Sadə əhaliyə yaradılmış bu şərait yetər
Qoy pulu olanlar bahalı çimərliklərdən istifadə etsinlər
İctimai çimərliklərin yaradılması təqdir olunur, amma təkliflər də var
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Səbail rayonunda, “Şıx” çimərlik ərazisində yaradılan çimərlikdən sonra artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun hər şey quraşdırılıb. Vətəndaşların istirahətinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb. Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulur. Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.
Son günlərin müzakirəsinə səbəb olan ictimai çimərlik məsələsinə yazıçı-publisist Feyziyyə Soltanmurad şəxsi feysbuk səhifəsində münasibət bildirib. «Türkiyədə bələdiyyələrin nəzdində olan çimərlikləri görəndə təəssüflənir və düşünürdük ki, kaş, bizdə də əhali dəniz sahilində istirahət etmək haqqından ödənişsiz istifadə edərdi. "Şıxov"da yeni istifadəyə verilmiş ictimai çimərlik bu yöndə atılan ilk addım kimi ümid edirik, son olmayacaq. Qoy pulu olanlar bahalı çimərliklərdən istifadə etsinlər. Sadə əhaliyə yaradılmış bu şərait yetər». Eyni zamanda yazıçı ictimai çimərliklərin yaradılması ilə bağlı tənqidləri də cavabsız qoymayıb: «Təmizlik məsələsinə gəlincə, gərək ümumiyyətlə heç Xəzərə girməyək. Yayı ən çox təriflənən çimərliklərdən olan Şüvəlanda keçirdik, açığı, Şıxov daha təmiz görünür. Yaxın ərazidə yaşayanlar üçün əlverişlidi. Hər halda seçimimiz zatən çox deyil. Belə də ki, ən pisi dənizsizlikdi. Bizə həsəd aparan nə çox millət».
Ekspert Məhərrəm Zülfüqarlı da ictimai çimərliklərin yaradılması məsələsi ilə bağlı fikirlərini «Şərq»in oxucuları ilə bölüşüb:
«Bu kimi çimərliklərin yaradılması əhalinin sosial müdafiəsinə kömək məqsədi daşıyır. İmkanı məhdud və pullu çimərliklərdə dincəlməyə imkanı çatmayan insanlar onlar üçün yaradılan ictimai çimərliklərdən rahatlıqla istifadə edə bilərlər. Amma mənə elə gəlir ki, bu, layihə şəklində bir müddətlik deyil, daimi olmalıdır. Yəni yaradılan ictimai çimərliklər bir neçə aylıq deyil, daimi fəaliyyət göstərməli, ora dövlət hesabına işçilərlə təmin olunmalı, ərazinin təmizlənməsi, gigiyenik qaydalara riayət üçün xüsusi nəzarət olmalıdır ki, əhalidə ictimai çimərliklərdən istifadə edərkən narazılıq yaranmasın. Baxmayaraq ki, bu mövsüm bir neçə yerdə ictimai çimərliklər yaradıldı, amma yenə də əhalidə müəyyən narazılıqlar üçün səbəblər oldu. Bu problemin həllini köklü şəkildə aradan qaldırmaq lazımdır. İctimai çimərliklərin yaradılması daimi olsun və ora müəyyən işçi qrupu cəlb edilsin ki, əhaliyə normal xidmət göstərilsin. Bildiyim qədər çimərliklər qeyri-hökumət təşkilatlarının layihəsi kimi fəaliyyətə başlayıb. Bunun dövlət nəzarəti çərçivəsində fəaliyyəti daha məqsədəuyğundur».
M.Zülfüqarlı onu da qeyd etdi ki, Azərbaycanda dənizlərin hasarlanması, divarların çəkilməsi parlamentdə belə müzakirəyə səbəb olub:
«Düşünürəm ki, xarici, xüsusilə də inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməliyik ki, insanlar rahat şəkildə dincələ bilsinlər. Kiminsə pulu varsa, dənizi hasarlaya bilməz. Ən azı bu, insanlığa ziddir. Təbiətin verdiyi bu töhfələri insanlara pulla satmaq doğru deyil. Kiminsə pulu varsa, bu o demək deyil ki, dəniz kənarını hasarlaya, gəlir əldə etmək üçün insanların dincəlməsinə məhdudiyyət yarada bilər.
Bunlar nəzərə alınmalıdır və bu sahədə daha ciddi addımlar atılmalıdır ki, insanlar rahatlıqla təbiət qoynunda istirahət edə bilsinlər. Bu təkcə dənizkənarı məkanlara deyil, meşə və digər istirahət yerlərinə də aid edilməlidir. Qaldı son dönəmlər ictimai çimərliklərin seçilməsində yer məsələsinə, bəzilərinin fikrincə, "Şıxov" ərazisi təmizliyinə görə əlverişli deyil. Bu məsələ də köklü şəkildə daha geniş ərazilərdə həllini tapmalıdır.
Təkcə "Şıxov" ərazisində deyil, dəniz ətrafında olan digər əlverişli məkanlarda da ictimai çimərliklərin yaradılması vacibdir. Bu məsələ də yalnız dövlət səviyyəsində həllini tapa bilər. Maddi imkanı məhdud Azərbaycan vətəndaşı da ictimai istirahət məkanlarından rahatlıqla istifadə edib dincəlmək imkanı əldə etsinlər. Sosial vəziyyəti aşağı olan vətəndaşlar məhz dövlətin onlara yaratdığı əyləncə mərkəzlərindən istifadə etməklə də istirahətlərini həyata keçirə bilsinlər».
İlahə Əhmədqızı