“Rusiya İraq kürdlərini silahlandırmağa tələsməyəcək”

“İndiki şəraitdə bu addımı atmaq Kreml rəhbərliyinə ziyan vura bilər”



İraq Kürdüstanı rəhbərliyi Rusiyadan hərbi və humanitar kömək istəyib. Bu barədə Kürdüstanın xarici əlaqələr üzrə departamentinin rəhbəri Falah Mustafa Bakir Rusiya XİN rəhbərinin müavini Mixail Boqnovla görüşü zamanı bildirib:

"Biz hərbi kömək istədik. Hazırda terrorizmlə mübarizə məsələsi olduqca əhəmiyyətlidir. Mübarizə məhz İŞİD-in paytaxtı uğrunda gedir”. Departament rəhbəri vurğulayıb ki, ölkənin müxtəlif rayonlarından İraq Kürdüstanına gələn qaçqınlara humanitar yardımın göstərilməsi də olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, Moskva sorğuları öyrənir və kömək etməyə çalışacaq. Mustafa Bakirin hərbi yardım tələbinə münasibət bildirən ekspertlərin fikrincə, Türkiyə reallığını nəzərə alan Rusiya İraq kürdlərinə kömək göstərməyə tələsməyəcək. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Moskvadan hərbi yardım almaq Şimali Kürd rəhbərliyinin marağındadır: "Xatırlayırsızsa, bir müddət əvvəl peşmərgənin ağır silahlarla təchiz edilməsi ilə bağlı ABŞ-a müraciət ünvanlandı. İndi həmin müraciətə alternativ olaraq eyni təklif Rusiyaya edilir. Hər iki tərəfdən silah yardımı tələb etmək əslində Kürd Muxtariyyətinin siyasi manevrini göstərir. Yəni Mustafa Bakir Qərbə mesaj verir ki, əgər ABŞ bizə silah-sursat verməzsə, hərbi yardım ala biləcəyimiz fərqli ünvanlar da mövcuddur”. Ekspertin sözlərinə görə, Kreml İraq kürdlərini silahlandırmağa tələsməyəcək və bir müddət gözləyəcək: "Rusiya ciddi danışıqlardan və konkret geosiyasi maraqlarının təmin olunmasından sonra məsələnin müzakirəsinə başlaya bilər. Təbii ki, İraqın çox əhəmiyyətli bölgəsi hesab olunan Kürd Muxtariyyətində Moskvanın öz maraqları var. Rusiya Şimali İraqdakı önəmli güc mərkəzindən lazım olan məqamda istifadə etmək niyyəti güdür. Amma indiki şəraitdə bu addımı atmaq Kreml rəhbərliyinə ziyan vura bilər. Ona görə də Rusiya İraq kürdlərinə yardım göstərməyə həvəsli davranmayacaq”.

İsmayıl