“Reket jurnalistika”dan əziyyət çəkirik

Əflatun Amaşov təklif edir ki, Mətbuat Şurasının hüquqi statusu dəyişdirilsin
Müşfiq Ələsgərli: “Kim istəyirsə, araşdırma aparıb dünya ölkələrində, mətbuat şuralarının fəaliyyətini öyrənə bilər. Əminəm ki, Mətbuat Şurası sədrinin irəli sürdüyü təklif dünyadakı mövcud modellərdən kənara ç




Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin ötən iclasında rəhbəri olduğu təşkilatla bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklifini səsləndirib. Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir. Millət vəkili təklifini belə əsaslandırıb:

- Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla qazanc vasitələrini sadələşdirir. Kimlərdənsə dəstək alırlar. Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdan ibarətdir:

- Bununla medianı daha yaxşı balanslaşdırmaq mümkün olar. Bundan əlavə, medianın adından sui-istifadə halları da azalar. Medianın özü də bunda maraqlıdır. Bunun həlli Mətbuat Şurasının fəaliyyətində təkmilləşdirmə işindən keçir. Mətbuat Şurası ilə bağlı qanun layihəsi qəbul oluna bilər. Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. "Reket jurnalistika”dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə "reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var.

Mətbuat Şurası sədrinin qaldırdığı məsələ və buna müvafiq olaraq da irəli sürdüyü təklif təbii ki, əsl medianın ürəyincədir. Reket jurnalistikanın şərəfli keçmişə və hazırkı demokratik mühitdə formalaşmış müstəqil, azad mediaya necə ağır zərbə vurduğu bəllidir. Reketçiliklə məşğul olanlar illərdir həqiqi medianın adına yalnız ləkə gətirməklə məşğuldurlar. Bu mənada əlbəttə, Mətbuat Şurası sədrinin qaldırdığı məsələ aktualdır və həll olunmasını da mətbuat işçiləri çox arzulayır. Amma məsələ o qədər də asan və sadə deyil. Ortada qeyri-hökumət təşkilatı statusunda bir qurum - Mətbuat Şurası var. Qeyri-hökumət təşkilatı statusunda olan bir quruma hansı əlavə status və ya səlahiyyət verilə bilər? Və belə olacağı təqdirdə, bu, hamımızın öyündüyü müstəqil mətbuat, fikir və söz azadlığına qarşı olmayacaq ki?! Vacib və ehtiyatlı davranmağı tələb edən məsələdir.

Hüquqi status dəyişikliyi niyə istənilir?

Qeyd edək ki, Mətbuat Şurası sədrinin səsləndirdiyi təkliflə bağlı fikirlərini bildirənlər də əsasən şuranın qeyri-hökumət təşkilatı statusunda olduğuna diqqət çəkdilər.
Bu, Mətbuat Şurasının Nizamnaməsində də əksini tapır. Qısa xatırlatma bizcə, yerinə düşər; Azərbaycan Mətbuat Şurası könüllü, özünüidarəedən, gəlir əldə etməyi fəaliyyətinin əsas məqsədi kimi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır.

Şura fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericilik aktları, həmçinin öz Nizamnaməsi əsasında qurur.
Şura öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilər.

Şuranın fəaliyyətinin məqsədi və predmeti

Azərbaycanda söz və mətbuat azadlığının qorunması, jurnalistlərin Peşə Davranışı Qaydalarının tələblərinə, mövcud standartlara uyğun peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması, mətbuat vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həlli variantlarının araşdırılması, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılması, mətbuat azadlığı ilə bağlı məlumat və təkliflərin müvafiq vaxtlarda Azərbaycan hökumətinə, ictimai və digər təşkilatlara verilməsi, öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla, müvafiq xarici orqanlarla (qurumlarla) əməkdaşlığın təşkili, mətbuat işçilərinin peşə hazırlığının yüksəldilməsi üçün tədbirlərin görülməsi, mətbuatın adından sui-istifadə hallarının qarşısının alınması və buna dair müvafiq tədbirlərin görülməsi;
Şuraya daxil olmuş ərizə və şikayətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, mətbuat işçilərinin Şuranın işində iştiraka cəlb edilməsi, KİV və dövlət orqanları, təşkilat, idarə və müəssisələr, həmçinin KİV və vətəndaşlar arasında münaqişə yarandıqda, məhkəmə müdaxiləsi olmadan münaqişələrin həlli üçün onlara yardım göstərilməsindən ibarətdir.
Şuranın fəaliyyətinin predmetinə jurnalistlərin fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə yardımçı olmaq, eləcə də onların peşə funksiyalarını müstəqil surətdə həyata keçirmək barədə qanunun tələblərinin təmin edilməsinə nail olunması, peşə nüfuzunun qaldırılmasında, professional və mənəvi keyfiyyətlərin formalaşmasında, peşə davranışı normalarının gözlənilməsində jurnalistlərə kömək göstərilməsi daxildir. Şura öz məqsədinə nail olmaq üçün Nizamnamədən irəli gələn başqa vəzifələri də həyata keçirə bilər. Şura qarşısına qoyduğu vəzifələri yerinə yetirmək məqsədilə, dövlət orqanları və ictimai təşkilatlarla əlaqələr qurur, qanunvericiliyin və jurnalistika fəaliyyətinə dair təcrübənin təkmilləşdirilməsi ilə bağlı təkliflərlə dövlət orqanlarına və başqa təşkilatlara müraciət edir.
Hüquq və səlahiyyətlərinə uyğun olaraq bu Nizamnamədən irəli gələn digər vəzifələri həyata keçirir. Nizamnamədə nəzərdə tutulmayan məsələlər isə qanunvericiliklə tənzimlənir. Bizcə, Mətbuat Şurası sədrini hüquqi statusunun dəyişdirilməsi təklifini irəli sürməyə vadar edən Nizamnamədə nəzərdə tutulmuş "KİV və dövlət orqanları, təşkilat, idarə və müəssisələr, həmçinin KİV və vətəndaşlar arasında münaqişə yarandıqda, məhkəmə müdaxiləsi olmadan münaqişələrin həlli üçün onlara yardım göstərilməsi” bəndidir. Məhz Nizamnamədəki bu bənddən irəli gələn tələbə görə, Mətbuat Şurası reket jurnalistikası ilə ciddi mübarizə apara bilmədiyini iddia edir.
Bəs media mütəxəssisləri nə fikirdədir?


