Rusiya açıq-aşkar Ermənistanı müdafiə edir

Moskvadakı görüşdən Qarabağ probleminin nizamlanması istiqamətində konstruktiv mövqe gözləmək düzgün deyil


Ermənistanın xarici işlər naziri Moskvaya səfər edəcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qurumun həftəlik brifinqində Edvard Nalbandyanın səfərinin fevralın 20-21-nə planlaşdırıldığını deyib.

Nalbandyan səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzularından biri olacaq. Bəs, bu görüşdən Dağlıq Qarabağ məsələsinin həlli yönündə hansı irəliləyişləri gözləmək olar? Politoloq Qabil Hüseynli isə bu cür görüşlərin münaqişənin həllinə heç bir fayda verməyəcəyi qənaətindədir. Rusiyanın son aylar nümayiş etdirdiyi davranışların Azərbaycan əleyhinə olduğunu vurğulayan politoloqun sözlərinə görə, Ermənistana silah göndərməsi və Rusiya xarici işlər naziri Sergey Lavrovun, Rusiya Dumasının üzvü Jirinovskinin Azərbaycan əleyhinə verdiyi açıqlamalar fonunda bu görüşdən Qarabağ probleminin nizamlanması istiqamətində konstruktiv mövqe gözləmək düzgün deyil: 


"Faktiki olaraq, Rusiya bu münaqişəni alver mənbəyinə çevirib. Ən maraqlısı da odur ki, əvvəllər Rusiya ermənipərəst mövqeyini gizlədir, Ermənistana əlaltından dəstək verirdi. Amma indi açıq- aşkar Ermənistanın mövqeyini müdafiə edir. Biz eyni münasibəti Fransa Prezidentinin açıqlamasında da gördük. ATƏT-in Minsk Qrupu həmsədrliyində təmsil olunan dövlətlər qondarma Dağlıq Qarabağ respublikasının adını da həvəslə çəkir, separatçıların şən və hazırcavablar klubunun nümayəndələrinə Moskvada konsert verməyinə şərait yaradırlar.

 Eyni zamanda təxribat xarakterli və Azərbaycanın suveren hüquqlarına zidd olan bir çox məsələlərə rəvac verərək ermənilərin tərəfində olduqlarını görk edirlər. Demək olar ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsini gündəmdən çıxarıblar. Onların ictimaiyyətə təqdim etdikləri həll yolu isə Madrid prinsipləri əsasında referendum keçirilməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi kimi absurd həll variantlarıdır. Azərbaycan tərəfi isə bütün bunları görür və müharibə hazırlıqları görür”.

Şəymən