Şahbaz Quliyevdən məktub var: "...Ağrılarım..."





"Dünən Şahbazdan məktub almışıq. Yenə də hər şeyin qaydasında olduğunu yazıb”.

Bunu"Sherg.az”a Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) girovlarımızla görüşməsindən danışarkən deyib. 

O qeyd edib ki, bir müddət əvvəl xəstəxanaya yerləşdirilən, həkim nəzarətində olan Şahbaz Quliyev ağrılarının sakitləşdiyini yazıb:

"Qardaşım, bizim nigaran qalmağımızı istəmir, ona görə məktubda hər şeyin yaxşı olduğunu dönə-dönə yazıb. Müalicəsi dayandırılıb. Artıq yaxşı olduğunu vurğulayıb. BQXK-nın əməkdaşları da dedilər ki, Dilqəm və Şahbazın səhhəti normaldır.

Yeni il ərəfəsində görüntülü danışıq təşkil ediləcəyi haqqında mülahizələr var idi. Ola bilər ki, bayramqabağı yenidən görüş keçirilsin, görüntülü danışaq. Amma inanmıram ki, Yeni ildən əvvəl yenə görüş keçirilsin.

BQXK girovlarımızın qaytarılması barədən heç bir məlumat vermir. Amma bilirik ki, ölkə başçısı səviyyəsində məsələyə diqqət var. Dövlət məşğuldur. Yaxşı xəbər gözləyirik”.

Qeyd edək ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da qurumun nümayəndələrinin dekabr ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan azərbaycanlılara bir daha baş çəkdiyini diqqətə çatdırıb.

Aysel Aslan