“Saraydakı ev məhkəmənin göstərişi ilə dağıdılıb” - AÇIQLAMA

"Evin toy ərəfəsində sökülməsi mövcud həqiqətlərin mahiyyətini dəyişmir. Məhkəmə icraçıları sadəcə olaraq öz vəzifələrini yerinə yetirirlər”
Abşeronun rayonunun Saray qəsəbəsində toyu olacaq şəxsin evi dağıdılıb. İcra başçısı İradə Gülməmmədova toy keçiriləcək evin uçurulması göstərişini verib.
Məlumata görə, gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb və ailə 1999-cu ildən həmin evdə yaşayırmış.
Baş verənlərlə bağlı "Sherg.az”a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, ev icra hakimiyyətinin deyil, məhkəmə orqanının göstərişi ilə dağıdılıb.
Liqa sədrinin sözlərinə görə, evin məhkəmə qərarını icra edən orqan tərəfindən sökülməsində heç bir problem yoxdur:
"Çünki onlar məhkəmə qərarını icra etməlidirlər. Məhkəmə orqanı evin sökülməsini təxirə salmaq kimi bir hüquqa malik deyil. Eyni zamanda Ədliyyə Nazirliyini də məhkəmə qərarlarının icra olunmasını tələb edir. Bu sistem bütün dünyada belədir. Evi sökülən şəxslər bunun ədalətli olmadığını söyləsələr də, məhkəmələr baş verənləri müzakirə edərək deyə bilməz ki, qərar düzgün deyil. Ona görə də, evin toy ərəfəsində sökülməsi mövcud həqiqətlərin mahiyyətini dəyişmir. Məhkəmə icraçıları sadəcə olaraq öz vəzifələrini yerinə yetirirlər”.
Ekspert onu da diqqətə çatdırıb ki, torpaq mülkiyyəti vətəndaşdadırsa və yaşayış yeri tikmək üçün uyğunluq varsa, vətəndaş 12 metrlik hündürlüyə qədər layihəni razılaşdırmaq şərti ilə ev tikmək hüququna malikdir: 
"Tikinti üzrə şəhərsalma məcəlləsində də belədir ki, layihə təsdiqlənib icra hakimiyyətinə təqdim edilməlidir. İcra hakimiyyətinin isə iradları yalnız planlaşdırma ilə bağlı ola bilər. Saray qəsəbəsindəki evi icra hakimiyyəti sökdürsə idi, təbii ki, bu, çox yanlış olardı. Çünki sökülmə yalnız məhkəmə qərarı ilə ola bilərdi. Məhkəmə qərarı olduqda isə deməli, bu tikili ya təyinatı düzgün olmayan yerdə salınıb, ya da başqa adamın mülkiyyətində tikilib. İstənilən halda məhkəmə qətnaməsi qüvvəyə minibsə, evin sökülməsi icra olunmalıdır”.
Yeganə Bayramova