"Sarkisyan Fransaya siyasi dəstək dilənməyə gedib" - Deputat





"Sarkisyanın bu səfərləri, Ermənisayağı beynəlxalq şüvən qoparılması da Azərbaycan ordusunun gücünün etiraf olunmasıdır”.

Bunu Sherg.az-a Ermənistan prezidenti Serj Sarkisyanın Fransa səfərini şərh edərkən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib. 

O bildirib ki, Sarkisyanın Fransa səfəri bu ölkədə aprel ayında baş tutacaq parlament seçkiləri ilə əlaqədardır:

"Fevral ayının 24-dən 25-nə keçən gecə erməni diversantlarının təxribatına qarşı Azərbaycan ordusu müqavimət göstərib. Düşmənin canlı qüvvəsi və texnikası məhv edilib. İndiki mərhələdə daha radikal fikirlər səsləndirməklə Sarkisyan və hərbi xunta rəhbərliyi aprel ayında keçiriləcək parlament seçkilərində üstünlüyü təmin etməyə çalışırlar. Lakin bu mümkün olmur. Bu, Ermənistan üçün ciddi mərhələdir. Əgər işğalçı dövlət cəbhə xəttində hər hansı üstünlük əldə edərsə, aprel seçkilərində onların qalibiyyətinə zəmin yaranmış olar. Ancaq hazırda nisbətən konstruktiv qüvvələr hesab edəcəyimiz siyasətçilər var ki, onlar Dağlıq Qarabağ probleminin həllinin vaxtının çatması ilə bağlı fikirlər səsləndirirlər. İşğalçı ordu yeni nailiyyətlər əldə etməzsə, nisbətən konstruktiv meylli siyasətçilərin parlamentdə təmsil olunma nisbəti yüksək ola bilər. Ona görə, seçkilərə qədər olan kritik mərhələ Ermənistandakı hərbi xunta rejimi üçün çox əhəmiyyətlidir. S. Sarkisyan da bu mərhələdə bir növ xarici dəstək dilənmək üçün Avropaya üz tutub. Ermənistanın iqtisadiyyatı, ordusunun gücü, siyasi ömrünün uzunluğu xaricdən bu və ya digər şəkildə əldə olunan dəstək hesabına mümkün olur. Ona görə, düşmən prezidentin növbəti hakimiyyətdə qalmaq ianəsini toplamaq üçün belə səfərlər etməsi normaldır”.

Ermənistanın Azərbaycan ordusunun gücünü gördükdən sonra dini məsələyə əl atdığını deyən H. Babaoğlu bildirib ki, onlar xristianlığı önə çəkməklə, "biz xristianıq”, "Azərbaycan bizi məğlub edir, yardım edin” fikirləri ilə çıxış edirlər:

"Qərbdə dəbdə olan islamafob görüşləri şərh edən siyasətçilər var. Bəzən açıq, bəzən gizli şəkildə bunlar ifadə olunur. Amma hər halda münaqişəni xristian təəssübkeşliyi üzərindən qiymətləndirən siyasətçilər var. S.Sarkisyanın Avropaya növbəti səfərinin alt məqsədində də bu dayanır ki, məhz məsələni istismar edərək, dəstək əldə etsin. Ancaq bununla bərabər bilirik ki, Qərbdə praqmatik, real, hadisəni, güc balansını düzgün qiymətləndirməyi bacaran siyasətçilər var. Onlar görürlər ki, qərbin dəstəyi, ATƏT-in Minsk qrupunun fəaliyyəti olmasa, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Fransaya səfər edəcək. Səfər çərçivəsində o, Fransa prezidenti Fransua Olland, Senat sədri Jerar Larşe, Milli Assambleyanın sədri Klod Bartoloni və Paris meri Ann İdalqo ilə görüşlər keçirəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin aparılacağı gözlənilir.

Aysel Aslan