Şahbaz Quliyevin qardaşı təkzib etdi: “Videoya baxdıq, səhhəti qaydasındadır”





Qardaşım Şahbazın səhhətinin ağır olmasına dair mətbuatda yer alan fikirlər mənə məxsus deyil”.

Bunu "Sherg.az” Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib.

O qeyd edib ki, bu, yanlış məlumatdır:

"Şahbazla bağlı videoya baxdıq. Onda heç nə yox idi. Hər şeydə qaydasındadır. Sağlıq durumu yerindədir”.

Şahbaz Quliyevin bacısı İradə Quliyeva isə Ş. Quliyevdən video- görüntü gəlməsindən xəbərsizdir:

"Şahbazdən sonuncu dəfə mart ayında məktub gəlib. Orada da bildirib ki, xəstədir. Vəziyyəti heç də yaxşı deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi(BQXK) tərəfindən müalicə olunur.

Lakin BQXK-dən bizə video görüntü gəlməyib. Bəlkə də mən xəbərsizəm. Amma onu deyə bilərəm ki, Şahbaz xəstədir, müalicə olunur. İlhamın nə üçün belə bir açıqlama verməsini də bilmirəm. Bəlkə də qardaşının halına görə əsəbləşib, elə deyib. Lakin bizə video təqdim olunmayıb”.

Xatırladaq ki, dünən bəzi media quruluşlarında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin ailəsinə video-görüntü təqdim olunmasına dair xəbər yayıldı. Bu barədə girovun qardaşı İlham Quliyevin məlumat verdiyi bildirilirdi:

"Şahbazın yeni görüntüləri onlara 15 gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri tərəfindən göstərilib. Şahbazın videosunu görəndən bəri özümüzə gələ bilmirik. İstəyirik, xalqımız onun nə vəziyyətdə saxlanıldığını görsün, halına acısın. Videoya baxanda ürəyimiz qan ağladı. Qardaşım yaman günə qalıb”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Kənan Eynuroğlu