"Rusiyanın "barmağı" Paşinyanın təmizləmə planını əngəlləyir" - Aktual şərh




Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanı azadlığa buraxıb. R.Köçəryanın vəkili Ruben Saakyanın sözlərinə görə, məhkəmə Robert Köçəryanın toxunulmaz şəxs olduğunu müəyyən edib: 

"Məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və keçmiş prezidentin toxunulmazlığını nəzərə alaraq, ilk instansiya məhkəmənin qərarını ləğv edib.
Xatırladaq ki, Köçəryan iyulun 28-də məhkəmənin qərarı ilə həbs edilmişdi. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsində ittiham olunur.

Apellyasiya Məhkəməsinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azadlığa buraxılmasına dair qərarına etiraz edən 100-ə yaxın insan İrəvanın mərkəzində aksiya keçirib. Etiraz aksiyası keçirən nümayişçilər Koçaryanın ofisinin yerləşdiyi "Erebuni” mehmanxanasının önünə yığışıb, "Robert Koçaryan cinayətkardır və həbsxanada qalmalı idi. Biz məhkəmənin qərarına narazılığımızı bildirmək üçün bura toplaşmışıq” kimi şüarlar səsləndiriblər.

Ermənistanın baş naziri Nikol Paşinyanın parlament seçkiləri öncəsi cani rəqiblərinə qarşı savaş elan etdiyini vurğulayan politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, Paşinyan Köçəryanı həbs etməklə öz gücünü nümayiş etdirmiş oldu. Ancaq onu uzun müddət həbsdə saxlamaq mümkün olmadısa, bu, Köçəryan adına Qarabağ Klanını dəstəkləyən Rusiyanın ədliyyə, məhkəmə və güc strukturlarına da gücünü göstərir:

" Köçəryanın buraxılması haqqında məhkəmə qərarı Paşinyanın maraqları çərçivəsində deyil. Ermənistanın baş naziri çox gözəl anlayır ki, növbəti növbədənkənar parlament seçkilərinə qədər Qarabağ klanı zərərsizləşdirilməsə, onun bu seçkiləri udmaq və parlamentdə əksəriyyəti təşkil edərək demokratik bir hökumət qurmaq imkanı problemli olacaq. Paşinyan bunu bilir və atdığı addımlar da yolu təmizləmə məqsədi daşıyırdı. Ancaq Rusiyanın "barmağı" onun bu planlarını həyata keçirməyə əngəl oldu.

N.Mirinin fikrincə, etiraz aksiyalarının başlaması Paşinyan və onun komandasının məxfi müraciəti əsasında baş tutub. Paşinyanın Qarabağ klanını zərərsizləşdirmək planı məhz xalqa verilən vəd çərçivəsində həyata keçirilir: 

"O ölkədə uzun illər hökmranlıq edən Sərkisyan-Köçəryan cütlüyünün yaratdıqları mafioz dəstələri zərərsizləşdirmək, ölkə iqtisadiyyatını dirçəltməklə bağlı xalqa vəd vermişdi.

Paşinyanı özününkü hesab edən xalq küçələrə çıxaraq Rusiyanın əngəlinə qarşı dirəniş göstərmək istəyir. Paşinyanı Rusiyadan müdafiə edə biləcək yeganə qüvvə xalq olduğu üçün baş nazir bu aksiyaları stimullaşdırır. ABŞ və qərb ölkələri hər nə qədər Paşinyanı dəstəkləsə də, onlar Paşinyan üçün Rusiyanın qarşına çıxmayacaqlar. Biz bunu Ukrayna və gürcüstan praktikasında da müşahidə etdik. Ancaq xalqın ciddi etirazları konteksində Paşinyan Rusiyaya qarşı mübarizə apara bilər. Proseslərin nə qədər davam edəcəyi və hansı məcraya yönələcəyini isə zaman göstərəcək”.

Şəymən