Ruslar Paşinyana o qırıcını satan deyil

Çünki Moskva baş nazirə bel bağlamır




Nikol Paşinyanın Erebuni hərbi aeroportundakı təyyarənin kabinasında çəkdirdiyi fotodan sonra Ermənistanın "Su-30 SM” təyyarələrini əldə etmək arzusu yenidən gündəmə gəlib. "Su-30 SM” dünyanın ən yaxşı qırıcılarından biridir. Hərbi ekspert Leonid Nersisyanın fikrincə, qırıcıların Ermənistana satılması ilə bağlı danışıqlar hələ qabaqdadır. Onun sözlərinə görə, sazişin yaxın 2-3 ildə imzalanması gözlənilir.

Ermənistan hərbçilərində "Su-30 SM” qırıcısına maraq 2010-cu ildə Hərbi Hava Qüvvələrinin parkının yenilənməsi zamanı yaranıb. 2012-ci ildə Moskva və İrəvanın imzaladığı sazişə əsasən, yaxın bir neçə ildə Ermənistan 12 qırıcı almalı idi. Lakin saziş sifarişçinin maliyyə problemləri səbəbindən qüvvəyə minmədi. O vaxtdan bəri tərəflər mütəmadi olaraq müqavilənin praktiki həyata keçirilməsi perspektivlərini müzakirə edirlər. Strategiya və texnologiyaların təhlili mərkəzinin eksperti Konstantin Makiyev hesab edir ki, müasir hərbi aviasiya komplekslərinin İrəvana verilməsi Azərbaycanın Qərb qırıcı təyyarələrini almasına səbəb ola bilər. 

Oxşar hadisələr artıq baş verib. Ermənistanın "İsgəndər”inə Azərbaycan Belarus istehsalı "Polnez”lə cavab verib. Məlumdur ki, Ermənistanın silah təminatçısı Rusiyadır. Şimal qonşumuz köhnə də olsa, düşmən ölkəni hərbi texnikalarla təmin edir. Kreml özü də etiraf edir ki, münaqişə tərəfləri arasında balansı qoruyub saxlamaq məqsədi ilə Ermənistana silah-sursat verir.

İddialarla bağlı "Şərq”ə danışan "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, indiki vəziyyətdə ruslar ermənilərə həmin qırıcıları satan deyil. Çünki Moskva Nikol Paşinyandan gündən-günə daha çox narazı qalır: 

"Paşinyan Ermənistanın siyasi kursunu ən azı əvvəlki kimi Moskva istiqamətinə qaytarmasa, bu qırıcıların Ermənistana satışı reallaşmayacaq. Lakin "Su-30 SM” qırıcıları Ermənistana satılarsa, hərbi hava qüvvəsi sahəsində Ermənistanın təhdid imkanlarını artıra bilər. O baxımdan Azərbaycan tərəfi Türkiyə və Qərb ölkələrindən, İsraildən təcili surətdə müasir hərbi texnikalar almalı, öz silah arsenalını daha da gücləndirməlidir. Xüsusən, hərbi hava qüvvələrimizi ən yüksək səviyyəyə çatdırmalıyıq”.

İsmayıl