici təcavüzdən özünü qorumaq haqqı var. Bu, beynəlxalq hüququn, xüsusən də BMT Nizamnaməsinin verdiyi vazkeçilməz hüquqdur. 2016-cı ilin "aprel müharibəsi” bir daha sübut etdi ki, cəbhə xəttində hər an vəziyyət dəyişə bilər. Anlamaq lazımdır ki, bu müharibə təkcə Cənubi Qafqaz üçün təhlükəli deyil. Savaşın şiddətlənməsi Türkiyə, Rusiya və İran daxil olmaqla geniş bir ərazini əhatə edən qlobal qarşıdurmaya səbəb ola bilər.
Bundan başqa, müharibədə tətbiq ediləcək silahlar miqyasına və gücünə görə əvvəlki müharibədən fərqlənəcək və daha dağıdıcı olacaq. Rusiya birbaşa olmasa da, hibrid formada müharibəyə qoşulacaq”.
Lakin analitik ciddi hərbi toqquşmaların yaxın dövr üçün baş verəcəyini mümkün hesab etmir:
"Bu gün beynəlxalq güclərin əsas hədəfi karbo-hidrogen və qaz yataqları ilə zəngin olan, tranzit xətlərin keçdiyi Yaxın Şərq uğrunda mübarizəyə yönəlib. Düzdür, Qərb aləmi Rusiyanı bir neçə cəbhədə müharibəyə cəlb etmək üçün Ermənistan-Azərbaycan arasında münaqişəni qızışdıra bilər. Bu addım həm də Moskva-Türkiyə yaxınlaşmasına xələl gətirmək üçün atıla bilər. Nəzərə alaq ki, Türkiyə və Rusiya arasındakı ciddi ixtilaf məsələlərindən ən həlledicisi məhz Dağlıq Qarabağ müharibəsidir”.
İsmayıl