Reytinq bəlası...
“Səni axtarıram” proqramının səhnə arxası kadrları gündəm oldu
Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram” proqramının çəkilişlərindən birinin görüntüsü ortaya çıxıb. Həmin görüntülər proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir. Kadrlarda səhnə arxasında baş verənlər əks olunub. Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir.
Bu zaman efirə çıxarılacaq "qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Hətta efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim "qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir. Qeyd edək ki, məlum görüntülər ictimaiyyətdə fikir ayrılığı yaradıb. Cəmiyyətin böyük bir kəsimi hesab edir ki, həmin kadrlar gerçəkdən də layihə müəlliflərinin reytinq naminə seyrçiləri aldatdıqları, saxtakarlıq etdikləri faktını ortaya çıxarır.
Bir qrup şəxs isə teleaparıcını müdafiə xarakterli açıqlamalar verərək videonun Xoşqədəm Baxşəliyevanın peşəkar karyerasına zərbə vurmaq və onu ictimai rəydə gözdən salmaq məqsədi ilə ATV kanalı tərəfindən meydan.tv saytına sızdırılması ehtimalının üzərində dayanır.
"Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının heç bir rolu yoxdur
"Azad Azərbaycan” teleşirkəti tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının vaxtilə ATV-də yayımlanan "Səni axtarıram” verilişi ilə bağlı kadrarxası görüntülərinin yayılmasına rəsmi münasibət bildirib. Şirkətdən verilən məlumatda qeyd olunub ki, "Azad Azərbaycan” Teleradio Yayım Kompaniyası hər zaman ictimai və dövlət maraqlarını üstün tutan yayım siyasəti yürüdüb və bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.
MTRŞ sosial problemli insanların üzərində şou yaradılmasının qəti əleyhinədir
"Səni axtarıram” verilişinin dünən yayılan kadrarxası görüntülərinə 2014-cü ildə baxdığını deyən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, həmin vaxt verilişdə saxta ssenarilərin olması ilə bağlı MTRŞ-yə məlumatlar daxil olub:
"Bu məsələ hələ 2014-cü ildə bizim diqqətimizdə idi. O vaxt biz bu tip məlumatlar haqda ATV telekanalının rəhbərliyini məlumatlandırdıq, onlar da bundan nəticə çıxartdılar. Verilişin ATV telekanalında yayımı dayandırıldıqdan sonra, veriliş ANS-də yayımlanmağa başlandı. Mən ANS rəhbərliyini Şuraya dəvət edib, məlum görüntülər haqda onlara məlumat verdim və onlardan bu məsələni ciddi nəzarətdə saxlamalarını tələb etdim. Eyni zamanda, onlara bildirdim ki, bu məsələ Şuranın diqqətindədir. Əgər verilişlə bağlı hər hansı problem olacaqsa, buna qarşı ciddi tədbirlər görüləcək. O zaman şou xarakterli verilişlərə qarşı ciddi tədbirlər görülürdü. Biz işimizi hüquqi müstəvidə görürük. Bu gün yayılan görüntülər efirə getməyib. Lakin biz hələ o vaxt buna qarşı laqeyd qalmadıq, bunu bir informasiya kimi qəbul etdik”.
N.Məhərrəmli MTRŞ-nin sosial problemli insanların üzərində şou yaradılmasının qəti əleyhinə olduğunu deyib:
"Biz çox istərdik ki, televiziya kanalları sosial problemli insanlar üzərində ciddi proqramlar hazırlayıb, onlara kömək göstərsinlər. Bəzən biz onlara qarşı iradlarımızı bildirəndə telekanallar çoxsaylı insanların müraciətini əsas gətirir. Təbii ki, biz də o kateqoriyadan olan insanların probleminin həll olunmasını çox istəyirik. Amma telekanallar sosial problemli insanlar üzərində şou yox, ciddi xarakterli verilişlər hazırlasalar, daha doğru olar”.
MTRŞ sədri sonda hazırda Xəzər TV-də yayımlanan "Səni axtarıram” verilişi ilə bağlı onlara hər hansı neqativ məlumat daxil olmadığını deyib.
Bu tip verilişlərdə emosional dalğa yaratmaq adi haldır
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, tanınmış teletənqidçi Qulu Məhərrəmli isə ortaya çıxan situasiyanın arzuolunan hal olmadığını deyib. Amma professorun qənaətincə, dərinə baxsaq, bu tip verilişlərdə belə gözlənilməz hadisələr göstərmək, emosional dalğa yaratmaq adi haldır:
"Heç vaxt o verilişə baxmamışam. Nadir hallarda ancaq. Həmişə "dermantin” təsiri bağışlayıb mənə. Axıdılan göz yaşları, kədərli anlar... O verilişin teatrlaşdığı dərhal bilinirdi. Tragikomediyadır bu. O görüntülərə də baxdım. Ürəyim ağrıyır. İnsanların yaşantıları, hissləri ilə oynamaq olmaz, qətiyyən olmaz. Bu cür proqramlar bir az dramaturgiya, bir az televizordan başı çıxan, bəsirət gözü açıq, hissiyyatı olan adamlar üçün tamamilə nəyə xidmət etdiyi aydındır. Bu cür proqramlar kifayət qədərdir. Belə proqramların yerinə mədəniyyət verilişləri, teatr verilişləri, poeziya dəqiqələri verilişləri olmalıdır... Bunlar gəlib başqasının yerində oturublar. Bileti əldə olan biz, ancaq bizim yerimizdə oturan onlar. Ədəbiyyat, sənət verilişlərinə baxılmır. Amma efirlə bağlı çox ciddi islahatlar getməlidir. Üç dəfə, beş dəfə baxandan sonra hamı alışacaq”.
