"Bu gün saxtalaşdırılmış diplomlarla çalışan həkimlərin olması çox mənfi haldır. Normal cəmiyyətlərdə xüsusilə tibb sahəsində saxtakarlıq halları olmamalıdır”.
Bunu Sherg.az-a Azərbaycanda 192 həkimin diplomunun saxta olmasına münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, yalnız həkimlərin diplomlarının saxta olması aşkara çıxarılıb. Bu o demək deyil ki, saxta diplomlu şəxslər başqa sahələrdə yoxdur:
"Yalnız həkimlərin adı çəkilməməlidir. Guya vəkillərin, hakimlərin, məmurların, prokurorların, digər sahədə çalışanların diplomları araşdırılıb? Onların diplomlarında saxtakarlıq yoxdur? Yəni bizdə bütün sahələrdə demək olar ki, vəziyyət belədir.
Bunun qarşısını almaq üçün cəmiyyətdə idarəetməni yaratmaq lazımdır. Yüksək keyfiyyətli idarəetmə tətbiq olunmalıdır. Azərbaycanda saxta diplom alan şəxslər hər kəsə bəllidir ki, kiminsə dostu, tanışı, qohumu olduğuna görə iş tapır və işləyir. Bu saxta diplomları qəbul edərək həmin şəxsləri işə götürənlər üzərində nəzarəti təmin edən yuxarı instansiyalar, dövlət orqanları əslində məsuliyyətə cəlb olunmalıdır. Bir çox sahələrdə yaranan boşluqlar da məhz bu cür saxtakarlıqların nəticəsidir”.
Bu sahə ilə bağlı nəzarət mexanizmlərinin olmadığını söyləyən S. Cəlaloğlunun sözlərinə görə həkimlər, o cümlədən bütün sahələrdə çalışan insanlar ancaq pul qazanmaqla məşğuldur:
"Onlar saxta diplomu olan şəxslərin işə qəbuluna da bu səbəbdən qol qoyur. Düşünürəm ki, həmin saxta diplomlu həkimlər məhkəməyə verilməlidir. Onların müalicə etdikləri insanlara kompensasiya ödənilməlidir. Tibbi ixtisası olmayan şəxslər onlara tibbi müdaxilə edibsə, xəstələrin mənafeyi qorunmalıdır”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb. 2016-cı il saxta diplom üzrə – 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Aysel Aslan