Rus politoloqun terror xəbərdarlığı absurddur






Qərbin Türkiyədə təxribat planlaması inandırıcı görünmür

Rusiyalı siyasi analitik və yazar Nikolay Starikov Türkiyəyə terror xəbərdarlığı ünvanlayıb. Rusiyanın NTV kanalının "Mesto Vstreçi” (Görüş Yeri) adlı canlı proqramda danışan rus politoloq bildirib ki, Vladimir Putinin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi Qərbin xoşuna gəlməyə bilər. Buna görə də yaxın zamanlarda Türkiyədə terror hadisələrinin olacağı istisna edilmir. Politoloq bildirib ki, Qərb Rusiya ilə danışmaq istəmir, qapılarını bağlayıb:

"Fəqət Türkiyə qapılarını açıb və biz də ora gedirik. Ancaq demək lazımdır ki, Qərb bundan sonra Türkiyə üzərində təzyiqlərini artıracaq. Bu səbəbdən də yaxın zamanlarda mən Türkiyədə terror hadisələrinin olacağını düşünürəm”.

Milli Təhlükəsizlik Nazirliyinin sabiq zabiti, siyasi analitik Arzu Nağıyev Türkiyəyə terror xəbərdarlığını absurd hesab edir. Onun sözlərinə görə, Türkiyə ilə Rusiyanın yaxınlaşmasına qarşı Qərb heç vaxt bu cür reaksiya verə bilməz: "Amerika Birləşmiş Ştatları ilə Türkiyə strateji partnyordur və eyni hərbi blokda birləşiblər. Rusiya Prezidenti Putin ilk səfərini məhz Türkiyəyə edib deyə, Qərbin Türkiyədə terror planlaması inandırıcı görünmür.

Rusiya regionda özünə tərəfdaş axtarır və ən mühüm tərəfdaş kimi ancaq Türkiyəni görür. Tərəflər arasında 20 milyardlıq "Akkuyu” layihəsi mövcuddur. Nüvə reaktorları ilə işləyən və 400 blokdan ibarət olan bu AES-in tikintisi üçün Türkiyə lisenziya verib. Rusiya ilə Türkiyə arasında S-400 zenit-raket komplekslərinin alqı-satqısına dair imzalanmış müqavilə də var. Həmçinin də Suriya məsələsində strateji partnyorluq əlaqələri mövcuddur. Bu əməkdaşlıqlar fonunda Putinin Türkiyəyə səfər etməsinin Qərbi qıcıqlandıracağını zənn etmirəm. Bir halda ki, sözügedən xəbərdarlıq Rusiyanın rəsmi mövqeyi deyil, deməli, həmin politoloqun məqsədi Türkiyə ilə ABŞ arasındakı qarşılıqlı münasibətlərə xələl gətirməkdən ibarətdir. Rusiya çox istərdi ki, həm Türkiyə, həm də Qərblə münasibətləri normal səviyyədə inkişaf etdirə bilsin. Ancaq onu da gözəl bilir ki, Rusiyanın yeritdiyi siyasət davam etdikcə, iqtisadiyyatı fiaskoya uğrayacaq və Qərb öz sanksiyalarından geri çəkilməyəcək. Ona görə də Türkiyə vasitəsilə regional əməkdaşlığı qloballaşdırmaq istəyir”.

Şəymən