Repetitorların vergiyə cəlb olunması çətin proses olacaq

Ekspertlər deyir ki, bunun mexanizmini necə edəcəklər, məlum deyil
“Müəllimə nə düşüb ki, aşağısı 12-18 saat dərs keçəndən sonra məktəbdə qalıb və ya evə gəlib yenə şagird hazırlaşdırsın? Deməli, burada ehtiyac meyarı var”

Repetitorluq edən müəllimlərin vergiyə cəlb ediləcəyinə dair söz-söhbət dolaşır. Gəlirlərinin böyük hissəsini repetitorluqdan əldə edən müəllimlər də təbii ki, narahatlıq keçirməyə başlayıblar.

Məlumdur ki, son illər repetitorluq geniş yayılıb. Əksər müəllimlər dərsdən əlavə müəllimliklə -
repetitorluqla məşğul olur.

Bu məsələ dəfələrlə gündəmə gəlib ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilgini vermir,
bununla da şagirdləri əlavə saatlarda çalışmalara bir növ məcbur etmiş olurlar. Amma bunu hər
müəllimə də aid etmək doğru deyil. Təhsil ekspertləri bu fikirdədir ki, repetitorluq qəbul
imtahanlarında test üsuluna keçilməsi ilə başlayıb. Orta məktəb müəllimləri testlərdənkənar dərs
keçdikləri üçün məktəblilər qəbul imtahanlarında uğur qazanmaqdan ötrü test üsulu üzrə tədris
keçən müəllimlərlə əlavə məşğul olmağı üstün tuturlar. Repetitorluq demək olar, təhsilimiz Avropa
standartlarına inteqrasiya etdikcə özünə yer elədi. Yeni təhsil standartları yeni öyrətmə metodunu da
ortaya gətirdi və repetitorluq fəaliyyəti belə təşəkkül tapmağa başladı. Məsələn, ali məktəbə daxil
olmağı qarşısına məqsəd qoymuş şagirdin əlavə dərs çalışmalarına qatılmaması hazırkı şərtlərlə,
demək olar, absurd görünür. Bunun test tapşırıqları var, sinif müəllimlərinin belə həll edə bilmədiyi
misalları, məsələləri, açıq sualları, məntiqi-filanı... 

Elə hazırlıq kurslarının özü repetitorluğun bir növüdür. Son illərdə nə qədər hazırlıq kursları açıldı. Hamısında da xarici dil kursları, ayrı-ayrı fənlər üzrə hazırlıq, hətta sırf qəbul imtahanlarına hazırlıq aparanlar da var, eləcə də magistratura, dövlət qulluğuna imtahanlara hazırlıq. Fərq burasındadır ki, hazırlıq kursları icarəyə götürülmüş ofislərdə, hansısa binalarda yerləşir, fərdi repetitorluqla məşğul olanlarsa, ya işlədiyi məktəbdə dərsdən sonra qalıb şagirdləri hazırlaşdırır, ya da uşaqlar müəllimin evinə yığışır. Hazırlıq kursları ilə məsələ asandır, görünən dağa nə bələdçi. Fəaliyyət və bunun nəticəsində gəlir varsa, vergi də, yəqin ki, ödənir. Qalır, qeyri-leqal repetitorluqla məşğul olanlar. Əsas dərsdən sonra məktəbdə qalıb əlavə dərs keçənlər, həmçinin şəxsi mənzilində şagirdlərə əlavə dərs keçən müəllimlər vergiyə necə cəlb olunacaq? Yoxsa, kimsə uşağın ardınca düşüb, qarabaqara onu izləyəcək ki, görüm, hara gedir, kimin qapısını döyür və orada nə işlə məşğul olur?! Yoxsa, bu işi sahə müvəkkillərinə tapşıracaqlar - necə ki, biri həyətində ayaqyolu tikəndə başının üstünü kəsdirib "haqqını” alıb gedir, müəllimdən də haqq alsın?

