Şalvarının kəməri ilə özünü asan məhbusla bağlı ŞOK FAKTLAR

Müzəffər Baxış:" İntihar edən məhbusun cəzaçəkmə müəssisəsində hər hansı vəzifəli şəxs, müəssisənin rəhbərliyi və ya digər məhbuslar tərəfindən mütəmadi təhqir edilməsi halları da mümkündür"


"Ola bilər ki, həbsxanalarda verilən yeməklərin keyfiyyəti və ya məhbuslara göstərilən tibbi xidmətin zəifliyi ilə bağlı problemlər yaşansın. Lakin qadağan edilmiş əşyaların gətirilməsinə və saxlanmasına ciddi nəzarət edilir”.

Bunu Sherg.az-a Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhbusun şalvarının kəməri ilə özünü asması hadisəsinə münasibət bildirərkən, "Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Müzəffər Baxış deyib.

 O bildirib ki, intihar edən məhbusun nə ilə özünü asması, həmin əşyanın saxlanmasının daxili intizam qaydalarına zidd olub-olmadığı istintaqın gedişində müəyyənləşdiriləcək:

"Ancaq məhbusun kəmər daşımasının qanunsuz olduğunu söyləmək mümkündür. Əgər istintaq nəticəsində müəyyən edilsə ki, həqiqətən həmin şəxs qadağan edilmiş əşya ilə özünə qəsd edib, o zaman həmin cəzaçəkmə müəssisəsində nəzarəti həyata keçirən və bu qanunsuzluğa şərait yaradan şəxslər cəzalandırılmalıdır. Vəzifə səhlənkarlığı, şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olmaq, nəzarət edən şəxslərin öz işinə etinasız yanaşması halları nəzərə alınmaqla, intihar edən şəxsdə qadağan edilmiş əşyanın olması sübut edilərsə, Azərbaycan Respublikası cinayət məcəlləsinin 314.2-ci maddəsinə uyğun şəkildə vəzifədən sui-istifadə, səlahiyyətlərini lazımi qaydada yerinə yetirmədiyinə görə, istintaq orqanı həmin sahəyə nəzarət edən şəxsləri ittiham edə bilər. Lakin bunun tam araşdırılacağı inandırıcı deyil. Bu işləri prokurorluq orqanları həyata keçirir və onlar sifarişlə çalışan qurumlardır. Prokurorluq orqanlarına həmin vəzifəli şəxsə ittiham vermək lazım olduğu deyilsə, verəcək, verilməsin deyilsə, məsələ ört-basdır ediləcək. Hər bir halda tam obyektiv, hərtərəfli istintaq aparılıb, intiharın səbəbi araşdırılmalıdır”.

M. Baxış əlavə edib ki, özünü asan məhbusun cəzaçəkmə müəssisəsində hər hansı vəzifəli şəxs, müəssisənin rəhbərliyi və ya digər məhbuslar tərəfindən təhqir edilməsi, şərəf və ləyaqətinin mütəmadi alçaldılması halları da ola bilər:

"Bu zaman adı çəkilənlərə cinayət məcəlləsinin 125-ci maddəsinə uyğun şəkildə cinayət işi qaldırılıb, 3 ildən 7 ilə qədər cəza müəyyən edilər: "Ümumiyyətlə isə Azərbaycanda bu məsələlər barədə obyektiv istintaq aparılacağına inanmıram. Çünki cəzaçəkmə müəssisələri çox həssas yerlərdir və bir qayda olaraq, belə cinayətləri gizlətməyə çalışırlar”.

Qeyd edək ki, Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus şalvarının kəməri ilə özünü asaraq intihar edib. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nizami rayonu, Böyük Şor qəsəbəsində yerləşən 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində baş verib. Orada cəza çəkən 1984-cü il təvəllüdlü Aslanov Mahir Nazir oğlu müəssisəsin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.

Aysel Aslan