"Rusiya-Türkiyə arasındakı iqtisadi əməkdaşlıq Azərbaycana fayda gətirəcək"




"Azərbaycan üçün həm Türkiyə, həm də Rusiya əhəmiyyətli ticari və iqtisadi partnyorlardır”.

Bunu "Sherg.az”a Rusiya və Türkiyə şirkətlərinin 820 mln. dollar dəyərində kontraktlar razılaşdırmasının əhəmiyyətini izah edərkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, iki ölkənin bir-biri ilə əməkdaşlığı Azərbaycan üçün fayda gətirəcək:

"Bu əməkdaşlıq regiona müsbət təsir edəcək. Sazişlər yalnız Azərbaycan üçün deyil, Gürcüstana da müsbət dəyişikliklər gətirə bilər. Region ölkələri müxtəlif layihələrdə əməkdaşlıq edə bilər. Türkiyə vasitəsilə Gürcüstan və Rusiyanı birləşdirən dəmir yolu hazırda inşası davam edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu Cənub dəhlizinə də birləşir və əməkdaşlıq inkişaf etsə, sərmayəçilər həmin yoldan da istifadə edə bilərlər.

Regionda olan iqtisadi əməkdaşlığın mənzərəsinə gəldikdə isə hazırda Türkiyə yüksək təşəbbüslərlə çıxış edir. 

Əgər Avrasiya İttifaqı və Türkiyə arasında nəzərdə tutulan saziş bağlansa ittifaqa daxil olan bütün dövlətlərə bu təsir edəcək. Yeganə Ermənistan Türkiyənin regionda nüfuzunun artmasından narahatdır”.

Qeyd edək ki, kontraktlar 86-cı İzmir beynəlxalq sənaye sərgisi zamanı imzalanıb.

Xatırladaq ki, avqustun 18-dən 22-dək davam edən sərgidəki Rusiya ekspozisiyaya Vladimir, Tula, Lipetsk, Voronej vilayətləri, Stavropol diyarı, Tatarıstan və Şimali Osetiyadan iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 45 şirkət iştirak edib.

Aysel Aslan