Mətbuat Şurasının statusuna yenidən baxıla bilər

Mətbuat Şurası sədrinin müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Şərq”ə açıqlamasında bildirdi ki, Mətbuat Şurası qeyri-hökumət təşkilatı statusunda olmasına baxmayaraq böyük missiya həyata keçirir:
- Mətbuat Şurasının fəaliyyəti analiz edildikdə görürük ki, təşkilat həqiqətən də çox böyük işlər görür. Mətbuat Şurasında 8 komissiya fəaliyyət göstərir. Gündəlik monitorinqlərin aparılması, dövlətlə media arasında əlaqələrin möhkəmlənməsi, reketçiliklə mübarizə, jurnalistlərə peşə fəaliyyətlərində göstərilən köməkliklər... saymaqla bitən deyil. Yəni, Mətbuat Şurası əslində, öz statusundan daha yüksək işlə məşğuldur. Bu mənada Şura üzvlərinin fədakarlığı xüsusi qeyd edilməlidir. Lakin məsələ burasındadır ki, Şuranın qərarları tövsiyə xarakterlidir. Tutalım, normal, demokratik mətbuat, ictimai rəyi əsas tutan media orqanları bu qərarları önəmsəyir, nəticə çıxarmağı qarşılarına məqsəd qoyurlar. Amma hamımız bilirik ki, ictimai rəyi nəzərə almayan, ictimai rəylə hesablaşmayan media orqanları da var. Onların gəlir yeri cəmiyyət olmadığı üçün cəmiyyətin nə düşündüyü, hansı dəyərə önəm verib-vermədiyi də nə maraqlıdır, nə də önəmli. Məlumdur ki, belə media orqanları hansısa qurumlarla işləyir, "qazancları”nı bu və ya digər şəxsləri təhqir etmək, hansısa dövlət təşkilatlarına, yaxud özəl şirkətlərə, konkret şəxslərə böhtan atmaqdan əldə edirlər. Bu mənada özünütənzimləmə orqanı kimi Mətbuat Şurasının hüquqi statusunun artırılmasına ehtiyac var. 


Hesab edirəm ki, Mətbuat Şurasının statusuna yenidən baxıla bilər. Mətbuat Şurasının jurnalistikamıza yad elementlərlə mübarizədə qanunvericilik müstəvisindən çıxış etmək imkanı olmalıdır. Məsələn, internet səhifələrini bloqlamaq mümkündür. Baxırsan ki, kimsə təhqir olunub, böhtan atılıb, əsassız informasiyalar yayılır, bloqlayırsan, bununla da iş bitir. Amma mətbuatı bloqlamaq mümkün deyil. Buna görə də qanunu pozanlara qarşı effektiv mübarizə metodları, işlək mexanizm olmalıdır.
Bəs Mətbuat Şurasının statusu artırılacağı təqdirdə bu, medianın təkrar - ötən əsrdəki kimi - dövlət nəzarəti altına alınması vəziyyətinə geri dönmək olmayacaqmı?

M.Ələsgərli qeyd etdi ki, Mətbuat Şurasının hüquqi statusunun artırılması təklifi heç bir halda medianın senzura dövrünə qayıdışı, yaxud KİV-in birbaşa dövlət nəzarəti altına alınacağı anlamını daşımır və bu barədə düşünmək belə lazım deyil:

- Burada söhbət, yalnız Mətbuat Şurasının təsir mexanizmlərinin artırılmasından gedir. Dünyada mətbuat şuralarının bir çox modelləri var. Kim istəyirsə, araşdırma aparıb dünya ölkələrində, yüksək inkişaf yolu keçmiş cəmiyyətlərdə mövcud olan mətbuat şuralarının fəaliyyətini öyrənə bilər. Əminəm ki, Mətbuat Şurası sədrinin irəli sürdüyü təklif dünyadakı mövcud modellərdən kənara çıxmır.
(davamı var)

Məlahət Rzayeva


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb