"Rəsulzadənin doğum və anım günləri xüsusi qeyd olunmalıdır” - Tarixçi alim

""Azərbaycan Xalq Cümhuriyyəti ili”ndə Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum və anım günləri xüsusi qeyd olunmalıdır”.
Bu barədə "Sherg.az”a "M.Ə.Rəsulzadənin vəfatının 63-cü il dönümü necə qeyd olunmalı idi ?" sualını cavablandırarkən tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova danışıb. 
O xatırladıb ki, Rəsulzadə Azərbaycan Cümhuriyyətinin ilk dövlət başçısı olub:
"Azərbaycan Milli Şurası AXC-nin qanunverici orqanı idi. Şuranın sədri isə M.Ə.Rəsulzadə olub. Cümhuriyyətin 100 illiyində respublikanın başçısının, Cümhuriyyətin əsas ideoloqunun, Azərbaycan milli hərəkatının başçısının fəaliyyətini dərindən tədqiq və təhlil etməyə böyük ehtiyac var. Çünki cümhuriyyətçi şəxsiyyətlərin yalnız adını bilməklə kifayətlənmək olmaz. Azərbaycan dövlətçiliyinin varisliyi, milli düşüncənin inkişaf tarixi Rəsulzadənin fəaliyyəti öyrənilmədən araşdırıla bilməz.
Rəsulzadənin anım günündə Azərbaycanın Türkiyədəki səfirliyi və oradakı vətəndaşlarımız onun məzarını ziyarət etməlidir. Kütləvi İnformasiya Vasitələrində məlumatlar, verilişlər yayımlanmalıdır. Bu cür dəyərləndirmə yalnız Rəsulzadəyə deyil, Cümhuriyyət tarixində yüksək yeri olan bütün şəxsiyyətlərimizə aiddir.
Cümhuriyyət ilində Rəsulzadənin nəzəri, siyasi irsinin toplanıb dərc etdirilməsi işini davam etdirmək lazımdır. Araşdırmaçı Şirməmməd Hüseynov Rəsulzadənin əsərlərinin toplayaraq, çoxcildli kitab şəklində nəşr etdirib. Cümhuriyyət dövrü irsinin araşdırılması da müsbət addımdır.
Şəxsiyyətin öyrənilməsi siyasi baxımdan da aktuallıq kəsb edir. Siyasətçilərin, dövlət adamlarının nəzəri, əməli irsinin incələnməsi bundan sonrakı müqəddəratımızda, dövlətçiliyimizin inkişafında dərs çıxarılmalı məqamları diqqətdə saxlamaq üçün əhəmiyyətlidir. Elə məsələlər var ki, vaxtilə şəxsiyyətlərimizin tutduğu mövqeyi, atdığı addımları müqayisə etməli oluruq. Bu, hər zaman aktuallığını saxlayan mövzudur”.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. 1955-ci il mart ayının 6-sında isə Türkiyənin Ankara şəhərində dünyasını dəyişib.
Aysel Aslan