Lavrov vəziyyətin ağırlaşacağından xəbər verdi
Hakimiyyətin aqressiyası Rusiyanı iqtisadi və maliyyə cəhətdən çökdürür
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ rusiyalıları "yanlış” dövlət başçısı seçdiklərinə görə cəzalandırmaq istəyir. Lavrov bildirib ki, Qərb ölkələri sanksiyaların sadə rusiyalılara qarşı yox, yalnız siyasətçilərə, hərbçilərə və oliqarxlara qarşı tətbiq edildiyini deyirlər.
Ancaq onların sanksiyaları bütün rus əhalisinə təsir göstərir: "Qərbin əsl niyyəti yüz minlərlə rusiyalını təşvişə salmaq, onları düzgün seçim etmədiklərinə inandırmaqdır”. XİN rəhbəri vurğulayıb ki, İkinci Dünya müharibəsindən başlayaraq Rusiya iqtisadiyyatı bir çox sınaqlardan keçib: "Heç kim narahat olmasın, Rusiya bütün sanksiyalara davam gətirəcək”. Bir sıra ekspertlərə görə, Lavrovun "yanlış” prezident seçimini xüsusilə vurğulaması göstərir ki, Rusiyanın hakim dairələrində Putinin "yanlış” rəhbər olduğunu düşünənlər, onun növbəti dəfə prezident seçilməsindən narazı olanlar var.
Lavrovun açıqlamasını "Şərq”ə dəyərləndirən siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Putinin Şərqi Avropa və Yaxın Şərqdə apardığı geosiyasi mübarizəyə cavabdır. Ekspertin sözlərinə görə, Putin yeni dünya nizamı formalaşdırmağa çalışır:
"Rusiya lideri ölkəsini aparıcı gecə çevirmək istəyir. ABŞ isə Kremlin bu siyasətinə dözümlü yanaşmır. Moskva Yaxın Şərqdə Amerikanın mövqelərini zəiflətməklə, Ukraynanın bir hissəsini işğal etməklə region üçün təhlükəli vəziyyət yaradır. Bunun qarşısını almağa çalışan ABŞ və onun müttəfiqləri Rusiyanın yuxarı siyasi eşalonuna və maliyyə maqnatlarına sanksiya tətbiq etdi”. Ekspertin fikrincə, Putinin əsas dayağı olan maliyyə maqnatlarına tətbiq edilən sanksiyalar birbaşa rejimin laxlanmasına hesablanıb: "Lavrovun "yanlış” prezident tezisi və sanksiyaların xalqa təsiri barədə dedikləri xalqın narazılığının qarşısını almağa yönəlib.
Hesab edirəm ki, "yanlış” prezident tezisi çox ciddi bir siyasi sözdür. Görünür, Putinin ətrafındakılar növbəti sanksiyalardan çox çəkinirlər. Əgər ABŞ Putinin ətrafına ciddi sanksiyalar tətbiq etsə, Putinə narazılıqlar pik həddə çata bilər. Bununla hakimiyyət böhranı dərinləşər.
Lavrovun iqtisadi böhranı İkinci Dünya müharibəsindəki sosial vəziyyətlə müqayisə etməsi, xalqın yeni sanksiyalara məruz qalacağından və sosial vəziyyətin ağırlaşacağından xəbər verir. Göründüyü kimi, Kremlin aqressiyası Rusiyanı iqtisadi və maliyyə cəhətdən çökdürür. Xalqın bu ciddi problemə nə qədər dözəcəyi növbəti sanksiyaların tətbiqindən sonra aydın olacaq”.
İsmayıl