"...Vətən övladları öz istiqlaliyyətinə qovuşanda mühacirlərin məzarlarına da sahib çıxacaqlar, onlar da vətənlərinə qayıdacaqlar""Rəsulzadə Ə.Topçubaşovun məzarı, nəşi üçün vətəninə qovuşmasını diləyirdisə, yəqin ki, son nəfəsində “Azərbaycan” kəlməsini deyən bu insanın vətənində dəfn olunmaq ən böyük arzusu olardı"
"Azərbaycan mühacirətinin xaricdə olan nümayəndələrinin məzarlarının ölkəyə gətirilməsi məsələsi dövlət səviyyəsində təşkil edilmiş komissiya tərəfindən həll olunmalıdır”.
Bunu "Sherg.az”a Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadənin məzarının Bakıya gətirilməsindən danışarkən tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova deyib. O vurğulayıb, bu məsələdə tədqiqatçıların, tarixçilərin, həmin şəxslərin ailə üzvlərinin və ictimaiyyətin rəyi nəzərə alınmalıdır:
"Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi Əlimərdan bəy Topçubaşovun məzarı Parisdədir. Onun dəfni zamanı Məhəmməd Əmin Rəsulzadə çıxış edərək bildirib ki, gün gələcək vətən övladları öz istiqlaliyyətinə qovuşanda mühacirlərin məzarlarına da sahib çıxacaqlar, onlar da vətənlərinə qayıdacaqlar. Əgər Rəsulzadə Ə.Topçubaşovun məzarı, nəşi üçün vətəninə qovuşmasını diləyirdisə, yəqin ki, son nəfəsində "Azərbaycan” kəlməsini deyən bu insanın vətənində dəfn olunmaq ən böyük arzusu olardı.
Bütün mühacirət nümayəndələrinin məzarları xarici ölkələrdə qorunur, ziyarətgah yerlərinə çevrilir. Elələri var ki, unudulub, tədqiqatçılar onları yenidən tapırlar, bərpa edirlər və Azərbaycan cəmiyyətinə məlumat verirlər. Ona görə, buna ümumi deyil, fərdi – həmin xadimlərin fəaliyyəti, dəfn edildikləri məkanlar nəzərə alınaraq yanaşmaq lazımdır. Hesab edirəm ki, Azərbaycan cümhuriyyətinin 100 illiyi ərəfəsində Bakı şəhərində xüsusi Cümhuriyyət Xiyabanının salınmasına, Cümhuriyyət nümayəndələrinin adları həkk olunmuş kompleks abidənin qoyulmasına böyük ehtiyac var. Hansı məzarların ki, xaricdə qorunması pul ödənilməsi hesabına başa gəlirsə, xüsusilə bu məzarların köçürülməsi baş tutmalıdır. Çünki pul ödənilməsi dayandırılan zaman həmin məzarlar itəcək və xarici ölkənin qanunvericiliyinə uyğun istifadəyə veriləcək”.
F.Əhmədova əlavə edib ki, Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin məzarı həm dövlət səviyyəsində, həm də Azərbaycanın orada fəaliyyət göstərən müvafiq qurumları tərəfindən xüsusi qayğı ilə qorunur:"Ziyarətgaha çevrilən məzar cəmiyyət tərəfindən də ehtiramla yad edilir. Rəsulzadənin məzarının ölkəmizə köçürülməsinin təklif edilməsinə səbəb məzarın baxımsız qalması deyil. Sadəcə həmin insanların istiqlaliyyət arzusu, Azərbaycana qovuşmaq, dövləti müstəqil görmək istəyi, bu yolda apardığı fədakar mübarizə cəmiyyətdə onların məzarlarına sahib çıxmaq arzusu doğurur. Bütün hallarda son qərar dövlət tərəfindən müəyyən olunmuş xüsusi komissiya tərəfindən veriləcəkdir”.
Xatırladaq ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Məhz bu mənada Cümhuriyyətin quruclarından olan dahi Məhəmməd Əmin Rəsulzadənin qəbrinin Türkiyədən Azərbaycana gətirilməsi məsələsi gündəmə gəlib.
Aysel Aslan