Sarkisyandan sonra Qarabağda dəyişiklik gözlənilmir

Ermənistanda qərbyönümlü hökumət qurulsa, Rusiya ölkədə sabitliyi pozacaq



Ermənistan baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib. O, xalqın "İstefa!” tələbi qarşısında geri çəkilməyə məcbur oldu. S.Sarkisyanın istefası ilə qonşu ölkədə 20 ildən çox sürən "Qarabağ klanı”nın hakimiyyətinə nəhayət ki, son qoyuldu.

Qeyd edək ki, qarabağlı ermənilərin Qarabağ münaqişəsinin həlli istiqamətində 20 il ərzində heç bir konstruktiv addım atmaması, tam əksinə, 2016-cı ildə vəziyyəti gərginləşdirdiyi nəticəsində "aprel müharibəsinin” baş verməsi, bir il sonra qondarma rejimin bölgənin adını dəyişdirmək ilə bağlı "referendum” keçirməsi danışıqlar prosesini dalana dirədi.

Serj Sarkisyanın istefası Qarabağ məsələsində hansı nəticələrə gətirə bilər?

Yerli politoloqların şərhlərinə keçməzdən əvvəl diqqətinizə çatdıraq ki, beynəlxalq təşkilat nümayəndələri bu barədə daha nikbindirlər.
"Caspian Group Holdings”in (ABŞ) baş direktoru Rob Sobhani ümid edir ki, Ermənistan baş naziri Serj Sarkisyanın istefası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək. Onun fikrincə, problemin həlli eyni zamanda Ermənistan və onun qonşuları, Azərbaycan və Türkiyə arasında ticarət üçün qapıları açacaq. Münaqişənin həlli nəticəsində yaranacaq sabitlik Ermənistan xalqına uzunmüddətli iqtisadi səmərə gətirəcək. Bu, onu ifadə edir ki, xalq münaqişənin həlli üçün öz liderlərinə təzyiq göstərəcək.
Sobhaninin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu tarixi məqamdan istifadə edərək Ermənistan tərəfini münaqişənin dinc yolla həllinə yönləndirməlidir və Ermənistan xalqını münaqişənin həllinin onlara səmərə verəcəyinə inandırmalıdır: "Əgər Ermənistan xalqı öz liderlərindən Azərbaycanla sülh bağlamağı tələb etsə, mən əminəm ki, biz Ermənistan hökumətindən konstruktiv yanaşmanın şahidi olacağıq”.

Ermənistanda qonşu dövlətlərlə normal münasibət qurmaq təbliğatı gedir

Millət vəkili Tahir Kərimlinin fikrincə, Serj Sarkisyanın baş nazir vəzifəsindən istefa verməsi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyinin yumşalmasına səbəb olacaq.

Onun sözlərinə görə, hərbi xuntadan yaxasını qurtaran erməni xalqı öz hakimiyyətini formalaşdırmaq imkanı qazanıb:

"Düşünürəm ki, Ermənistanda baş nazir təyinatı bir neçə ay çəkəcək. Məsələ ondadır ki, artıq hərbçilər də xalqın tərəfinə keçdi və çox qorxulu bir vəziyyət yarandı. Əgər əvvəllər Sarkisyan hərbçilərlə birlikdə azərbaycanlılara qarşı qırğın törədirdisə, indi həmin hərbçilər Sarkisyanın korrupsiyasından, yardımları, ianələri mənimsəyib öz adamları arasında bölüşdürməyindən bezdi. Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasının səbəblərindən biri də qonşularla pis münasibəti üzündən ölkə iqtisadiyyatını məhvə aparması oldu. Əhali ölkəni tərk edir, Ermənistan cəmiyyəti acınacaqlı vəziyyətə düşüb. Sarkisyan özünü "Qarabağ qəhrəmanı” sayırdı, xalq isə onu yıxdı”.
Deputat Ermənistanda yeni hakimiyyətin daha konstruktiv olacağına ümid etdiyini bildirib: "Ermənistanın dalana dirənməsi, onun iqtisadiyyatının hər cəhətdən sarsılması və sair məsələlər diktə edir ki, yeni hakimiyyət Qarabağ məsələsində müəyyən yumşaqlıq nümayiş etdirsin. Artıq Ermənistanda qonşu dövlətlərlə normal münasibət qurmaq təbliğatı gedir. Ermənistan cəmiyyəti bu klandan qurtulmaq istəyir”.

