Şagirdlər yazır...

Əsgərlər həmin məktubları sanki bir dua kimi qəbul edirlər


Gəncə qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə "Vətən uğrunda” səyyar təşviqat dəstəsi tərəfindən "Əsgərə məktub” layihəsi davam edir.

Aprel döyüşlərinin ikinci ildönümü münasibətilə Cəlilabad rayon Muğan kənd orta məktəbinin şagirdləri əsgərlərə "Biz hər zaman sizin yanınızdayıq”, "Yaşasın Azərbaycan əsgəri” mövzularında məktublar ünvanlayıblar. Layihənin məqsədi cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq, əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdir. Yaşadığın evdən, ailəndən, yaxınlarından uzaqlaşıb vətənin hər hansı bölgəsində xidmət etmək bəzən insana çətin gələ bilər. Məhz belə bir layihənin keçirilməsi çox güman ki, əsgərlərimizin daha da həvəslənməsinə, onlarda ruh yüksəkliyinə səbəb olacaq.

Tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas "Şərq”ə açıqlamasında layihənin olduqca müsbət olduğunu deyib: 

"Bu cür layihələr ordu və cəmiyyət arasında əlaqələrin qurulmasında mühüm rol oynayır. Əgər layihə orta məktəb şagirdləri arasında keçirilirsə, bu olduqca təqdirəlayiqdir. Təbii ki, məktublar müəllimlərin diktəsi ilə yazılmasa daha yaxşıdır. Çünki onun heç bir effekti olmayacaq. Ona görə də şagirdlər fikirlərini, onları maraqlandıran sualları özləri yazsalar daha səmimi olar. 

Belə layihələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də həyata keçirir. Arif Şəmistanlı adlı bir dostumuz da "Salam əsgər” adlı layihə keçirmişdi. Amma Arif qeyri-adi bir yol seçib internet üzərindən elan vermişdi. Yalnız gənclər yox, bütün Azərbaycan vətəndaşları məktub yaza bilərdilər. Sonra həmin yazılar məktub halına salınıb bütün əsgərlərə paylanırdı. 

"Salam əsgər” layihəsində mən də iştirak etmişəm. Döyüş bölgələrinə gedib əsgərlərə məktubları paylayırdıq. Əsgərlər həmin məktubları sanki bir dua kimi qəbul edirdilər. Ona görə də belə layihələr davam etməlidir. Tək bir hərbi hissə və korpus miqyasında yox, digər qoşun birləşmələri, sərhəd qoşunları, daxili qoşunlar arasında da layihəni keçirmək lazımdır. Məktublar çatanda əsgərlər biləcək ki, onları gözləyənlər və çox istəyənlər var”.

Yeganə Bayramova