Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə «Şərq» qəzetinin həyata keçirdiyi «Cümhuriyyətçi jurnalistlər» layihəsinin məzmuna fərqli çalar qatmağa qərar verdik. Cümhuriyyət qurucuları, eyni zamanda Azərbaycan mətbuatının istiqlal yolu və bu yolun yorulmaz, dönməz əqidə yolçuları olan Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyov, Zülfüqar bəy Hacıbəyli, Cəfər Cabbarlı, Abdulla Şaiq, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi… məzarlarını ötən günlərdə ziyarət etmişdik. Elə o zaman da qərara almışdıq ki, cümhuriyyət qurucularının Bakıda qorunub saxlanan ev muzeylərini də ziyarət edək.

Ziyarətə ilk olaraq Üzeyir bəyin ocağından başladıq. Ötən dəfə də qeyd etmişdik ki, cümhuriyyət qurucularının, Azərbaycana istiqlal, xalqımıza hürriyyət bəxş etmiş bu dahilərin təəssüf ki, çox az izləri qalmaqdadı. Cümhuriyyətin banisi, milli məfkurə, dövlətçilik ideyaları, dövlət quruculuğunun manifestini yazmış Məhəmməd Əmin Rəsulzadənin bir vaxtlar paytaxtda yaşadığı mənzili ev-muzeyi kimi fəaliyyət göstərmir. Sadəcə, Novxanıdakı ata-baba yurdu saxlanıb. Cümhuriyyət qurucularının adıyla bağlı xatirə sayıla biləcək yerlər, abidələr yoxdur. Amma, nə yaxşı ki, Üzeyir bəyin ev-muzeyi var. Biz «Şərq»çilər də Üzeyir bəyin ocağına baş çəkdik.
Üzeyir bəyin evi daşnaklar tərəfindən güllə-baran edilib
Bakının, köhnə adla Yuxarı Dağüstü adlanan ərazisinə, Şamil Əzizbəyov küçəsi, 67 ünvanına yol aldıq. Bəyin evinə ön qapıdan deyil, həyət qapısından daxil olduq. Bakının köhnə məhəllələri üçün xarakterik olan aynabəndli ev… Muzeyin şöbə müdiri Gülnarə xanım həvəslə bələdçilik etməyə başladı. «Üzeyir bəy 1915-ci ildən 1942-ci ilədək bu evdə yaşayıb, yaradıb. Sonrakı illərdə hökumət tərəfindən «Monolit» adlanan binaya köçürülüb. Lakin Üzeyir bəy vəfat etdikdən sonra tamamilə doğru olaraq məhz bura – ömrünün ilini yaşayıb yaratdığı bu ev muzey olaraq seçilib». Gülnarə xanım otaqlar, əşyalar, eksponatlar barədə ətraflı məlumat verdi.
Həqiqətən də çox nadir və zəngin eksponatlar qorunub saxlanır. Hətta Gülnarə xanım otaqlarda nəyəsə toxunmağımızı da yasaq etdi, foto çəkdirməyimizə isə, işıqlı kamera ilə deyil, adi mobil telefonla olacağını bildikdə icazə verdi. Zarafat deyil; eksponatlar 60 ildir qorunur.