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında repetitorların vergiyə cəlb edilməsinin çox çətin proses olacağını bildirdi:

- Mən bunun mexanizmini bilmirəm. Necə edəcəklər, hansı yolla? Belə bir təcrübə ilə də tanış
deyiləm. Repetitorluq təcrübəsi dünya ölkələrində geniş yayılıb. Hətta Yaponiyada repetitor
köməyindən hər valideyn istifadə edir. Dərsdən sonra uşaqlarını repetitorluq hazırlığına göndərirlər.
Yəni, bu, geniş yayılmış tədris üsuludur. Xüsusilə nəzərə alsaq ki, hazırda məktəb proqramı necə
çətindir, necə qəlizdir, şagirdlərin repetitor dəstəyi olmadan tədris proqramını tam qavraya biləcəyi
mümkün deyil. İndi ibtidai sinif proqramı elə qəlizləşdirilib ki, heç müəllimlər özü başa düşə bilmir,
o ki qaldı, uşaqlar. Valideyn məcburdur ki, uşağını əlavə müəllim yanına hazırlığa göndərsin.
Hazırda ibtidai sinif riyaziyyat dərsliyindəki anlaşılmaz tapşırıqları yalnız ali məktəb müəllimləri
həll edə bilir. Valideyn onun həllini ali məktəbdə dərs deyən müəllimdən, ya da tətbiqi riyaziyyat
mütəxəssisindən soruşur. Belə vəziyyətdə repetitorlarsız keçinmək qeyri-mümkündür. Görürsünüz,
dərsliklərdə nə qədər səhvlərə yol verilir. Tədris proqramının həddindən artıq ağır olması faktdır,
neçə dəfə bu barədə danışılıb, etirazlar bildirilib. Ən yaxşı, savadlı müəllim də dərs saatında bu
proqramı tədris edib başa vura bilmir. Ona görə də şagirdlərə əlavə vaxtda dərs keçmək zərurəti
yaranır. İkinci səbəb, ehtiyacdır. Kim istəməz ki, işdən gəlib, evində rahatlansın, beyni sakitləşsin.
Əqli əməklə məşğul olmaq çox ağırdır. Müəllimə nə düşüb ki, aşağısı 12-18 saat dərs keçəndən
sonra məktəbdə qalıb və ya evə gəlib yenə şagird hazırlaşdırsın? Deməli, burada ehtiyac meyarı var.
Hamımız bilirik ki, müəllimin əmək haqqı aşağıdır. Müəllimin çəkdiyi zəhmət müqabilində aldığı
əmək haqqı çox azdır. Buna görə müəllimlər əlavə şagird hazırlaşdırır. Burada fəaliyyətin daşıdığı
missiyanın çox böyük önəmi var. Burada daha çox savad vermək, daha çox biliklərə yiyələnməkvar. Repetitorluq sayəsində şagirdlər biliklərə daha yaxından yiyələnir. Bir halda ki, təhsil dövlət
siyasətinin əsas və ən başlıca prioritet sahələrindən biridir, müəllimlərin repetitorluq etməsinə əngəl
olmaq yox, əksinə, onu stimullaşdırmaq lazımdır. Məhz təhsil prioritet sahə olduğu üçün
repetitorluq fəaliyyəti vergidən kənar saxlanmalıdır. Dünyanın bir çox ölkələrində məhz belədir.
Təki uşaqlar təhsil alsın, biliyə yiyələnsin deyə, müəllimlərə heç bir məhdudiyyət qoyulmur. Həm
də repetitorluq elə də gəlirli sahə deyil axı. Nə qazanır, müəllim repetitorluqdan? Bəzən imkansız
ailələr müəllimin aylıq haqqını ödəyə bilmir. Amma müəllim yenə də "qoy uşaq gəlsin, proqram
yarımçıq qalmasın, sonra ödəyərsiz” deyib, uşağı təhsilə təşviq edir. Belə müəllimlər də var. Etiraf
etməliyik ki, bizim bu gün təhsildə əldə etdiyimiz nailiyyətlərdə repetitorluğun rolu çox böyükdür.
Ali məktəbə qəbul olunanları dindirin, böyük əksəriyyəti dərsdən sonra müəllim yanına əlavə
hazırlığa getdiyini deyəcək. Səbəbləri də dedik.

Müəllimlər repetitorluğa görə vergiyə cəlb olunacaqlarından narahatdırlar və narazıdırlar. Hesab
edirəm ki, repetitorların vergiyə cəlb olunması reallaşsa belə, gözlənilən nəticəni verməyəcək.

Məlahət Rzayeva