Saakaşvilinin istefasına Poroşenkonun komandası səbəb olub

Elxan Şahinoğlu: " Saakaşvilinin Gürcüstana qayıtması ehtimalı yoxdur"



Mixail Saakaşvili Ukraynadan getməyəcək. 

Bunu Sherg.az-a Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin bu postdan istefasının səbəblərini şərh edərkən politoloq Elxan Şahinoğlu söyləyib. 

Eskpert bildirib ki, onun istefası gözlənilən idi:

 "Xarici mətbuatda M.Saakaşvilinin mərkəzi hakimiyyətdən ciddi narazılığı olduğu dəfələrlə qeyd olunub. Səbəb olaraq mərkəzi hakimiyyətin korrupsiyaya bulaşması və daxili işlər naziri Arsen Avakyan ilə konfliktlərinin olması göstərilirdi. Saakaşvili islahatçı mövqedən çıxış edirdi və Gürcüstanda istəyinə nail ola bildi. Odessada isə bu islahatları həyata keçirməyə mərkəzi hakimiyyət imkan vermədi. Onun ciddi islahatlar apara bilməsini və irəliləyişin təmin olunmasını gecikdirdi. M.Saakaşvili Pyotr Poraşenkonun siyasətini dəstəkləyirdi, onların münasibətləri normal idi. Lakin prezidentin komandası ilə münasibətləri birmənalı deyildi. Korrupsiya elementləri ilə mübarizə aparmaq bir yana onun maliyyə resursları da az olduğundan effektiv idarəçilik sərgiləyə bilmirdi”.

Politoloq əlavə edib ki, M. Saakaşvilinin Ukraynanın siyasi palitrasından uzaqlaşması qeyri-realdır: 

"M. Saakaşvilinin Gürcüstana qayıtması ehtimalı yoxdur. Ukraynada qalacağına, siyasi hərəkat yaradıb fəaliyyətini davam etdirəcəyinə hətta gələcək parlament seçkilərinə də qatıla biləcəyinə inanıram”.

Qeyd edək ki, xarici KİV-in məlumatına görə Gürcüstanın eks-prezidenti, hazırda Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili istefa verib.

Aysel Aslan