Ev-muzeyinin rəhbəri bizə Üzeyir bəy haqqında sənədli filmə baxmağı təklif etdi. Lakin məramımız başqa idi. Bu ocağa məhz Cümhuriyyətin yaranmasında, dövlət quruculuğunda özünəməxsus rol oynamış şəxsiyyəti yad etmək üçün gəlmişdik. Bizim üçün əsas Üzeyir bəyin evində cümhuriyyət dönəminə aid eksponatlar, onun istiqlal uğrundakı mücadiləsini əks etdirəcək eksponatlar maraqlı idi. Amma belə eksponatlara rast gəlmədik; Məhəmməd Əmin Rəsulzadə ilə Üzeyir bəyin birlikdə çalışdığını əks etdirən rəsm əsərindən savayı. Bu əsər Üzeyir bəyin iş otağında, o otaqda ki, bu dahi insan royal arxasına keçib əvvəldən yazdığı notları səsləndirirmiş. Gülnarə xanım dedi ki, Üzeyir bəy nadir bəstəkarlardandır ki, əvvəlcə not yazıb, sonra çalıb. Bu da onun fitri istedad sahibi olduğunun təsdiqidir. Qayıdaq rəsm əsərinə. Rəsmdə Məhəmməd Əmin Rəsulzadə və Üzeyir bəyin qarşısında «Azərbaycan» qəzetidir. Və burada baş redaktorumuz Akif Aşırlı səbrini basa bilmədi artıq; Gülnarə xanım, izin verin, bundan sonrasını mən danışım. Və Üzeyir bəyin «Azərbaycan» qəzetindəki fəaliyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament iclasını qələmə almağından, parlament müxbiri kimi çalışmağından, o zamanın dövri mətbuatı «İrşad», «Həyat», «Bəsirət» qəzetlərində məqalələrlə çıxış etməyindən, «Azərbaycan» qəzetinin baş redaktoru, qardaşı Ceyhun bəy Hacıbəyli Parisə getdikdən sonra qəzetə rəhbərliyi üzərinə götürməsindən, cümhuriyyətimizə möhtəşəm himn musiqisi bəstələməyindən, mühacir həyatı yaşayan qardaşı Ceyhun bəylə yazışmalarından danışdı, 31 mart soyqırımı barədə yazdığı məqaləsini isə xüsusi vurğuladı. Gülnarə xanımsa «mən sizə bilirsiz nə göstərəcəm? Bu evin divarlarındakı güllə izlərini. Üzeyir bəyin evi erməni daşnakları tərəfindən güllə-baran edilib. Güllə izləri qalır divarda» dedi.
Üzeyir bəy çörək verən idi


Böyük otaqda – nahar otağında masa Üzeyir bəyin sağlığında malik olduğu səliqəsini hələ də qoruyur. Masanın üzərində o illərdə istifadə olunmuş qab-qacaq da olduğu kimi yerindədir. Üzeyir bəyin ürəyiaçıqlığı, səxavəti onsuz da xalqa bəllidir. Hamı bilir ki, Üzeyir bəyin evi həmişə qonaqlı-qaralı olub. Gülnarə xanım da bu barədə danışdı və dedi ki, Üzeyir bəy hətta küçə ilə keçənləri də evinə çağırar, yemək verər, hətta ciblərinə pul da qoyarmış ki, qoy evlərinə bazarlıq etsinlər. Eksponatlar arasında Güney Azərbaycanın azadlıq şəhidi – Seyid Cəfər Pişəvərinin hədiyyə etdiyi çəkisi 5 kiloqrama yaxın gümüş güldan da vardı. Moskvada keçirilmiş Azərbaycan dekadası Azərbaycan mədəniyyəti günlərindən sonra Stalinin Üzeyir bəyə təbrik teleqramı, Rusiya rəssamının Üzeyir bəyi əlində saz bütün məşhur rus bəstəkarlarının önündə təsvir etdiyi … . Ev-muzeyi həqiqətən də zəngindir. Və çox şad olduq ki, bu dahi insanın şəxsi əşyaları, dirijorluq edərkən geyindiyi frakdan tutmuş, digər şəxsi əşyalarınadək, həmçinin həyat yoldaşı Məleykə Terequlova-Hacıbəyliyə aid də bəzi əşyalar, xatirələr qorunub saxlanır. Lakin təəssüf doğuran, Üzeyir bəyin canı-qanıyla bağlı olduğu Azərbaycan Xalq Cümhuriyyətinə qədərki və cümhuriyyət dönəmindəki ictimai-siyasi fəaliyyətinə aid eksponatların, tarixi sənədlərin olmamasıdır. Ev-muzeyi, tamamilə doğru olaraq Üzeyir bəyi dahi bir bəstəkar, Azərbaycan mədəniyyəti və incəsənətinin onurğa sütunu kimi tanıdır. Lakin onun ictimai-siyasi fəaliyyəti kölgədə qalır. Ümid edirik ki, Cümhuriyyətin 100 illiyində bu çatışmazlıq aradan qaldırılar, ev-muzeyi Üzeyir bəyin ictimai-siyasi fəaliyyətini dolğun əks etdirən eksponatlarla daha da zənginləşər.
Məlahət Rzayeva