“Diaspora Komitəsinin ləğvindən söhbət gedə bilməz”
“Bizi Gürcüstanla müqayisə etmək düzgün deyil. Gürcüstanın o qədər də böyük diasporası yoxdur. Bu səbəbdən onlar ayrıca fəaliyyətə ehtiyac duymurlar”
Diasporla İş üzrə Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı məsələ yenidən gündəmdədir.
Komitənin ləğv edilərək, Gürcüstanda olduğu kimi Xarici İşlər Nazirliyinin tabeliyinə verilməsi
təklif olunur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz
Qənizadə bildirib ki, bu tendensiya Azərbaycan üçün olduqca vacibdir.
Deputat deyib ki, xarici ölkələrdə diaspor fəalları işlərini səfirliklərlə əlaqələndirmədən, xəbər
vermədən keçirirlər. Səfirlik isə onlarla əlaqə yaratmaqda çətinlik çəkir. Əgər Komitə nazirliyin
nəzdində fəaliyyət göstərərsə, bu kimi problemlər olmaz: "Diasporla bağlı ayrıca, müstəqil
qurumun fəaliyyətinə ehtiyac yoxdur. Bu qurum ləğv edilərək Xarici İşlər Nazirliyinin tərkibinə
daxil edilsə, qarşıya qoyulan məqsədlər üçün daha uğurlu, çevik və operativ nəticələrin əldə
olunmasına nail olacağıq. Mən bunun tərəfdarıyam”. Ç.Qənizadə vurğulayıb ki, Komitənin gördüyü işlərin kifayət qədər uğurlu nəticələrinin şahidi olmuruq: "Diaspora nümayəndələri səfirliklər tərəfindən görülən işləri öz adlarına çıxırlar”.
Məsələ ilə bağlı "Şərq”ə danışan sabiq millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə deputatın təklifi ilə razılaşmayıb. O hesab edir ki, Diaspora Komitəsi ilə XİN-in gördüyü işlər, öhdəliklər biri-birindən fərqlənir:
"Bu qurumun ləğvindən söhbət gedə bilməz. Əksinə, Diaspora Komitəsini böyüdüb nazirlik etmək lazımdır. Bizi Gürcüstanla müqayisə etmək düzgün deyil. Gürcüstanın o qədər də böyük diasporası yoxdur. Bu səbəbdən onlar ayrıca fəaliyyətə ehtiyac duymurlar.
Xaricdə yaşayan azərbaycanlıların tərkibi çox mürəkkəbdir. Onların arasında İrandan,
Rusiyadan, Türkiyədən, İraqdan gedən soydaşlarımız var. Sayları milyonlarladır və xarici
ölkələrə sadəcə Azərbaycan Respublikasının ərazisindən getməyiblər. Azərbaycanlıların böyük
bir hissəsi diaspora komitələrinin ətrafında birləşirlər. Ona görə də xarici ölkələrdəki müxtəlifliyi
ilə seçilən diasporamızı XİN-ə bağlamaq olmaz. Çünki onların üzləşdiyi bir çox problemləri
rəsmi XİN-in əliylə gündəmə gətirmək və həll etmək mümkün deyil. Diaspora nümayəndəlikləri
bu işdə mühüm rol oynayırlar. Komitənin önəmini isbat etmək üçün çox misal gətirmək olar”.
DAK həmsədrinin sözlərinə görə, Komitənin Xarici İşlər Nazirliyində adi bir şöbəyə çevrilməsionun əl-qolunu bağlayacaq: "XİN xarici ölkələrdə əsasən səfirliklərlə işləyir. Bir sıra hallarda
diaspora komitəsinin sözləri ilə nazirliyin, səfirliklərin fikirləri üst-üstə düşmür. Çünki səfirliklər
rəsmi dövlətin maraqlarına uyğun çıxış edirlər. Lakin bəzən elə məsələlər olur ki, dövlət
qurumları onları açıq şəkildə deyə bilmirlər. Komitələr isə açıq şəkildə fikirlərini ifadə edirlər.
İxtisarlar olsun deyə mühüm komitələri ləğv etmək yolverilməzdir”.
İsmayıl