"Şarmazanovun Paşinyan hökumətinin 10 yaramaz addımı barədə dedikləri həqiqətdir" - Şərh





"Paşinyanın tam qələbədən sonra "Qarabağ klanını” cəzalandıracağı şübhəsizdir”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Ekspert bildirib ki, Paşinyanın rusiyapərəst qüvvələr üzərində total qələbəsi 5-ci kalonu yenidən hərəkətə keçməyə vadar edir: 

"Təbii ki, Rusiya Ermənistanı öz təsir dairəsində saxlamaq cəhdlərini davam etdirəcək. Bu səbədən də Paşinyana təzyiqlər artmaq üzrədir. Təzyiqlər qarşısında sıxılan Paşinyan Moskvaya nəzərdə tutulmamış səfərə yollanıb. Səfər çərçivəsində Paşinyanın Putinə müəyyən güzəştlər barədə söz verəcəyi gözlənilir. Lakin bütün bunlar sadəcə manevrdir. Nə Rusiya öz təyiqini dayandıracaq, nə də Paşinyan qərbyönlü siyasətindən əl çəkəcək”.

Ekspertin sözlərinə görə, Paşinyan hökuməti Avropa İttifaqı ilə müqavilələr imzalamaq barədə hərəkətə keçib:

 "İrəvan hökuməti düşünür ki, Avropa Birliyi ölkələri ilə viza rejimi qaldırılarsa, Qərb ölkələri Ermənistan iqtisadiyyatını Avropa standartlarına uyğunlaşdırmaq üçün 50 milyard dollara qədər yardım edəcəklər. Ermənistanın tanınmış siyasətçisi, yunan əsilli Eduard Şarmazanov Paşinyan hökumətinin fəaliyyətində 10 yaramaz fəaliyyəti barədə dedikləri həqiqətdir. Təpədən dırnağa qədər korrupsiyalaşmış bir sistemi qısa zamanda dəyişmək mümkünsüzdür. Bundan ötrü ilk növbədə maliyyə və ciddi dəstək lazımdır”.

Qeyd edək ki, Nikol Paşinyan iqtidarı erməni ictimai rəyində tənqid olunmaqda davam edir və irəli sürülən ittihamların hər biri real faktlara əsaslanır. Xüsusilə, köhnə sistemdən, Serj Sarkisyan hakimiyyətindən olan siyasilər Paşinyanın özünütərif metodlarını hədəfə alaraq, ən kəskin fikirlərini ifadə edirlər. Belə şəxslərdən biri də Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanovdur. Onun sözlərinə görə, son 8 ayda Ermənistanda baş verən siyasi və iqtisadi böhranla yanaşı, sosial və s. sahələrdə yaranmış ağır vəziyyət ölçüyəgəlməz dərəcəyə çatıb. Daha dəqiq desək, Şarmazanov əlində olan danılmaz faktları və arqumentləri necə deyərlər, ard-arda düzərək, onu zəncirvari şəkilə salıb.

İsmayıl