Qulu Məhərrəmlinin sözlərinə görə, bu tip dramatik anlar hadisənin mahiyyətindən yarananda tamaşaçı tərəfindən qəbul oluna bilər:
"Bu, o halda qəbul olunur ki, həmin gözləntilər hadisənin mahiyyətindən yaransın. Verilişi montaj edəndə hadisələr elə düzülə bilər ki, onun məntiqindən müəyyən dramatizm yaransın. Bu üsullar etikaya uyğun olmalıdır. Hadisələrin mahiyyətindən qaynaqlanmalıdır. İndiki halda isə biz belə bir situasiya ilə rastlaşmırıq. Sadəcə olaraq əvvəlcədən hazırlanmış formada real personajın davranışına müdaxilə var. Belə süni müdaxilə yolverilməzdir. Həmin görüntülərdə tamaşaçıların hissləri ilə oynayıblar. Çalışmaq lazımdır ki, bu cür hallara yol verilməsin” .
Mən bir başa qaralamağın əleyhinəyəm
O tip verilişlərdə səhnələşdirilmədən istifadə edildiyini vurğulayan media eksperti Zeynal Məmmədlinin sözlərinə görə, önəmli olan böyük reytinq qazanmaqdır:
"Əsas odur ki, insanlar problemlərini dilə gətiriblər. Səhnələşdirmələr, uydurmalar, qıcıqlandırmalar var. Bu normaldır. Dramatizm yaranır, diqqət doğurur, reytinq göylərə qalxır. Bütün bunları Xoşqədəmə yönəltmək beldən aşağı zərbə vurmaqdır. Beldən aşağı zərbə vurmaq lazım deyil. Zərbəni çirkaba vurmaq lazımdır. Biz televiziyaların mətbəxinə getməliyik, ictimai maraq üçün bunu etməliyik. Orda verilişlər necə hazırlanır, doğrudan da cəmiyyətə faydalı işlər görülürmü? Azərbaycan cəmiyyətində nələr baş verir... Məişətindən tutmuş başqa məsələlərə qədər. Mən bir başa qaralamağın əleyhinəyəm. Düzdü, Xoşqədəmin görüntüləri çirkab əlamətidir. Ancaq əsas məsələ çirkabın özüdür”.
Bütün bunlar televiziya sahəsində özünütənqidin, ümumiyyətlə peşəkar tənqidin olmamasından irəli gəlir
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə "Şərq”ə açıqlamasında öz işinin peşəkarı olan həmkarımız Xoşqədəm xanımın fəaliyyətinə hər zaman müsbət yanaşdığını deyib:
"Xoşqədəm Hidayətqızı media sektorunda özünü təsdiq etmiş bacarıqlı jurnalist və idarəçidi. Amma yayılan informasiyalar doğrudursa, onun işinə bu cür yanaşmasını doğru qəbul etmirəm. Oxşar proqramlar dünyanın bir çox ölkələrində yayımlanır, amma heç birində bu cür saxtakarlıqlara yol verilmir”.
Efirə gedən verilişlərin pərdəarxasında səhnələşdirilməsinin ən ucuz vasitə olduğunu vurğulayan baş redaktorun sözlərinə görə, insan taleyindən bəhs edən realiti-şouların obyektiv və proseslərə, situasiyalara uyğun emosional rəng qataraq efirə verilməsi yüksək peşəkarlıq tələb edir. Videoda öz əksini tapan kadrlar isə birmənalı olaraq qeyri-peşəkarlıq nümunəsidir:
"Belə verilişlər bütün parametrlərinə görə ciddi və peşəkar yanaşma tələb edir. İnsanların hissləri üzərində şou qurulmasını, Türkiyə türklərinin təbirincə desək, duyğu sömürücülüyünü yolverilməz və verilişi baxımlı etmək üçün olduqca bəsit texnologiya hesab edirəm. Bütün bunlar televiziya sahəsində özünütənqidin, ümumiyyətlə peşəkar tənqidin olmamasından irəli gəlir. Sözügedən videonu mən də izlədim sona qədər. Ona görə də, bu məsələnin hüquqi müstəvidə araşdırılmasına ehtiyac olduğunu düşünürəm. Həkimin "yarım kub iynə vuraq, huşunu itirsin” deməsi artıq cinayət məsuliyyətini özündə ehtiva edir. Qənaətimcə, araşdırmalar heç bir güzəşt olmadan obyektiv aparılmalıdır”. Problemdən çıxış yolunu TV tənqidçiliyinin inkişafında, peşəkar tənqiddə görən ekspert hesab edir ki, Milli Teleradio Şurası bu prosesi stimullaşdırmalı, televiziyanı yaxşı bilən və təhlil etmək imkanında olan mütəxəssislərlə yaxından əməkdaşlıq etməlidir. Əslində telekanallar və ayrı-ayrı verilişlərin müəllifləri də obyektiv tənqiddə - təhlildə maraqlı olmalıdırlar. Tənqid həm də populyarlaşdırır. Yayılan videoların təxribat olma ehtimalını istisna etməyən baş redaktorun sözlərinə görə, müasir texnologiyaların imkanlarından faydalanaraq istənilən süjeti montaj edərək fikirləri dəyişdirmək olar: "İndiki zamanda hətta yüksək peşəkarlığı olmayan insanlar belə kadrlar üzərinə səs yazmağı bacarırlar. Yox, əgər proses həqiqətən baş veribsə, bu, efir etikasına və jurnalist peşəkarlığına uyğun gəlməyən bir haldır. Amma ola da bilər ki, qarayaxma kampaniyası məqsədi ilə bu video xüsusi şəkildə hazırlanıb mediaya ötürülüb. İstənilən halda isə hadisə ciddi araşdırma tələb edir. Əgər təxribat xarakterli olduğu aşkarlansa, bu zaman da qara piar kampaniyasını aparan tərəf qanun qarşısında cavab verməlidir”.
Filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərli də öz feysbuk səhifəsində mövzu ilə bağlı şərh yazıb: -
Etiraf edim ki, "Səni axtarıram” verilişinə bir dəfə baxmışam. Yadımda qalıb. İmkan düşsəydi, yenə baxardım. Amma nəsə alınmayıb. Lermantov yazırdı ki, əgər bir adamın ömür hekayətini əvvəldən axıra qədər qələmə ala bilsən, bu, bütöv xalqların tarixindən də uzun və maraqlı alınar. Bu tipli verilişləri də tamaşaçılar üçün maraqlı edən səbəblər çoxdur: sadə insan taleləri, qlobal qarşıdurmaların adi adamların həyatında yaratdığı metafizik hadisələr, ömrünün müəyyən illərini uzaq ellərdə keçirmiş kişilərin ardınca sürünən gənclik günahlarının bolluğu və s. Ona görə də bu hekayətlərə maraq göstərən tamaşaçıları qınamaq düzgün deyil.
Dünyanın hər yerində belə verilişlərin auditoriyası geniş olur. Bu gün müzakirə edilən görüntülərdə isə pozulan, əsasən, sosial məsuliyyət normalarıdır. Peşəkarlığa gələndə, videodan da görünür ki, adam işinin peşəkarı. Zahirən Oşoya bənzəyən o ağsaqqalı bəlkə xərəksiz, kəndirsiz sadəcə təlimatlandırmaq da olardı ki, çəkiliş zamanı yerində dinməzcə əyləşib tərpənmə. Uşaq vaxtı bir filmə baxmışdım. "Kaskadyor” adlanırdı. Orada epizodların təbiiliyi üçün rejissor öz aləmlərində rol oynayan kaskadyorların hətta həqiqi qətlini gizlincə sifariş verirdi. İnsanlıq baxımından tam bir Allahsızlıq, amma peşəkarlıq baxımından yanaşanda istər-istəməz düşünməli olursan. Diqqət edin, burada da epizodların təbii alınmasından ötrü aparıcı hətta xırda bir güzəştə belə yol vermək istəmir. İnsafən, iştirakçılar da öz rollarını son dərəcə təbii oynayırlar. Görünür, verilişin populyarlıq sirri də elə bundadır. Auditoriyanın aldadılmasına gəlincə, bir dəfə Amerikada da buna bənzər əhvalat baş verib. Necə, Sizə danışım: "Vaşinqton Post” qəzetinin Cenet Kuk adlı müxbiri "Cimminin dünyası” adlı məqalə yazır. Məqalədə anasının oynaşı tərəfindən bədəninə heroin yeridilən səkkiz yaşlı narkoman oğlandan bəhs edilmişdi. Qəzetin 1980-ci il 28 sentyabr nömrəsində dərc edilən bu məqaləyə görə Cenet növbəti il jurnalistikada az qala Oskara bərabər olan Pulitser mükafatı alır. Amma mükafatı alandan bir neçə ay sonra etiraf edir ki, hər şeyi uydurub: əslində nə Cimmi var, nə anası, nə də anasının oynaşı. Nəticə, Cenet işdən çıxarılır, "Vaşinqton Post”un tirajı yarıbayarı aşağı düşür, oxucular onlara belə bir yalan satmış qəzeti bir müddət alıb oxumamaqla ürəklərini soyudurlar. Jurnalistikanın sosial məsuliyyət prinsipi də elə budur. Əgər veriliş səni aldadıbsa və bunu özünə sığışdıra bilmirsənsə, aparıcını düşmən elan etmirsən, sadəcə onu efirdə görəndə pultun bir düyməsi ilə kanalı başqasına çevirirsən, iş olub-bitir".
Şəymən