Sabit və təhlükəsiz ölkə...
Cəmiyyətin böyük əksəriyyətinin hökumətə etibar etməsi onu göstərir ki, insanlar gələcəyinə nikbin baxır
Suveren Azərbaycanın iqtisadi inkişafı, əldə etdiyi çoxsaylı uğurlar dünya dövlətlərinin diqqətini hər zaman cəlb edib. Məhz buna görədir ki, beynəlxalq təşkilatlar ölkəmizdə həyata keçirilən daxili və xarici siyasət, siyasi-iqtisadi nailiyyətlər barədə mütəmadi olaraq araşdırmalar aparır, hesabatlar hazırlayaraq yayırlar. Bu günlərdə ING maliyyə holdinqinin (Hollandiya) analitikləri Azərbaycan barədə daha bir məruzə hazırlayıblar. Azərbaycanla bağlı araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında aparıb. Məruzəyə görə, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldub.
Deməli, vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. Sosioloqlar vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib. Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilib ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır. Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu xüsusi vurğulayıblar. Bildiriblər ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb. Həqiqətən ötən illərdə ölkə iqtisadiyyatında mühüm islahatlar davam etdirilib. Xüsusən, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına xidmət edən mühüm addımlar atılıb. Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevrilib. Məhz Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizdə daxili möhkəm ictimai-siyasi sabitlik təmin olunub, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atılıb.
Araşdırma ilə bağlı fikirlərini açıqlayan millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, Hollandiyanın ING maliyyə holdinqinin analitik məruzəsi müxalifətin ölkənin inkişafı ilə bağlı daxili və xarici sorğuların nəticələrinə şübhə ilə yanaşmasına son qoyub. Deputatın sözlərinə görə, cəmiyyət hökumətə inanır, etimad göstərir:
"Bu, şübhəsiz ki, Prezident İlham Əliyevin ölkədə sabitliyin təmin edilməsi sahəsində gördüyü möhtəşəm işlərlə bağlıdır. Müəyyən şəxslər aparılan islahatlara inamsızlıqla yanaşırdılar. Amma Hollandiyanın sorğu mərkəzinin hesabatı məsələnin obyektivliyinə şübhə yeri qoymur. Əgər bu sorğu nəticəsində hakimiyyətə əhalinin 81 faizi, parlamentə 65 faizi, siyasi partiyalara 45 faizinin inandığını üzə çıxırsa, bu hal siyasi partiya rəhbəri kimi məni sevindirir. Hesab edirəm ki, siyasi partiyalar obyektiv və subyektiv cəhətdən həqiqətən cəmiyyətin tam ümid yerinə çevrilə bilməyiblər. 35 faiz cəmiyyətin parlamentə etimad göstərməməsi də təbii haldır. Bu sorğu parlament qarşısında daha böyük məsuliyyət qoyur ki, xalqın etimadını qazanmaq üçün daha çox çalışmalıyıq. Hökumətə olan etimada gəlincə isə, xalq bu hakimiyyətə alternativ qüvvə görmür”.
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Aydın Mirzəzadə də deyib ki, hökumətə olan etimad dövlətçiliyimizin bariz xarakteristikasından irəli gəlir. Deputatın fikrincə, Azərbaycan cəmiyyəti dövlətinin fəaliyyətindən ümumən razıdır: "Azərbaycan cəmiyyəti bu gününə və sabahına inanır. İndiki iqtidara böyük etimad göstərir. Bu, kiçik məsələ deyil. Nəzərə alsaq ki, Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır, 26 illik müstəqilliyimiz Ermənistan-Azərbaycan qarşıdurması şəraitində keçir, bu zaman əsrlərlə yığılıb qalmış problemləri həll etmək lazım gəlir. Həmçinin Azərbaycan cəmiyyətində bir yekdilliyin, milli birliyin olduğunu da söyləmək olar. Bu gün əgər 81 faiz insan sabaha inanırsa, deməli, cəmiyyət ümumən dəyərlər üzərində qurulub. Şübhəsiz ki, bütün bunlar heç də asan başa gəlməyib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində indiki Azərbaycanın bünövrəsi qoyulub. Azərbaycanın strateji istiqaməti düzgün seçildi. Ölkəmiz özünün müstəqilliyini hərtərəfli qoruya bildi. Prezidentimiz İlham Əliyevin siyasi kursu Azərbaycanın milli maraqlarına cavab verir. Azərbaycanın suverenliyi qorunur və müstəqil daxili, xarici siyasət yeridir. İnsanların sosial problemlərinin həlli üçün maksimum işlər görülür. Parlamentə, siyasi partiyalara münasibətin özü də göstərir ki, vətəndaşlarımız siyasi proseslərlə ciddi surətdə maraqlanırlar. Onlar bugünkü proseslərin demokratik çərçivədə getdiyinin fərqindədirlər. Nəzərə alsaq ki, bu rəy sorğusu xarici bir şirkət tərəfindən keçirilib, ona görə də nəticələrin obyektivliyi hər hansı bir şübhə doğurmur”.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev də bildirib ki, Prezidentin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini xalq öz təhlükəsiz həyatında görür: "Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Əhali Prezidentə inanır və dövlət başçısının ətrafında sıx birləşir”. Deputat vurğulayıb ki, Azərbaycan vətəndaşları dünyada baş verən hadisələri müşahidə edir və bütün bunlardan düzgün nəticə çıxarır: "Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə, bu sabitliyə və təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub. Xalq da bunu görür və doğru seçim edir”.
Siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov da bəyan edib ki, hakimiyyətin legitimliyinin dərəcəsini, siyasi qərarların nə dərəcədə cəmiyyətin ayrı-ayrı üzvlərinin maraqlarına uyğun gəlib-gəlmədiyini öyrənmək üçün sosioloji sorğulara müraciət edilir. Politoloq vurğulayıb ki, sosioloji sorğulardan mövzunun obyekti olan siyasi subyektlər mütləq nəticə çıxartmalı, cəmiyyətin mütləq çoxluğunun istəyinə uyğun siyasət aparmalıdırlar: "Prezident seçkilərinə bir ildən az bir vaxt qalan zaman sorğuda iştirak edənlərin 81 faizinin hökumətə etibar etməsi Azərbaycanda siyasi hakimiyyətin cəmiyyət içində legitimliyinin nəticəsidir. Bu, kifayət qədər böyük rəqəmdir. Misal üçün, Fransa, Almaniya, ABŞ, İtaliya kimi ölkələrdə əhalinin hökumətlərin siyasətinə dəstək faizi aşağıdır. Məsələn, Amerika əhalisinin 58 faizi hökumətin müxtəlif sahələrdəki siyasətini dəstəkləyir. Əhalinin əhvalına siyasi hakimiyyətin apardığı xarici siyasi kurs təsirsiz ötüşməyə bilməz. Kiçik ölkələr üçün hökumətlərin böyük güclərlə münasibətləri və hansı vektora tərəf baxması vacibdir. Moldovada, Ukraynada qeyri-siyasi sabitliyin olmasının ən böyük səbəbi həmin ölkələrin xarici siyasətlərindəki fəaliyyət idi. Avropa İttifaqı, NATO bir tərəfdən, Rusiya, Avrasiya İqtisadi İttifaqı isə digər tərəfdən”.
Politoloq qeyd edib ki, Gürcüstan, Moldova, Ukraynadan fərqli olaraq, Azərbaycana təzyiqlər daha çox vektorlar vasitəsi ilə baş verir: "Təkcə Avropa İttifaqı, ABŞ, Rusiya deyil, eyni zamanda digər dövlətlərin də Azərbaycanda öz maraqları var. Dövlətin bu giqantların arasında apardığı çevik siyasət daxili əmin-amanlığa da böyük təsir edir”.
İsmayıl