“Saakaşvili ABŞ-ın Çe Gevarasıdır”

Sədrəddin Soltan: “Ondan əzabkeş obrazının yaradılmasına cəhd edirlər”





Ötən gün Ukraynada həbs edilən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmə qarşısına çıxarılıb. Xatırladaq ki, Saakaşvili həbs ediləndən sonra müddətsiz aclıq aksiyasına başlayıb. Məhkəmədə çıxış edən eks qubernator deyib ki, əgər yenidən həbsxanaya göndərilərsə, aclıq aksiyasını davam etdirəcək:

"Mən qorxmuram. Prezidentin necə işlədiyini göstərmişəm. İndi də necə ölə biləcəyini göstərəcəyəm”. Saakaşvili bildirib ki, onu öldürə bilərlər, lakin heç vaxt Ukrayna xalqını və ukraynalıların azadlıq cəhdlərini öldürə bilməzlər.

Rəsmi Tbilisi tələb edir: "Saakaşvili Gürcüstana ekstradisiya olunsun!”

Gürcüstan mədəniyyət naziri Mixail Qeorqadze bildirib ki, rəsmi Tbilisi Saakaşvilinin Ukraynadan ekstradisiyası barədə müraciətini ləğv etmək niyyətində deyil. Onun sözlərinə görə, heç kim M.Saakaşvilinin ekstradisiyası barədə müraciəti ləğv etmək niyyətində deyil. Eyni zamanda Gürcüstandan Ukraynaya bu barədə yeni müraciət göndərilməyib: "Mixail Saakaşvilinin Kiyevdə saxlanılmasına gəlincə, Ukrayna tərəfinin məsələ ilə bağlı konkret sualları var”.
Xatırladaq ki, 2014-cü ildə Gürcüstanda Saakaşviliyə qarşı bir sıra ittihamlar irəli sürülüb. Sabiq prezident 2007-ci il noyabrın 7-də aksiyaçılara qarşı zorakılığın və "İmedi” telekanalına hücumun təşkilində, biznesmen Badri Patarkatsişvilinin əmlakını qanunsuz mənimsəməkdə, 2005-ci ildə deputat Valeriya Qelaşviliyə qarşı hücum təşkil etməkdə, bankir Sandro Qirqvlianinin qətlinin istintaqına mane olmaqda, 2009-2012-ci illərdə dövlət vəsaitindən sui-istifadə etməkdə günahlandırılır.

Saakaşvilinin xanımı etiraz aksiyalarına başlayıb

Mixail Saakaşvilinin tərəfdarları yenidən etiraz aksiyalarına başlayıblar. Etirazçılar Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu üçün yürüşün keçirilməsi məqsədi ilə Kiyevin mərkəzinə toplaşıblar. Yürüşün Azadlıq meydanında başa çatacağını, meydanda etiraz aksiyalarının isə davam edəcəyi bildirilib. Aksiyalarda Saakaşvilinin xanımı da iştirak edib. Etirazçılar Saakaşvilinin azadlığa buraxılmasına dair şüarlar səsləndiriblər.

Saakaşvili Ukraynanın baş prokurorunu məhkəməyə verib

Saakaşvili Ukraynanın baş prokuroru Yuri Lutsenkonu məhkəməyə verib. Onun vəkilinin sözlərinə görə, baş prokurorun məhkəmədən əvvəl istintaq materiallarını səsləndirməyə hüququ yoxdur. Saakaşvilinin müdafiəçisi onun tam azad olunmasını tələb etmək niyyətindədir. Məlumat üçün deyək ki, Ukrayna Baş Prokurorluğu sabiq Gürcüstan prezidentinin iş adamı Sergey Kurçenko ilə iddia edilən audioyazısını yayıb. Səs yazısında hər iki tərəf əməkdaşlıq edəcəyi barədə söhbət edir. Yuri Lutsenkonun qənaətincə, Saakaşvilinin Kiyevdə təşkil etdiyi mitinqlər Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin ətrafındakı insanlar tərəfindən maliyyələşdirilib. Mitinqlərin məqsədi isə Ukraynanın mövcud hakimiyyətinin devrilməsinə istiqamətləndirilib. Saakaşvili ona qarşı irəli sürülən iddiaları yalan adlandırıb.

"Saakaşvilinin həbsi onun "siyasi meyit” vəziyyətindən çıxmasına xidmət edir”

Ukraynadakı proseslərlə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, sovetlər dövründə kommunistlərin Çe Gevarası var idi və onu ideallaşdırmışdılar: 

"Elə indi də şəklini cibində, yaxasında gəzdirib, sosial şəbəkədəki statusunda yayan insanlar var. Ancaq Çe tez öldü. Deyilənə görə, o, Afrikada sosialist inqilabının ideyaları uğrunda həlak olub. Əgər qalsaydı, sovetlərin, sosializmin dayağının çökməsi, yəqin ki, onu çox məyus edərdi.
Saakaşvili də bəzi hərəkətləri ilə demokratların, ABŞ-ın Çesinə oxşayır. İndi onun ətrafında yeni müxalifət hərəkatı yaratmaq istəyirlər. Bunun üçün onun bu sayaq məsələlər ətrafında əzab çəkməsi, yaxud ondan əzabkeş obrazının yaradılmasına cəhd edirlər”. Ekspertin fikrincə, Ukraynada Prezident Poroşenko hakimiyyətinə qarşı elə ciddi müxalifət bloku yoxdur: "Bir qrup onu rusiyayönlü sayır. Hesab edirlər ki, Saakaşvili Poroşenkonun Moskvaya meyillənməsinin qarşısının alınması üçün istifadə edilən alətdir. Başqa bir qrupun qənaətincə, Ukraynada rusiyayönlülər ifşa edildiyindən Qərb demokratları tərəfindən "atılan” Saakaşvilidən indi də Moskva istifadə etmək niyyətindədir. Onun Gürcüstana ekstradisiyası da yenə bu ölkədə rusiyayönlülərlə qərblilər arasında tarazlığa xidmət edə bilər. Ancaq keçmiş prezident və qubernatorun tutulması onun "siyasi meyit”, "gərəksiz demokrat” vəziyyətindən çıxmasına xidmət edir. Fikrimcə, Saakaşvili layihəsi başa çatıb. İndi ondan regional səviyyədə istifadə etməyə çalışırlar”.

İsmayıl