Reportyorları qınamaq doğru deyil

Çünki indi jurnalistikada xəbəri hamıdan tez ictimaiyyətə çatdırmaq mübarizəsi gedir




(əvvəli ötən sayda)

Medianın ən maraqlı və oxunaqlı sahələrindən biri reportaj janrıdır. Reportaj - ingilis dilindən tərcümədə "to report”, yəni "məlumat vermək” deməkdir. Ümumiyyətlə, reportaj termini tarixən bir neçə məna kəsb edib. İlk olaraq XIX əsrdə İngiltərə mətbuatında işlənilib. Həmin dövrdə parlament debatları və məhkəmə zallarından məlumat gətirən jurnalistləri "reportyor” adlandırırdılar. Elə indi də oxucuya, dinləyiciyə və tamaşaçıya hər hansı məlumatı çatdıran materiallara "reportaj” deyilir.

Müasir dövrdə jurnalistikada reportaj xüsusi janr kimi seçilir, medianın digər sahələri arasında aparıcı yer tutur. Çünki, bu janrın əsas vəzifəsi baş verən ictimai əhəmiyyətli, əlamətdar, bir çox hallarda qeyri-adi hadisəni obrazlı şəkildə canlandırmaq və oxucuya təqdim etməkdir. Reportajlarda sanki oxucuların özləri də baş verənləri yaxından seyr edir və hadisənin canlı iştirakçısına çevrilir. Ona görə də əsl reportajlar cəmiyyətdə böyük rezonans doğuran, ictimai maraq kəsb edən məqamlarla zəngin hadisələrə həsr edilir. Müxbirlər öz reportajlarında hadisə yerindən qaynar xəbərlər çatdırdıqlarına görə, reportaj jurnalistika janrı kimi müəllifdən şəxsi münasibət tələb edir. Reportaj şahidin vacib və aktual hadisə barədə öz hekayəsinə çevrilir. Çünki reportaj sadəcə faktların sadalanması deyil, həmçinin, şəxsi analiz deməkdir. O baxımdan jurnalist araşdırmasını həyata keçirən reportyorda bacarıq, təcrübə, səriştə kimi vacib keyfiyyətlər olmalıdır. Araşdırmaçı reportyor tədqiqatçılıq işini sona çatdırmaqda inadkar olmalı, müxtəlif maneələr qarşısında məyus duruma düşməməlidir. Önəmli sənədləri axtarıb tapa bilmə və onları qoruyub saxlamaq bacarığı araşdırma aparan jurnalistin diqqət yetirməli olduğu əsas məqamlardır. Nəzərə almaq lazımdır ki, sırf elmi araşdırma dar oxucu kütləsinə, jurnalistin apardığı araşdırma isə geniş oxucu auditoriyasına ünvanlanır və bu səbəbdən sonuncunun təsir dairəsi daha geniş olur. Media ekspertləri reportyorluğun önəmini vurğulasalar da, ölkəmizdə reportaj janrının inkişafdan geri qaldığını düşünürlər. Onların fikrincə, dünya ölkələri ilə müqayisədə Azərbaycan mətbuatında peşəkar reportyorların sayı çox azdır.

Məsələ ilə bağlı "Şərq”ə danışan media üzrə ekspert, professor Zeynal Məmmədli deyib ki, bu problem təkcə Azərbaycanla bağlı deyil, dünya mətbuatında reportaj janrına münasibət dəyişib: 

"İnformasiya kommunikasiya texnologiyaları və sosial şəbəkələr inkişaf edir. Bununla da virtual aləmdə hər şəxsin özü jurnalistə və redaktora çevrilir. Belə situasiyada media üçün hazırlanan materiallar təbii olaraq qısalır. Çünki indi xəbəri hamıdan daha tez ictimaiyyətə çatdırmaq mübarizəsi gedir, xəbərin doğru və yanlış olması məsələsi arxa plana keçir. Burada peşəkar media ilə mediaya bənzər vasitələrin yarışı müşahidə olunur. Bu uzunmüddətli yarışda peşəkar media qalib gələ və əvvəlki kimi optimal yazı həcmini ictimaiyyətə diktə edə bilər. O zaman materialın qısalığı doğruluğun ziyanına olmayacaq. Nəzərə almaq lazımdır ki, peşəkar qısalıqda həcm nəzarətdə saxlanılır və doğru xəbərlər yetərli ölçüdə oxuculara təqdim olunur”.

Ekspert bildirib ki, digər ən mühüm məsələ jurnalistlərin peşəkarlığı, təcrübəsi ilə bağlıdır: 

"Medianı idarə edənlərin də üzərinə məsuliyyət düşür. Sadəcə reportyorları qınamaq doğru deyil. Çünki son sözü deyən reportyor deyil, reportyor tapşırığı icra edəndir. Onu hadisə yerinə yönəldən redaktor və media meneceridir. Əgər hər iki tərəf peşəkardırsa, o zaman redaktorla reportyor arasında dialoq jurnalistikanın inkişafına xidmət edir. Bütövlükdə isə cəmiyyətin xeyrinə olur. Əks halda, bugünkü durum yaranır”. Professorun sözlərinə görə, Azərbaycan televiziyalarında proqram

təminatı və menecerlərin mövzu seçimi ilə bağlı problemlər var. Ona görə də efirlərdə geniş reportajlara yer verilmir: "Bilirsiz, media müasir şəraitdə diqqəti özünə cəlb etmək, oxucu auditoriyasını genişləndirmək istəyir və bunun üçün müxtəlif yollar axtarır. Təsəvvür edin ki, peşəkar media "Barselona” futbol komandasıdır, sosial media isə "Qəbələ”dir. Əgər komandalar arasındakı fərqi nəzərə alsaq, hansının qələbə qazanmaq şansının çox olduğunu müəyyən edir. Peşəkar qurumlar həmişə ən yaxşıları seçmə şansına sahib olurlar. Ona görə də daim uğur qazanırlar və karyera qura bilərlər. Aradakı fərq budur. Həqiqi media cəmiyyətə fayda üzərində köklənir. Sosial medianı isə çox asanlıqla təbliğat vasitəsinə çevirmək mümkündür. Çünki orada əsas olan doğru informasiyanı vermək deyil. Amma peşəkar medianın məsuliyyət hissi var”.

