Rusiyada ləğv edilən ÜAK-ın yerinə yeni diaspor təşkilatının yaranması təqdirəlayiqdir





Ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin yerinə yeni struktur yaradılır. Bu barədə ÜAK-ın Rusiya paytaxtı üzrə icraçı direktoru Şamil Tağıyev məlumat verib. Onun sözlərinə görə, Konqresin prezidenti, akademik Fazil Qurbanova yeni yaranacaq təşkilata rəhbərlik etmək təklif edilib: "Yeni təşkilatı nəzərə alaraq, yeni qurultay olacaq, seçkilər keçiriləcək. Ancaq səmimi deyirəm, Fazil Qurbanova alternativ tapmaq çətindir.

O, həyatının çox hissəsini Moskvada yaşamış nüfuzlu insandır. Ona görə də yeni təşkilat qarşısında diaspora başçısının seçimi ilə bağlı məsələ yalnız formal cəhətdən durur”. Tağıyev bildirib ki, yeni təşkilat ÜAK-ın bazasında yaradılacaq. Amma ümid edir ki, yenilənmələr də olacaq: "Çalışacağıq ki, peşəkarları cəlb edək. Çünki diaspora ilə iş yalnız restoranlarda konsertlərin və ya tədbirlərin keçirilməsi deyil. Bu, qeyri-formal diplomatiyadır və bununla onu bilən insanlar məşğul olmalıdır”. Yeni təşkilatın necə adlanacağına gəlincə, Tağıyev hələlik adın təsdiq edilmədiyini deyib: "Əvvəlki adın, yəni ÜAK-ın saxlanmasının tərəfdarıyıq”. Məlumat üçün deyək ki, Fazil Qurbanov mətbuata verdiyi açıqlamada yeni təşkilata rəhbərlik etməklə bağlı qərar vermədiyini deyib. Xatırladaq ki, əsas narazılıqlar məhz birbaşa ÜAK-ın rəhbərliyi ilə bağlı idi. Hesab edilirdi ki, əgər rəhbərlik işini düzgün qursaydı, hüquqi problemlər yaşanmazdı.

Qurumun yenidən formalaşması ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, Rusiyada ləğv edilən ÜAK-ın yerinə yeni diaspor təşkilatının yaranması təqdirəlayiqdir. Ekspert hesab edir ki, belə bir qurumun yaradılması əvvəlki təşkilatın fəaliyyətindən daha çevik və məhsuldar olacaq:

"Rusiyada iki milyon azərbaycanlı yaşayır. Onların federal şəkildə fəaliyyətlərini koordinasiya etmək, bundan əlavə Rusiyada çox ciddi şəkildə lobbi fəaliyyətini həyata keçirmək üçün ÜAK kimi qurumlara ehtiyac böyükdür. Rusiya ÜAK-ı ləğv etməklə, çox ciddi səhvə yol verdi. Amma burada təşkilat içində problemlərin olmasını vurğulamaq lazımdır. Düşünürəm ki, ləğv edilmiş ÜAK-ın rəhbəri Fazil Qurbanovun yenidən yeni təşkilata rəhbər gətirilməsi, təşkilatın işində ciddi dönüş yaratmayacaq. Çünki rəhbərliklə bağlı ciddi problemlər olub. Ona görə də yeni təşkilata başqa sədr seçilməli, təşkilatın işi səmərəli qurulmalıdır. Hüquqi sənədləşmə işi yüksək səviyyədə aparılmalıdır ki, yenidən təşkilatda bəhanələr axtarılmasın. Məncə, Fazil Qurbanova alternativ tapılar. Köhnə rəhbərliklə yeni təşkilatın işi uğurlu olmayacaq. Təşkilatı yalnız yeni rəhbərlə gücləndirmək mümkündür”. Analitik vurğulayıb ki, siyasi və təşkilati fəaliyyət baxımından Rusiyada yaşayan digər millətlərin nümayəndələrindən bir qədər zəif işləyirik: "Diaspora güclü olmalı, Rusiyada yerli seçkilərdə öz namizədlərini irəli çəkib, parlament seçkilərində iştirak etməli və qələbə çalmalıdır. Heç olmasa iki-üç millət vəkili ilə Rusiya Dumasında təmsil olunmalıdır. Diasporun işi siyasi fəaliyyətdə aktiv olmaqdan keçir”.

İsmayıl