Ruhaninin Ermənistana səfəri Güney Azərbaycanı niyə oyatmadı?

Fazil Mustafa: “Cənubi Azərbaycanda vəziyyət gözləntilərimizlə üst-üstə düşmür”
Mirmahmud Mirəlioğlu: “DAK və onun kimi təşkilatlar niyə sadəcə rəsmi mövqe ortaya qoyulandan sonra ağızlarını açırlar?”


İran Prezidenti Həsən Ruhaninin işğalçı Ermənistana səfəri Azərbaycan cəmiyyətində ciddi narazılıqla qarşılandı. Hökumət və ictimaiyyət səviyyəsində rəsmi Tehranın mövqeyi sərt şəkildə tənqid olundu. Ölkənin bütün təbəqələri İranın ermənipərəst sevgisinə öz etirazını bildirdi. Lakin fars rejiminin əsarəti altında yaşayan azərbaycanlılar İran rəhbərinin bu addımına qarşı etiraz bildirmədilər.

Milyonlarla soydaşımızın susqunluğu bir sıra müzakirələrə yol açdı. Dünya Azərbaycanlıları Konqresinin həmsədri, VHP sədri Sabir Rüstəmxanlı Cənubi Azərbaycandakı insanların qəlblərində qorxu olduğunu söylədi: 

"Səslərini çıxaranları asırlar, həbsxanalara atırlar. İkinci bir tərəfdən də, burada olduğu kimi, orada da millətin hamısı eyni şüura malik deyil. Məsələnin incəliyini düşünmürlər. Dağlıq Qarabağ məsələsini dərin düşünmək istəmirlər. Eyni zamanda təşkilatçılıq sıfıra bərabərdir. Milli müqavimətin zəifliyi, milli maraqlardan uzaqlıq burada mühüm rol oynayır. Təəssüflər olsun ki, özünü Azərbaycan türkü kimi duymaq hissi də çox zəifdir. Məsələnin kökündə bu dayanır. Amma nəzərə almaq lazımdır ki, etirazlar olsa belə, heç nə dəyişməyəcəkdi. Çünki İranın xarici işlər nazirinin dediyi kimi, farslar özlərini xaçlılarla əqrəba hesab edirlər”. 

İddialarla bağlı "Şərq”ə danışan millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib ki, bütöv Azərbaycan məsələsinə baxışımızda yeni yanaşmaya ehtiyac var: 

"Cənubi Azərbaycanda vəziyyət gözləntilərimizlə üst-üstə düşmür. Düzdür, orda da Azərbaycanın gələcəyini birlikdə görmək istəyən müəyyən qüvvələr var. Onlar çox dəyərli insanlardır və sağlam milli görüşlərə sahibdirlər. Amma bütövlükdə o cəmiyyət irançılıq virusu ilə ciddi problemlər yaşamaqdadır. Nəzərə almalıyıq ki, Cənubi Azərbaycanda İranın bütövlüyü anlayışından kənar hansısa ideyanı

qəbul etməyən əhali bazası var. Bu baxımdan bizim illuziya olaraq gördüyümüz həmrəylik modelinin böyük çətinliklərlə qarşılanacağını indidən proqnozlaşdırmaq çox da çətin deyil. O səbəbdən Güneydən xüsusi gözləntimiz yoxdur”. 

Deputat bildirib ki, İranda həddindən artıq teokratik, avtoritar və totalitar rejimin təzyiqi altında əzilən bir cəmiyyətdən söhbət gedir:

"Belə bir cəmiyyətin narahatlıq yaşaması real haldır. Onların hansısa məsələyə açıq etiraz etməsi çətindir. Amma bununla belə İran dövlətinin siyasətinin formalaşmasına təsir göstərən azərbaycanlı elita var. Məclisdə türk fraksiyası fəaliyyət göstərir. Ən azından onlar tərəfindən məsələnin gündəmə gətirilməsi mümkün və vacib idi. Məsələn, Türkiyə parlamentində kürd fraksiyası hansısa fikri ifadə edən zaman müəyyən problemlərlə üzləşəcəklərini gözə alırlar. Amma buna baxmayaraq, onlar öz millətlərinə aid çətinlikləri gündəmə daşımağı bacarırlar. Təəssüflər olsun ki, soydaşlarımızın hazırlıq və fədakarlıq məsələsində problemlər var. Ona görə də Cənubi Azərbaycandan istədiyimiz səs gəlmədi”. F.Mustafanın sözlərinə görə, Ruhaninin Ermənistan səfəri ilə bağlı Azərbaycan cəmiyyətindən də kifayət qədər etiraz səsi yüksəlmədi: "Çox az media qurumları və üç-dörd nəfərin fikirlərindən başqa ortada heç nə yoxdur. Təbii ki, müəyyən rəsmi kanallarda mövzuya toxunuldu. Amma özünü dövlətə bağlı hesab edən şəxslər ən azı prosesi yüngül tənqid belə etmədilər. Əleyhimizə böhtan dolu yazılar yazanların biri belə Ruhaninin Ermənistan səfərinə etiraz bildirmədi. Bunların hamısı onu göstərir ki, bu kimi məsələlərdə hələ də düşüncə tərzimizdə yeniləşmə yoxdur”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə deyib ki, tarix boyu bütün prezidentlər İrəvana səfər ediblər: 

"Mən ağlım kəsəndən İranın bütün sisteminə qarşıyam. Amma yalançı vətənpərvərliyin də əleyhinəyəm. İranda "soydaşlarımızın təşkilatlanması, milli mücadiləsi zəifdir” sözlərini qətiyyən qəbul etmirəm. Güney azərbaycanlılar bizdən qat-qat təcrübəlidirlər. Orada milli oyanış da güclüdür və lazımi anlarda fars rejiminin qarşısında dayanırlar. DAK və onun kimi təşkilatlar, ayrı-ayrı şəxslər niyə sadəcə rəsmi mövqe ortaya qoyulandan sonra ağızlarını açırlar? Həmin adamlar Azərbaycan səfiri Tehrandan qovulanda səslərini çıxartmadılar. Azərbaycanın dövlət bayrağı baş-ayaq asılanda heç kim dillənmədi. Ruhanini bütün hallarda tənqid etmək olar. Deyə bilərik ki, o, türk düşmənidir, həqiqi müsəlman deyil və s. Əslində biz bunları çoxdan deyirik. Amma biz deyəndə heç kim qulaq asmır. İran hökumətində təmsil olunan şəxslər açıq şəkildə bildirirlər ki, farsların ulu əcdadları erməni əcdadları ilə qardaşdır. Bunu Tehranda da deyirlər, İrəvanda da”.

İsmayıl