Rusiya Azərbaycana uyğun diplomat tapa bilmir

Səfir təyinatının gecikməsi bizdən çox Kremlin mənafeyinə ziddir





Doroxini əvəz edəcək səfirə Bakının etimadsızlıq göstərməsi Moskvanı yeni diplomat axtarışına məcbur edib. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycandakı səfiri geri çağırması, yeni səfir Georgi Zuyevə rəsmi Bakının etimadnamə verməməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib.

9 ildir ölkəmizdə səfir olan və səlahiyyət müddəti başa çatan Vladimir Doroxini əvəzləyəcək Zuyevin ermənipərəst olduğu, indiyə qədər Azərbaycan əleyhinə olan fəaliyyətinə görə qəbul edilmədiyi bildirilir.
Rusiya ilə Azərbaycan arasındakı səfir müəmmasını dəyərləndirən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, Rusiyanın Azərbaycana səfir təyinatı Zuyev qalmaqalına görə gecikdirilmir: "Hər hansı bir diplomatın başqa bir ölkəyə səfir təyin olunması göründüyü kimi asan məsələ deyil. Nəzərə almalıyıq ki, Cənubi Qafqazın ən strateji ölkəsi hesab olunan Azərbaycan Rusiya üçün çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Rusiyanın Azərbaycana səfir göndərməsi üçün ciddi araşdırmalar və ən uyğun şəxsin seçilməsi lazımdır. Sözsüz ki, Zuyev qalmaqalından sonra Rusiyanı Azərbaycanda təmsil edəcək diplomatın kimliyi rəsmi Kreml və Xarici İşlər Nazirliyi səviyyəsində müzakirə olunur”.

N. Mirinin sözlərinə görə, Zuyevə rəsmi Bakının etimadnamə verməməsi sıradan bir məsələ deyildi: 

"Azərbaycanın Rusiyaya yönəlik bu səviyyədə siyasi iradə nümayiş etdirməsi və öz mövqeyini kəskin şəkildə ortaya qoyması təkcə Rusiya yox, qlobal səviyyədə təəccüb doğuran bir olay oldu. Halbuki Azərbaycanın əlində əsaslı faktlar var. Zuyevin Rusiya kəşfiyyatına bağlı ermənipərəst bir diplomat olması gündəmə gətirilmişdisə, deməli, onun səfir olması ölkəmiz üçün çox ciddi təhlükələr vəd edirdi”.
Politoloq deyib ki, səfir təyinatının gecikməsi Azərbaycandan daha çox Rusiyanın mənafeyinə uyğun deyil. Bu mənada, Rusiya səfir təyinatının tezləşməsində maraqlıdır. Ancaq uyğun diplomatı tapa bilmirlər.

Şəymən