Sarkisyanın istefası Dağlıq Qarabağ münaqişəsinin həllinə heç nə verməyəcək

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu isə Serj Sarkisyanın baş nazir postundan istefa verməsinin Dağlıq Qarabağ probleminin həllinə heç bir təsiri olmayacağını düşünür: "Dağlıq Qarabağ probleminin həllində əsas tərəf Rusiyadır. Sarkisyanın bu prosesdə zərrə qədər də rolu yoxdur. O, sadəcə olaraq məsələnin fasadını təşkil edir. Fasadın rəngini dəyişmək isə Rusiyanın əlindədir. O, Ermənistanı istənilən vaxt istənilən rəngə boyaya bilər. Bu mənada Sarkisyanın istefası Dağlıq Qarabağ münaqişəsinin həllinə heç nə verməyəcək”. S.Cəlaloğlunun sözlərinə görə, Ermənistanı qərbyönümlü bir hökumət ələ alsa, Rusiya Ermənistandakı stabilliyi pozacaq. Bu zaman isə erməniləri Gürcüstanda və Ukraynada baş verən proseslərin davamı gözləyir. Qərbin Ermənistanın demokratikləşməsinə dəstək verməsinin heç bir əhəmiyyəti yoxdur.

Ermənistanda gedən proseslər bölgədəki hadisələrə də təsir edəcək

Politoloq Qabil Hüseynlinin qənaətincə, Rusiyanın Ermənistandakı təsiri bundan sonra zəifləyəcək və bundan sonra ermənilər qərbyönümlü siyasətə daha çox üstünlük verəcəklər: "Ermənistanda gedən proseslər bölgədəki hadisələrə də təsir edəcək. Bütövlükdə Dağlıq Qarabağla bağlı danışıqlara da özünün müsbət təsirini göstərəcək. Serj Sarkisyan həddən artıq radikal-millətçi əhval-ruhiyyəsində və Azərbaycana qarşı kəskin nifrəti olan bir adam idi. Dağlıq Qarabağ məsələsində Ermənistanın kəskin radikal mövqe tutmasının müəlliflərindən biri də məhz Sarkisyan idi”.

Politoloqun sözlərinə görə, bundan sonra bu mövqedə müəyyən bir yumşalma prosesi gedə bilər: "Dağlıq Qarabağ düyününün açılması üçün şansımız artır. Bu məsələ həm də Rusiyanın tutduğu mövqedən asılı olacaq. Amma güman edirəm ki, Rusiya da bu məsələdə müsbət mövqe tutacaq”.

Politoloq vurğulayıb ki, Ermənistanda parlament idarəetmə üsulu olduğundan, Sarkisyanın yerinə öz partiyasında bir nəfər seçilib yerləşdirilə bilər:

"Hazırda parlamentdə Daşnaksütyun və Respublikaçılar Partiyasının ittifaqı üstünlük təşkil edir. Bu iki partiyanın birindən bir nümayəndə Sarkisyanın əvəzinə baş nazir postuna gətirilə bilər. Ancaq ola bilsin ki, Karen Karapetyan partiya üzvü olmasa da, Rusiyaya yaxın olduğu üçün baş nazir postuna yerləşdirilsin”.

Bu halda Qarabağ danışıqları aparıla bilməz

"Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların aparılmasından söhbət belə gedə bilməz”. Bunu isə "Sherg.az”a analitik Arzu Nağıyev bildirib. O qeyd edib ki, düşmən ölkədə əsas gündəmdə olan problem hakimiyyətdə kimin olması məsələsidir: "Bu gün, özünü müxalifət adlandıran Nikol Paşinyan və digər qüvvələr parlamentin yenidən formalaşmasını təklif edirlər. Hakimiyyətin başında kim olacaqsa, konkret onunla danışığa getmək lazımdır. Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərbi üsul variant kimi qalır. Lakin belə vəziyyətdə ordumuzun Ermənistana hücumu müsbət nəticə verməz. ATƏT-in Minsk qrupunun həmsədrləri də buna görə, davamlı açıqlamalar verirlər. Hər formada gərginlik yarana bilər. Xaosdan istifadə edən müxtəlif qruplaşmalar, Serj Sarkisyana tabe olan qüvvələr hər cür təxribata əl ata bilərlər. Bu baxımdan, Azərbaycan Müdafiə Nazirliyi ayıq-sayıq davranır. Hazırda Ermənistanda elə xaotik vəziyyət yaranıb ki, danışıqlara getmək çox çətindir. Ən əlverişli addım sərhədlərin qorunması, gözlənilən təxribatların qarşısının alınmasıdır. Bununla gələcək danışıqlar üçün normal vəziyyətin yaranmasını təmin edə bilərik”.

Şəymən