Restoran sahibləri ETSN-nin tələblərinə niyə məhəl qoymurlar ? – Məmur faktoru...




"Hər bir restoran və yaxud şadlıq evini hansısa vəzifəli şəxs himayə edir”.

Bu sözləri "Sherg.az”a açıqlamasında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, restoranların fəaliyyəti ilə bağlı adi sahibkarlar məşğul olsalar, onlar nazirliyin xəbərdarlığa əməl edərlər:

"Restoran sahibləri himayədarlarına güvənərək ETSN-nin tələblərinə məhəl qoymurlar. Düşünürəm ki, nazirlik də onların qarşısında müəyyən qədər zəiflik göstərir. Bəlkə də restoranları himayə edənlər elə məmurlardır ki, onlara heç bir söz deyə bilmirlər.

 Amma ekologiyanın təmiz saxlanması üçün müvafiq qurumların etdiyi xəbərdarlığı qulaq ardına vurmaq düzgün deyil. Araşdırma aparsaq görərik ki, hansısa restoranın sahibi var, amma yuxarıdan bir məmur ona dəstək verdiyi üçün nazirliyin qərarını ciddiyə almırlar. Bu cür yanaşmadan əl çəksək, problem həllini tapa bilər. Yox əgər eyni vəziyyət yaşanacaqsa, neqativ halların da ardı kəsilməyəcək”.

Qeyd edək ki, Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ETSN bəzi restoranlara xəbərdalıq edilib. Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub. Bunlar "Real”, "Golden Ring”, "Sonalar Sonası”, "Milord”, "Həyat”, "Cənnət”, "Flaminqo”, "Qızıl Buta”, "Madonna”, "Afrodita”, "Oazis”, "Qızıl Tac”, "Gold Palace”, "Niel”, "İdeal”, "Şəhanə” və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib.

Yeganə Bayramova