Seçkidən sonra Ermənistanda qarşıdurma daha da güclənəcək

Paşinyan ən sərt üsullarla "Qarabağ klanı"nı siyasi səhnədən silməyə çalışır


Ermənistanda həm daxili qarşıdurma, həm də yeni və sabiq siyasi qruplaşmalar arasında mübarizə davam etməkdədir. Ötən gün Levon Ter-Petrosyanın hakimiyyəti dövründə Ermənistanın xüsusi xidmət orqanlarına rəhbərlik etmiş David Şahnazaryan milli təhlükəsizlik xidmətinə dindirilmək üçün çağırılıb. Ancaq hakimiyyəti Qarabağı təhvil verməyə hazırlaşmaqda günahlandıran Şahnazaryan dindirməyə getməkdən imtina edib. O, jurnalistlərə açıqlamasında "tezliklə Nikol Paşinyanın özü təqsirkar statusunda sorğu üçün gələcək, buna şübhə etməyin” deyib:

 "O zaman isə hüquq-mühafizə orqanları hüquqi qiymətləndirmələr verəcək”. Bu arada Ermənistan baş naziri Nikol Paşinyan "Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsində özü ilə Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan arasındakı telefon danışığının yayılması məsələsinə reaksiya verib. Paşinyan qeyri-qanuni dinləmənin hazırkı dövrdə yayılmasını keçmiş hakimiyyətin korrupsiyalaşmış sisteminin öz çarəsizliyini və ətrafındakı həlqənin daralmasını gördüyü üçün baş verdiyini bildirib. O, bəhs olunan dinləmə hadisəsini Ermənistan dövlətçiliyinə elan edilmiş müharibə adlandırıb: "Kim bu müharibəni başladıbsa, ağır məğlubiyyətə düçar olacaq”. 

Paşinyanın sözlərinə görə, bu il sentyabrın 12-də o, parlamentdəki çıxışı zamanı keçmiş prezident Robert Koçaryan və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov haqqında qaldırılmış cinayət işi ilə bağlı telefon danşıqlarının məzmununu açmışdı. Ermənistan baş naziri dinləmənin tam doğru olmadığını və montajlandığını iddia edib. O, keçmiş sistemin ermənilərdən oğurladığı bütün pulları geri qaytaracağına vəd edib.

Ermənistandakı daxili qarşıdurmanı "Şərq”ə dəyərləndirən "Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri politoloq Məhəmməd Əsədullazadə deyib ki, düşmən ölkədə seçki öncəsi siyasi rəqiblər arasında böhranın yaşanması seçkidən sonra da davam edəcək. Analitik bildirib ki, kəskinləşən siyasi münasibətlər əsasən Nikol Paşinyanla "Qarabağ klanı” arasında yaşanır: 

"Respublikaçılar partiyası keçmiş Milli Təhlükəsizlik katibi David Şahnazaryanı qabağa verməklə, Paşinyanı Qarabağı satmaqda ittiham etməsi, baş nazirin seçki öncəsi daxili auditoriyada imicinin aşağı salınmasına hesablanıb. Ona görə Respublikaçılar Partiyası Şahnazaryanı qabağa verir ki, əldə inandırıcı faktor olsun. Seçkidən sonra iki qruplaşma arasında münasibətlərin daha da kəskinləşəcəyini görəcəyik. Yerli ermənilərlə Qarabağda məskunlaşan ermənilər arasında ciddi siyasi qarşıdurma gözlənilir. 

Bu qarşıdurma ümumən Ermənistanda siyasi böhranı dərinləşdirəcək. "Qarabağ klanı” çalışacaq ki, Paşinyanın həyata keçirmək istədiyi islahatların müxtəlif sabotajlarla qarşısı alınsın, həmçinin, inamsızlıq sindromu cəmiyyətə aşılansın. Bundan ciddi narahat olan Paşinyan seçkidən sonra həmin siyasi qüvvə ilə kəskin haqq-hesaba başlayacaq. Ən sərt üsullarla "Qarabağ klanı”nı siyasi səhnədən silməyə çalışacaq. Daha sonra isə özünə mülayim və idarəolunan "müxalifət” formalaşdıracaq”.

İsmayıl