Sazın müşayiəti ilə dəfnə münasibət:"Quranın hökmü..."

Seyid Camal Əzimbəyli:"Kimsə sazın sədaları altında dəfn olunmaq istəyib, ailəsi onun bu vəsiyyətini yerinə yetiribsə, bunu topa, atəşə tutmaq da düzgün deyil"




"Xalqımız qədimdən bu günə qədər, hətta sovetlər dönəmində belə milli kimliyi ilə bərabər dini kimliyini də mühafizə etmək, qoruyub saxlamaq düşüncəsində olub”.

Bunu "Sherg.az”a ayrı-ayrı şəxslərin fərqli şəkildə dəfn olunmağı vəsiyyət etməsinin dini əsaslarını izah edərkən ilahiyyatçı Seyid Camal Əzimbəyli söyləyib. 

O diqqətə çatdırıb ki, dinin qaydalarına görə dəfn ədəbi adlı ənənə var:

"Ölən şəxsin dəfnində "Qurani-Kərim"in oxunması, ritualın lazımi qaydada həyata keçirilməsi İslamın bizə israrla buyurduğu hökmlərə aiddir. Bu baxımdan dəfn mərasimində musiqinin, çalğının olması, sazın müşayiəti ilə bu prosesin aparılması bəyənilən əməl deyil.

Kimsə çalğı, saz vasitəsilə dəfn olunmaq istəyib, ailəsi, yaxınları onun bu vəsiyyətini yerinə yetiribsə, bunu topa, atəşə tutmaq da düzgün deyil. İnsanları maarifləndirməliyik ki, yasın yas ədəbi var. Quranın hökmlərinə dayanaraq, yas ədəbinin mühafizə olunması bəyənilən əməl sayılır".

Qeyd edək ki, internetdə Qazaxda keçirilən bir dəfn mərasimindən görüntülər yayılıb. Ölən şəxs özünün vəsiyyəti üzrə son mənzilə sazla yola salınır. Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Belə ki, istifadəçilər bunu tənqidlə qarşılayıb və dinimizin qaydalarına uyğun olmadığını ifadə ediblər.

Aysel Aslan