Saakaşvili yenə yanılır

"Eks prezident Ukraynada olduğu kimi fasiləsiz etiraz aksiyaları ilə hakimiyyəti devirməyə çalışır"
"Ancaq bu hal Gürcüstan üçün qətiyyən arzuolunan deyil"


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili feysbuk vasitəsilə xalqa müraciətində bütün bölgələrin nümayəndələrini Tiflisə toplaşmağa səsləyib. O, taksi və marşrut sürücülərinə müraciət edərək, Tiflisə insanları pulsuz gətirməyə çağırıb: 

"Bu gün əsas olan dinc konsolidasiyadır. Bacara bilən hər kəs Tiflisə toplaşmalıdır”. Gürcüstanın birləşmiş müxalifətinin liderlərindən olan Georgi Baramidze də bildirib ki, bundan sonra dinc etiraz aksiyaları keçiriləcək. Onun sözlərinə görə, dinc etiraz aksiyalarında İvanişvili və onun rejiminə qarşı şüarlar dilə gətiriləcək:

"Bizim mübarizəmiz başlayıb. Dinc etiraz aksiyaları hakimiyyət dəyişənə qədər davam edəcək”. Müxalifət nümayəndələri gələcək fəaliyyət planları haqqında bəyanat yayacaqlarını bildiriblər. Məlumat üçün deyək ki, Zurabişvilinin prezidentliyinin rəsmiləşməsi sayəsində Gürcüstanda bir neçə dəyişiklik baş verib. Dünəndən etibarən ölkədə seçki sisteminə dəyişikliklər haqqında qanun qüvvəyə minib. Yeni dəyişikliklərə əsasən, 2020-ci il seçkisindən sonra Gürcüstanda majoritar sistem tam olaraq proporsional sistemlə əvəzlənəcək. Üstəlik, 2020-ci il seçkisində iştirak edəcək blokların parlamentə düşməsi üçün baryer 3 faizə endirilib. Daha bir dəyişikliyə əsasən, Gürcüstan Silahlı Qüvvələri bundan sonra Müdafiə Qüvvələri adlanacaq. Üstəlik, Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələsi konstitusion öhdəlik statusuna malik olacaq.

Saakaşvilinin və digər müxalif liderlərin çağırışlarını "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Saakaşvili hər zaman olduğu kimi yenə də yanılır: 

"Eks prezident Ukraynada olduğu kimi fasiləsiz etiraz aksiyaları ilə hakimiyyəti devirməyə çalışır. Ancaq bu hal Gürcüstan üçün qətiyyən arzuolunan deyil. Seçkidən bir-iki gün sonra aksiya keçirərək mövcud qanun pozuntularını ortaya qoymaq olardı. Ancaq xeyli müddət ötdükdən sonra ölkənin əsas problemlərindən diqqəti yayındırıb fasiləsiz mitinqlərə çağırış etmək və əhalini itaətsizliyə səsləmək dövlətçiliyə ciddi zərbə vura bilər. Saakaşvilinin çağırışlarında reallıq görmürəm. İnanmıram ki, gürcü xalqı kütləvi axın edərək küçələrə çıxsın və hakimiyyəti devirməyə çalışsın”.

İsmayıl