"Yeni Nəsil” Jurnalistlər İctimai Birliyinin rəhbəri Arif Əliyev bildirib ki, reportaj janrının çəkisi medianın materialları arasında sürətlə azalmaqdadır: 

"Reportaj bir müddət, xüsusən 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində geniş yayılmışdı. Ümumiyyətlə, o zaman reportajlar oxucunu və tamaşaçını hadisələrin içinə çəkməyi bacarırdı. Ona görə də həmin dövrlərdə Azərbaycan mediasında reportaj sürətlə inkişaf edirdi. Amma son zamanlarda vəziyyət dəyişib”. 

A.Əliyevin sözlərinə görə, reportaj qıtlığına səbəb olan bir sıra amillər var: 

"Məsələn, son dönəmlərdə jurnalistlərin məhkəmə reportajları hazırlamaq imkanları azalıb. Eləcə də digər qızğın hadisələr zamanı jurnalistlər hadisə yerindən kənarda qalırlar. İkinci mühüm amil isə kabinet jurnalistikası deyilən məvhumun geniş xarakter almasıdır. Kabinet jurnalistikası artıq canlı jurnalistikanı ayaqlar altına alıb. Bu proses xüsusilə internet mediada özünü göstərir. Jurnalistlər otaqdan çıxmadan, komputerin arxasından durmadan materiallar hazırlayırlar və biri-birindən "copy past” etməklə yayırlar. Amma bu problem təkcə ölkəmiz üçün xas deyil, hazırda bütün dünya mediası belədir. O baxımdan reportajların azalması Azərbaycan mediasının artıq bu sahəyə önəm verməməsi anlamına gəlmir. Problemin yaranma səbəbləri başqadır. Maraqlı reportajları hazırlamaq indi çox çətindir. Halbuki otaqda oturub ordan-burdan xəbər oğurlamaqla 5 qat artıq pul qazanmaq mümkündür”.

APA TV-nin xəbər müdiri Cavid Cabbaroğlu da hesab edir ki, reportaj Azərbaycan mətbuatının ən yaralı yerlərindən biridir: 

"Bir ara bu sahə janr olaraq sıradan çıxmaq üzrə idi. Lakin şükürlər olsun ki, son illər istər yazılı, istərsə də elektron KİV-də reportaj janrına diqqət artıb. Oxucuların da reportaj janrına marağı böyükdür. Təkcə APA TV-də son bir həftədə Qubada 10 yaşlı Nurayın ailə dramı, yaxud dilənçilik etməklə 12 nəfərlik ailəni saxlayan Həmdullanın həyat hekayələrinin izlənmə sayına baxmaq kifayətdir. Məncə, reportaj hələ mətbuatımızın inkişaf etməkdə olan sahəsidir və ciddi reportyor hazırlığı tələb edir. Nə qədər ki, mətbuatda Səbuhi Məmmədli, Ləman Ələşrəfqızı, Sevinc Vaqifqızı kimi peşəkarlar çalışır, gənc jurnalistləri onlardan öyrənməyə çağırıram”.

"Bakipost.az” saytının baş redaktoru Elçin Zahiroğlu vurğulayıb ki, reportaj janrının get-gedə sıradan çıxması, həcminin azalması internet medianın istiqaməti ilə bağlıdır: 

"Bunun kökündə çox tirajlanmaq istəyi durur. İnternet media daha çox informasiyalara qaçır. Əsas səbəblərindən biri odur ki, saytlarımız daha çox sosial şəbəkələrdə paylaşımlar etməklə uğur qazanmağa üstünlük verirlər. Bu baxımdan daha lakonik, xırda informativ materialları seçirlər. Məsələnin digər tərəfi odur ki, hazırda media bazarında daha çox xəbər paylaşmaq və kiçik imkanlarla "böyük” görünmək cəhdi müşahidə olunur. Yəni hansısa saytın sadəcə bir əməkdaşı varsa, onu redaksiyada saxlayıb, 5-6 informasiya yazmağa məcbur etmək daha məqsədəuyğundur, nəinki, tək müxbiri harasa reportaj hazırlamağa göndərmək. Əsas problemimiz budur. Bununla yanaşı, ölkəmizdə yaxşı reportyor çatışmazlığı da var”. 

Baş redaktor deyib ki, reportaj medianın əsas sahələrindən hesab olunsa da, təəssüflər olsun ki, bu sahədə hamı korluq çəkir: 

"Ancaq hesab edirəm ki, zaman keçdikcə reportaj janrı inkişafa qədəm qoyacaq. Əvvəllər media orqanları əsasən bu janra üstünlük verirdilər və oxucu auditoriyalarını reportajlarla çoxaldırdılar. Çox güman ki, bənzər saytların xəbərləri "copy past” edib yaymaq ənənəsi zamanla sıradan çıxacaq. Rəqabət olarsa, hər mətbu orqan özəl informasiya əldə etməyə, maraqlı reportajlar hazırlamağa səy göstərəcək. Belə olan təqdirdə reportajlar həlledici məsələyə çevriləcək və populyar olacaq. O zaman peşəkar reportyorların sayı artacaq”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb