Şagird var ki, ondan gözəl futbolçu olar

Amma uşağın başına döyürlər ki, “sən mütləq dissertasiya müdafiə eləməlisən”
Məktəb, valideynlər uşaqların peşə seçimində onlara yardımçı olmalıdırlar






Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində "Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbirlər keçirilib.

Təhsil Nazirliyinin razılığına əsasən, Dövlət Məşğulluq Xidməti və "Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər məktəblilərin peşə meyil və maraqlarının müəyyənləşdirilməsində, onlara gələcəkdə peşə və ixtisas seçimində kömək göstərmək, övladlarını yaradıcı əməyə hazırlamaq və onları düzgün ixtisas seçiminə yönəltmək barədə valideynləri məlumatlandırmaqdır.
Ali məktəblərə ixtisas seçimi zamanı bəzi tələbələr valideynin istəyi və arzusunda olduğu ixtisas üzrə təhsilini davam edir. Hətta belə hallarla peşə seçimində də rastlaşırıq.

Peşə təhsili haqqında müəyyən təbliğatın aparılmalı olduğunu deyən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, ölkəmizdə əsas problemlərdən biri də məhz peşə təhsilidir. Ekspertin sözlərinə görə, hazırda bizim əmək bazarında bacarıqlı peşə sahibləri həmçinin normal peşə təhsili verən məktəblər yoxdur: "Müəyyən peşə sahələrində bahalıq hiss olunur və əhali çətinlik çəkir. Həm müəllimlər, həm məktəb rəhbərliyi, həm də valideynlərin şagirdlərlə bu yönümdə söhbəti, keçirilən tədbirləri məqbul sayıram. O mənada yox ki, onlar şagirdləri məcbur etməlidir ki, "siz mütləq filan peşənin sahibi olmalısız”. Onlar sadəcə olaraq şagirdlərə müəyyən istiqamətlər və məsləhətlər verməlidir. Hansı sahənin işlənilməli və xeyirli olduğunu söyləməlidirlər. Bu tövsiyələri şagirdin fiziki və əqli qabiliyyətlərini fərdi şəkildə bilərək verməlidirlər. Məsələn, şagird var ki, ondan gözəl futbolçu olar, amma uşağın başına döyürlər ki, "sən mütləq dissertasiya müdafiə eləməlisən”.
Ümumiyyətlə, Allah insana hər şeyi vermir. Hər kəsə fiziki və əqli qabiliyyət balans şəklində verilir. Ya əqli qabiliyyət çox olur, fiziki qabiliyyət az və yaxud da əksinə. Bəzən görürsüz ki, kiminsə bir ayağı zəifdir, amma əvəzində o biri ayağı daha güclüdür. Bu, təbiətin verdiyi nemətdir, bu neməti hər bir şagirdin xarakterində həm valideyn, həm də müəllim və rəhbərlik görə bilər. Onların apardığı təbliğatlar da buna uyğun olmalıdır. Yoxsa kiməsə sevmədiyi sahəni seçdirmək insan haqlarına və konstitusiyaya ziddir”.

Yeganə Bayramova